10 İyun 11:24
4 557
ABŞ və İran arasında mümkün sazişin razılaşdırılması aylarla çəkə bilər, lakin tərəflərin bir həftə ərzində razılığa gəlməsi də istisna deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu qiymətləndirmə ilə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "CBS News" telekanalına müsahibəsində çıxış edib.
"Düşünürəm ki, saziş bir həftə ərzində bağlana bilər, lakin bu, bir neçə aydan sonra da baş tuta bilər", — deyə o, tərəflərin noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər razılıq əldə edə bilib-bilməyəcəyi barədə suala cavab verərkən bildirib.
"Düşünürəm ki, biz Vaşinqton üçün iqtisadi cəhətdən sərfəli olacaq və İranın nüvə proqramı məsələsinə həqiqətən toxunacaq bir saziş bağlaya biləcəyimiz bir mövqedəyik", — deyə o qeyd edib və əlavə edib ki, Vaşinqton Tehranla uzunmüddətli razılaşmaların əldə olunacağına ümid edir. "Düşünürəm ki, biz bu məqsədə nail olmağa yaxınıq, lakin hələ görüləsi işlərimiz var və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik", — deyə vitse-prezident əlavə edib.
Məryəm Quliyeva