11:12
329
“Canlı Nostradamus” kimi tanınan braziliyalı mistik Atos Salome Arktikada buzlaqların əriməsinin yeni dəniz marşrutları və təbii ehtiyatlar uğrunda rəqabəti gücləndirə biləcəyi və bununla Rusiya ilə NATO ölkələri arasında gərginliyin artacağı proqnozunu verib.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, bu cür proqnozlar daha çox mistik və spekulyativ xarakter daşıyır, ona görə də onları geosiyasi təhlil kimi qəbul etmək düzgün olmaz: “Bununla belə, Arktika son illərdə həqiqətən də böyük dövlətlərin strateji maraqlarının toqquşduğu regionlardan birinə çevrilib. Buzlaqların əriməsi Şimal Dəniz Marşrutunun əhəmiyyətini artırır, eyni zamanda, enerji resursları və faydalı qazıntılar uğrunda rəqabəti gücləndirir. Bu baxımdan Rusiya, ABŞ, Kanada, Norveç və digər NATO üzvlərinin bölgədə hərbi və iqtisadi fəallığını artırması gələcəkdə gərginlik riskini yüksəldə bilər”.
Z.Qarayevanın sözlərinə görə, bununla yanaşı, yaxın perspektivdə Arktikada genişmiqyaslı müharibənin qaçılmaz olduğunu söyləmək üçün əsaslı faktlar yoxdur: “Böyük güclər arasında rəqabət əsasən hərbi çəkindirmə, diplomatik mübarizə və iqtisadi təsir vasitələri ilə davam edir. Lakin Ukrayna müharibəsi fonunda Rusiya ilə NATO arasında etimadın minimum səviyyəyə enməsi Arktikada baş verə biləcək hər hansı insidentin daha ciddi böhrana çevrilməsi ehtimalını artırır. Buna görə də biz - ekspertlər mistik proqnozlardan daha çox bölgədəki real hərbi, iqtisadi və diplomatik prosesləri izləməyi vacib hesab etməliyik”.
Röya İsrafilova