
Baruh Leviev: “İsrail artıq hərbi mərhələ üzrə əsas məqsədinə nail olub”
Əfşar Süleymani: “İsrailin indiki vəziyyətdə müharibəyə qoşulması ona ağır təsirlər göstərə bilər”
Məhəmməd Əsədullazadə: “ABŞ bu mərhələdə Təl-Əvivin hərbi əməliyyatlara birbaşa qoşulmasında maraqlı deyil”
Fevralın 27-də ABŞ-İsrail cütlüyünün İrana hücumu istənilən nəticəni vermədiyindən ABŞ İranla danışıqlar aparmağa məcbur oldu. İsrail prosesdən bir qədər kənarlaşdırıldı. Danışıqlar baş tutmadıqdan sonra tərəflər yenidən bir-birinə hücum etdi. İsrail ABŞ-nin İranla müharibəsini kənardan izləsə də, Livan və Qəzzaya hücumlarını davam etdirdi. Lakin İrana hədələri də səngimədi, lazım gələrsə, müharibəyə qoşula biləcəyini deyib. Bu günlərdə İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Şurasının iclasını keçirib və orada İranın ölkəyə mümkün hücumu zamanı cavab tədbirləri müzakirə olunub.
Bildirilir ki, münaqişənin mümkün eskalasiyası halında İsrail öz hərəkətlərini ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə sıx əlaqələndirir. Öz növbəsində, İsrail Müdafiə Qüvvələri hücum edəcəyi təqdirdə İrana bir sıra cavab tədbirləri hazırlayıb.
İranın xarici işlər naziri Abbas Arakçı deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranı məhv etmək istəyir.
"Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir", - Arakçı qeyd edib.
Bu arada ABŞ-ın hərbi naziri Pit Heqset İsrailin müdafiə naziri İsrail Katz ilə telefon danışığı aparıb. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Heqset amerikalı hərbçilərin İrandakı fəaliyyəti barədə Katzı məlumatlandırıb. Tərəflər həmçinin mümkün inkişaflar fonunda iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
İsrailin müdafiə naziri də öz növbəsində Suriya, Qəzza və Livandakı silahlı qruplara qarşı həyata keçirilən əməliyyatlar barədə amerikalı həmkarına məlumat verib.
İsrailli ekspert Baruh Leviev deyib ki, ABŞ-İran müharibəsində İsrailin "kənarda qaldığını" söyləmək tamamilə düzgün deyil. İsrail artıq hərbi mərhələ üzrə əsas məqsədinə nail olub: İranın hərbi infrastrukturuna və öz təhlükəsizliyi üçün birbaşa təhdid hesab etdiyi imkanlarına ciddi ziyan vurmaq: “İsrail və ABŞ müttəfiqdirlər, lakin bu, onların hər mərhələdə tamamilə eyni şəkildə hərəkət etməyə borclu olduqları anlamına gəlmir. Həmçinin hesab edirəm ki, əməliyyat başlamazdan xeyli əvvəl Vaşinqton və Qüds arasında ümumi strategiya və rolların bölgüsü ilə bağlı razılıq əldə olunub. Təbii ki, əgər belə razılaşmalar mövcuddursa, onlar ictimai müzakirə üçün nəzərdə tutulmayıb. İttifaq təkcə birgə hərbi fəaliyyəti deyil, həm də məsuliyyətin bölüşdürülməsini nəzərdə tutur. Buna görə də, İsrailin hazırkı mövqeyi ABŞ-dan uzaqlaşmaq kimi deyil, daha çox praqmatik bir yanaşma kimi görünür: Vaşinqtona qarşıdurmanın diplomatik və siyasi aspektləri ilə məşğul olmaq imkanı verməklə yanaşı, hərbi əməliyyatlara hazırlıq vəziyyətini qoruyub saxlamaq.
Bundan əlavə, İsrailin fəaliyyətsiz qaldığını söyləmək olmaz. İsrail Müdafiə Qüvvələri (İMQ) hazırda Livanda “Hizbullah”a qarşı əməliyyatını davam etdirir; “Hizbullah” İsrail, ABŞ və bir sıra digər ölkələr tərəfindən İranın əsas silahlı proksi qüvvəsi kimi qiymətləndirilən bir təşkilatdır. Beləliklə, İsrail İranın təsirinə qarşı mübarizəni davam etdirir, lakin bunu öz təhlükəsizlik prioritetlərinə əsaslanaraq eyni vaxtda bir neçə cəbhədə həyata keçirir”.
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani isə deyib ki, İsrail hələlik kənarda qalıb: “Xarici mətbuatdan belə bir xəbər oxudum ki, İsrailin nazirlərindən biri deyib ki, o bizim müharibə deyil. Hər halda İsraildəki bəzi qüvvələr istəyir ki, müharibəyə qoşilsunlar. Tramp deyib ki, İsrail bu məsələyə qarışmasın, ancaq bu gün Netanyahunun başı seçkilərə qarışıb, bilmir nə etsin. Qəzza, Livan məsələsi həll olunmayıb, Suriya da bu tərəfdən, digər tərəfdən husilərlə problemi var. İsrailin indiki vəziyyətdə müharibəyə baş vurması ona ağır təsirlər göstərə bilər bəlkə də hələ kənarda saxlanılıb”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, fevralın 27-də ABŞ, İsrail və İran arasında baş vermiş hərbi qarşıdurmadan sonra Vaşinqton və Tehran arasında memorandum imzalanaraq döyüş əməliyyatlarının dayandırılmasına cəhd edildi. Lakin İsrail bu memorandumun tərəfi olmadı və sənəddən narazı qaldı. Çünki memorandum daha çox İranın müəyyən maraqlarını nəzərə alan və münaqişəni idarə olunan çərçivədə saxlamağa yönəlmiş razılaşma kimi qiymətləndirilirdi.
Lakin sonrakı mərhələdə İran daxilində sərt xətt tərəfdarlarının və mühafizəkar dairələrin mövqelərinin güclənməsi, həmçinin qarşılıqlı etimadın zəifləməsi nəticəsində atəşkəs pozuldu və memorandum faktiki olaraq qüvvəsini itirdi. Bundan sonra ABŞ və İran arasında müharibənin ikinci mərhələsi başladı. Hazırkı mərhələdə Vaşinqton Tehrana əvvəlki kimi etibar etmir və hərbi təzyiq siyasətini davam etdirməkdə israrlı görünür: “Bununla yanaşı, Pakistan, Qətər və Misir yeni atəşkəs təşəbbüsləri ilə çıxış edərək tərəflər arasında vasitəçilik etməyə çalışırlar. Bu diplomatik səylər müəyyən nəticə verə və məhdud atəşkəs razılaşmasının əldə olunmasına şərait yarada bilər.
İsrail məsələsinə gəldikdə isə, görünür ABŞ bu mərhələdə Təl-Əvivin hərbi əməliyyatlara birbaşa qoşulmasında maraqlı deyil. Çünki İsrail İranın nüvə infrastrukturunun tamamilə məhv edilməsini və Tehrana qarşı daha sərt hərbi strategiyanın həyata keçirilməsini dəstəkləyir. Vaşinqton isə münaqişəni nəzarət altında saxlamağa və İranla ikitərəfli kanallar vasitəsilə idarə olunan qarşıdurma modelini davam etdirməyə üstünlük verir.
Bundan əlavə, ABŞ daxilində də Donald Tramp administrasiyasının İsrail siyasəti ilə bağlı müxtəlif müzakirələr aparılır və bəzi dairələr hesab edirlər ki, İsrailin müharibəyə daha geniş şəkildə cəlb olunması həm ABŞ-ın Yaxın Şərq siyasətini çətinləşdirə, həm də Trampın siyasi reytinqinə mənfi təsir göstərə bilər. Buna görə də Vaşinqton münaqişənin regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışır.
Bununla belə, risklər hələ də yüksək olaraq qalır. Husilərlə bağlı hərbi əməliyyatlar, Qırmızı dəniz və Hörmüz boğazı ətrafında gərginlik, həmçinin Səudiyyə Ərəbistanı istiqamətində mümkün eskalasiya istənilən vaxt münaqişənin miqyasını genişləndirə bilər.
Hazırkı vəziyyətdə ABŞ və İran arasında daha çox idarə olunan hərbi qarşıdurma müşahidə olunur. Eyni zamanda, Qətərin vasitəçilik təşəbbüsləri və Pakistanın diplomatik təmasları yeni atəşkəs razılaşmasının əldə olunması üçün müəyyən imkanlar yarada bilər”.
Yeri gəlmişkən, “Voll Strit Jurnal” məlumat yayıb ki, İsrail ölkənin imicini yaxşılaşdırmaq məqsədilə ABŞ-da təxminən 50 milyon dollarlıq təsir kampaniyası həyata keçirir.
“Qəzza və İranla müharibələr fonunda ictimaiyyətin İsrailə dəstəyi ciddi şəkildə azalıb. Bu səbəbdən keçirilən kampaniyaya ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Bred Parskeyl rəhbərlik edir. Kampaniya çərçivəsində süni intellekt tərəfindən yaradılan mətn mesajlarından, mühafizəkar media reklamlarından, influenserlərlə əməkdaşlıqdan və süni intellekt çatbotlarının İsrail haqqında təqdim etdiyi məlumatlara təsir göstərmək üçün hazırlanmış internet saytlarından istifadə olunur.
Bu təşəbbüs İsrailin beynəlxalq imicini gücləndirməyə yönəlmiş ümumilikdə 700 milyon dollarlıq daha geniş proqramın tərkib hissəsidir”, - məlumatda qeyd olunub.
Cavid