“Aqroparklarda yerli kadrların hazırlanması vacibdir” Siyasət

“Aqroparklarda yerli kadrların hazırlanması vacibdir”

“Aqroparklara cəlb olunan əcnəbi mütəxəssislər yerli kadrların hazırlanmasına töhfə verməlidir”

Xalq Cəbhəsi xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Azər Allahverənov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsi əmək miqrasiyası sahəsində idarəçiliyin çevikliyinin və effektivliyinin artırılmasına xidmət edir.

Onun sözlərinə görə, aqroparklarda qabaqcıl xarici texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və yeni biliklərin əldə olunması üçün xarici mütəxəssislərin cəlb edilməsi mühüm əhəmiyyət daşıyır: Bu baxımdan aqronom, baytar və digər ixtisaslı mütəxəssislərin işə cəlb olunması üçün daha əlverişli şəraitin yaradılması müsbət addımdır.
Əcnəbi mütəxəssislərin cəlb olunması ilə yanaşı, yerli kadrların hazırlanması və onların bilik və bacarıqlarının artırılması da diqqətdə saxlanılmalıdır”.

Deputat bu məsələdə BP və digər neft şirkətlərinin təcrübəsini nümunə göstərib: “1990-cı illərdə BP-də çalışan mütəxəssislərin 95 faizi əcnəbilər, 5 faizi isə yerli kadrlar olub. Sonrakı mərhələdə şirkətlərin üzərinə yerli mütəxəssislərin hazırlanması ilə bağlı öhdəliklər qoyulması nəticəsində vəziyyət dəyişib və hazırda əməkdaşların təxminən 95 faizini yerli kadrlar təşkil edir. Aqroparklara əcnəbi mütəxəssislər cəlb edən şirkətlərin rəhbərləri qarşısında da yerli kadrların hazırlanması və biliklərin ötürülməsi ilə bağlı öhdəliklər müəyyənləşdirilməlidir. Bu, gələcəkdə texnologiyaların inkişafına, məhsuldarlığın yüksəlməsinə və yerli mütəxəssislərin peşəkarlığının artmasına xidmət edəcək”.

Azər Allahverənov çıxışında xaricdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunub: “2006-2007-ci illərdə Rusiyada, eləcə də 2024-2025-ci illərdə Türkiyədə çalışan Azərbaycan vətəndaşlarına səyyar qaydada hüquqi yardımlar göstərilməsi təcrübəsi olub. Həmin mexanizmlər miqrasiya qanunvericiliyindəki dəyişikliklər səbəbindən çətinliklərlə üzləşən vətəndaşların əmək hüquqlarının müdafiəsinə kömək edib”.

Deputat miqrasiya qanunvericiliyinin bir sıra ölkələrdə sərtləşdirilməsini nəzərə alaraq, xaricdə çalışan Azərbaycan vətəndaşlarına hüquqi dəstəyin gücləndirilməsini təklif edib.

Onun fikrincə, diplomatik nümayəndəliklər, diaspor təşkilatları və insan hüquqları sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlar birgə mexanizm hazırlaya, ilkin mərhələdə bunu pilot layihə kimi həyata keçirə bilərlər. Gələcəkdə isə həmin mexanizmin davamlı tətbiqi təmin oluna bilər.

Günel Elxan