Kats: Livanda atəşkəs yoxdur, əməliyyat davam edir Dünya

Kats: Livanda atəşkəs yoxdur, əməliyyat davam edir

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, Beyrutun Dahiya rayonuna zərbələrin dayandırılması barədə əvvəllər əldə olunmuş razılığa baxmayaraq, İsrail ordusu Livan ərazisində fəaliyyətini davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Kats xəbərdarlıq edib ki, İsrailin yaşayış məntəqələrinin atəşə tutulması davam edəcəyi təqdirdə, Beyrutun şəhərətrafı qəsəbəsi təxliyə edilə və güclü zərbələrə məruz qala bilər. Bununla yanaşı, o vurğulayıb ki, Livan ərazisində heç bir atəşkəs yoxdur.

«SAXAL-ın (İsrail Müdafiə Ordusu) Livan daxilindəki fəaliyyəti hər bir halda davam edəcək», — deyə Kats bildirib.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusu Litani çayından cənubdakı ərazilərin "Hizbullah"ın infrastrukturundan və döyüşçülərindən "təmizlənməsinə" yönəlmiş əməliyyatları davam etdirir. Kats həmçinin qeyd edib ki, Livanın cənubunda İsrailin nəzarəti altında olan zona təxminən 600 kvadratkilometr təşkil edir.

Məryəm Quliyeva