“Azərbaycanlıların yurdunda dövlət qurmaq istəyirlər” Dünya

“Azərbaycanlıların yurdunda dövlət qurmaq istəyirlər”

Türkmanlara olan hücumların əsas səbəbi sünni ərəblərlə kürdlərin arasında çox önəmli bir coğrafiyada olmalarıdır.
Bu sözləri Milliyyətçi Türkman Hərəkatı, Türkmaneli, Türkman Qərar, İslami Türkman Vəfa Hərəkatı və İraq Türkman İslami partiyalarını özündə birləşdirəcək İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi Kərkük türkmanlarının ofisinə hücumlarla bağlı danışarkən deyib.
"Buna həm də iqtisadi səbəblər təsir göstərir. Neft məmləkətində olduğumuz üçün hər kəsin gözü bu bölgədədir. Həm Səddam Hüseyn, həm də ondan sonrakı dövrdə sünni ərəblər və kürdlər Kərkük türkmanlarına qarşı xüsusi qərəzli siyasət həyata keçirir. Səbəb isə strateji bölgədə olmağımızdır. Kərkük bir türk varlığının da mərkəzidir", - o bildirib.
Türkman lideri Türkiyə dövlətinin İraq türklərinə yardıma gəlməsi ehtimalından da danışıb:
"Türkiyənin türkmanlar üçün İraqa gəlib-gəlməməsi çox önəmli bir məsələdir. İraq daxilində problemlərimiz olmasa, biz Türkiyədən, Azərbaycandan və türk dünyasından dəstək istəmərik. Amma bu gün necə Qarabağ mənim bir yaramdırsa, Kərkük də Azərbaycanın bir yarasıdır. Burda başımıza bir iş gəlirsə, qardaşlarımız Türkiyə, Azərbaycan və türk dünyasından ürək rahatlığı ilə yardım istəyə bilirik.
Türkmanların sıxışdırılma siyasəti milli kimliyimizi silmək məqsədi daşıyır. Bizim milli kimliyimizin silinməsi Azərbaycandakı, Türkiyədəki və bütün dünyadakı türk qardaşlarımızın ziyanına olar. Biz indi bu bölgədə türk insanının, türk varlığının qarantıyıq. Biz kürd və sünni ərəblərin sahiblənmək istədikləri torpaqlarımıza sahib çıxmadığımız təqdirdə kəsinliklə başqaları bu coğrafiyada öz dövlətini qurar".