Putin Obama ilə görüşü mümkün sayır Dünya

Putin Obama ilə görüşü mümkün sayır

"Ukrayna böhranı "soyuq müharibə" üçün bəhanə olmamalıdır"

Fransanın TF1 kanalına verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub-şərqində ölkəsinin heç bir hərbi mütəxəssisi və birləşməsinin olmadığını bəyan edib.
Putin eyni zamanda Rusiyanın Ukraynanın cənub-şərqini işğal etmək planlarının olması ilə bağlı yayılan məlumatları da təkzib edib: "Yox, biz heç vaxt bununla məşğul olmamışıq, olmayacağıq da. Ukrayna hakimiyyəti bu gün öz əhalisilə silahın, tankın, təyyarənin dili ilə deyil, danışıqlar prosesi ilə dialoqa başlamalıdır".
Onun sözlərinə görə, Ukrayna böhranı "soyuq müharibə" üçün bəhanə olmamalıdır və onun nizamlanması danışıqlardan keçir.
Rusiya prezidenti amerikalı həmkarı Barak Obama ilə dialoq aparmağa hazır olduğunu da bəyan edib.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bu günlərdə Obamanın İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşənlərin Normandiya bölgəsinə çıxmasının 70 illiyinə həsr olunmuş tədbirlərdə Putinlə söhbətləşəcəyini istisna etməyib: "Amma formal görüş planlaşdırılmayıb. Obama da dünən görüşün mümkünlüyünü bildirmişdi".
Obama isə srağagün Putini Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşməyə çağırmışdı. O bildirmişdi ki, Putin Ukraynada münaqişə tərəfləri arasında dialoqun təşkil olunmasına təşəbbüs göstərməlidir.
Putin isə Fransa telekanalına müsahibəsində deyib ki, Obamanın onunla görüşmək istəməməsini ehtimal etməyə əsası yoxdur: "Bir də ki, bu onun öz seçimidir. Mən dialoqa həmişə hazıram".
Putinin fikrincə, bütün digər dünya nəhəngləri arasında ABŞ ən aqressiv və qəddar siyasət aparan dövlətdir: "Özü də ildən-ilə. Bizim xaricdə demək olar ki, hərbi gücümüz yoxdur. Baxın, Amerika bazaları bütün dünyada var. Amerikanın öz sərhədindən min kilometr kənarda da qüvvəsi var".