“Aqroparklarda xarici mütəxəssislərə güzəşt tətbiq olunacaq” Cəmiyyət

“Aqroparklarda xarici mütəxəssislərə güzəşt tətbiq olunacaq”

“Aqroparklar üçün xarici mütəxəssislərin iş icazəsi tələbi aradan qaldırılır”

Xalqcəbhəsi xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Miqrasiya Məcəlləsinə dəyişiklik etməklə aqroparkların fəaliyyəti üçün daha əlverişli şərait yaradılmasını nəzərdə tutur: “Kənd təsərrüfatının şaxələndirilməsi və ixracyönümlü məhsul istehsalı ölkənin iqtisadi gündəliyində əsas istiqamətlərdəndir. Aqroparklar isə bu prosesdə mühüm rol oynayır. Lakin müasir aqrar texnologiyaların tətbiqi dərin bilik və təcrübə tələb etdiyindən bəzi sahələrdə ixtisaslı kadr çatışmazlığı mövcuddur.
Naqif Həmzəyev qeyd edib ki, layihənin qəbulu ilə aqropark rezidentinə, onun rəhbər və müavinlərinə, eləcə də cəlb etdiyi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə münasibətdə iş icazəsi tələbi aradan qaldırılacaq. Həmin şəxslərin müvəqqəti yaşamaq icazəsi alması mümkün olacaq. Xarici mütəxəssislərin cəlb olunması məqsəd deyil, bilik və texnologiyaların ölkəyə gətirilməsi, yerli kadrların hazırlanması üçün vasitədir. Xarici mütəxəssislər yerli aqronomların, baytarların və fermerlərin yetişməsinə töhfə verdikdə bu mexanizm real nəticə verəcək”.

Naqif Həmzəyev layihənin 2027–2032-ci illəri əhatə edən müvəqqəti xarakterinin əldə olunan nəticələri qiymətləndirməyə imkan yaradacağını da diqqətə çatdırıb.

Deputat əlavə edib ki, növbəti illərdə bu dəyişikliklərin daha beş il uzadılmasına ehtiyac qalmaması üçün yerli gənc mütəxəssislərin xarici mütəxəssislərlə birgə fəaliyyətini təmin və təşviq edəcək mexanizmlər hazırlanmalıdır.

O, qanun layihəsini birinci oxunuşda dəstəklədiyini və qəbul edilməsini təklif etdiyini bildirib.

Günel Elxan