13:14
469
Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin bərpa edilməsinə dair sazişin əsas parametrləri üzrə qarşılıqlı anlaşma əldə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yüksəksəviyyəli mənbəyə istinadən Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, saziş barədə yaxın günlərdə elan oluna bilər, lakin o, hələ İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Təklif olunan razılaşmanın 60 gün davam etməsi gözlənilir və məsələnin həllini tapmağa və texniki danışıqlara başlamağa yönəlib.
Telekanalın mənbəsi qeyd edib ki, təşəbbüs gəmilərdən tranzit rüsumlarının tutulmasını nəzərdə tutmur. Plana əsasən, boğaza daxil olan gəmilər İrana daha yaxın olan dəhlizdən, çıxan gəmilər isə Oman tərəfdəki marşrutdan istifadə edəcəklər. Minalardan təmizləmə və lazımi texniki prosedurlara region dövlətlərinin cəlb oluna biləcəyi gözlənilir. Saziş təsdiqləndikdən sonra tərəflər qarşılıqlı anlaşma meyorandumuna qayıdacaq və onun beşinci maddəsini işə salacaqlar.
Telekanalın məlumatına görə, böhranın tənzimlənməsi üzrə İran və ABŞ arasında gedən dolayısı məsləhətləşmələr yekun mərhələyə daxil olub.
Məryəm Quliyeva