10:57
322
“Ermənistanın KTMT-də səsvermə hüququnun dondurulması hüquqi baxımdan çətin məsələdir”.
Bunu “Xalq Cəbhəsi”nə millət vəkili Elşad Musayev deyib.
Deputat bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində səsvermə hüququnun dondurulması hüquqi və siyasi baxımdan mürəkkəb məsələdir: “Nəzəri baxımdan bu mümkündür, lakin təşkilatda qərarlar konsensus, yəni bütün üzv dövlətlərin ümumi razılığı prinsipi ilə qəbul edilir. KTMT-nin mövcud normativ bazasında üzv dövlətin yalnız səsvermə hüququnun ayrıca dondurulmasını nəzərdə tutan konkret mexanizm yoxdur. Təşkilatdan könüllü çıxmaq və ya üzvlüklə bağlı müəyyən prosedurlar mövcuddur. Lakin bunun üçün həmin dövlətin öz siyasi qərarı olmalıdır.Ermənistanın səsvermə hüququnun dondurulması yalnız təşkilatın normativ bazasına dəyişiklik edildikdən və ya bütün üzv dövlətlərin razılığı ilə xüsusi siyasi qərar qəbul olunduqdan sonra mümkün ola bilər. Yəni hazırkı hüquqi çərçivədə bununla bağlı konkret norma yoxdur. Ya normativ bazada dəyişiklik edilməlidir, ya da bütün üzv dövlətlərin razılığı əsasında ayrıca siyasi qərar qəbul olunmalıdır”.
Deputat bildirib ki, hazırda Ermənistan faktiki olaraq KTMT-də fəaliyyətini minimuma endirib və təşkilatın tədbirlərinin böyük əksəriyyətində iştirak etmir. Buna baxmayaraq, hüquqi baxımdan hələ də KTMT-nin tamhüquqlu üzvü olaraq qalır: “İndiki mərhələdə Ermənistanın səsvermə hüququnun dondurulması və ya ölkənin təşkilatdan çıxarılması real görünmür. KTMT-də həlledici rola malik ölkə Rusiyadır. Moskva hazırda Ermənistana daha çox siyasi və iqtisadi təsir mexanizmlərindən istifadə edir. Hesab edirəm ki, bu məsələ hazırda Rusiyanın əsas gündəmində deyil. Daha çox təzyiq vasitəsi kimi gündəmə gətirilir. Ona görə də mövcud qeyri-müəyyənliyin hələ bir müddət davam edəcəyini gözləmək olar”.
Günel Elxan