11:39
693
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə günü Amerika qüvvələrinin Hörmüz boğazı və Fars körfəzinin qonşu ölkələri istiqamətində buraxılan bir neçə İran ballistik raketini və pilotsuz uçuş aparatını vurduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, Amerika qoşunlarının Hörmüz boğazına tərəf hərəkət edən dörd İran kamikadze dronunu (birtərəfli zərbə PUA-sı) vurmasından bir neçə saat sonra İran Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket atıb. Amerika hərbçiləri qeyd ediblər ki, dronlar dəniz gəmiçiliyi üçün birbaşa təhlükə yaradıb.
CENTCOM növbəti hücumların qarşısını almaq məqsədilə Amerika qüvvələrinin daha sonra İranın Qoruk və Qeşm adasındakı sahilyanı müşahidə radiolokasiya stansiyalarına zərbələr endirdiyini bildirib.
"İlkin qiymətləndirmələrə görə, İranın atdığı raketlərdən altısı vurulub, yeddincisi isə nəzərdə tutulan hədəfə çatmayıb. Hazırda Amerika hərbi qulluqçuları arasında xəsarət alanlar barədə məlumat yoxdur, İranın ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasının qərargahına ziyan vurulması ilə bağlı bəyanatları isə yalandır. CENTCOM qüvvələri ayıq-sayıqlığını qoruyur və özünümüdafiə qaydasında İranın əsassız təcavüzünə cavab verməyə davam etməyə hazırdır", — deyə CENTCOM-un bəyanatında qeyd olunub.
Məryəm Quliyeva