11:00
497
“"Yeni Səngəçal" yarımstansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sisteminin etibarlılığının və dayanıqlığının artırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu obyekt paytaxt Bakı, Abşeron yarımadası və xüsusilə Səngəçal sənaye zonasında elektrik enerjisi təchizatının daha sabit və fasiləsiz həyata keçirilməsinə imkan yaradacaq. Eyni zamanda, yarımstansiya enerji ötürülməsi zamanı texniki itkilərin azaldılmasına, şəbəkənin idarə edilməsinin optimallaşdırılmasına və artan enerji tələbatının qarşılanmasına xidmət edəcək”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib.
A.Nəsirlinin sözlərinə görə, bu layihə Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsi siyasətinin tərkib hissəsidir: “Ölkədə yeni elektrik stansiyalarının, bərpa olunan enerji layihələrinin və sənaye müəssisələrinin istismara verilməsi fonunda güclü ötürücü şəbəkənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. "Yeni Səngəçal" yarımstansiyası həm mövcud enerji güclərinin daha səmərəli paylanmasına, həm də gələcəkdə istifadəyə veriləcək yeni istehsal mənbələrinin ümumi enerji sisteminə inteqrasiyasını asanlaşdıracaq”.
O əlavə edib ki, digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan son illərdə regional enerji mərkəzi kimi mövqeyini gücləndirməyə çalışır: “Daxili enerji infrastrukturunun gücləndirilməsi təkcə ölkənin enerji təhlükəsizliyini artırmır, həm də elektrik enerjisinin ixrac imkanlarını genişləndirən layihələr üçün etibarlı texniki baza formalaşdırır. Bu baxımdan "Yeni Səngəçal" yarımstansiyası həm milli enerji təhlükəsizliyinə, həm də Azərbaycanın regional enerji strategiyasının həyata keçirilməsinə töhfə verən mühüm infrastruktur layihələrindən biri hesab oluna bilər”.
Röya İsrafilova