ABŞ-ın Ər-Riyada gözlənilməz tələbinin səbəbi Dünya

ABŞ-ın Ər-Riyada gözlənilməz tələbinin səbəbi

Vaşinqton Yəməni husilərə və bu qüvvələrin arxasında dayanan İrana təslim etmək istəmir. Bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mettisin Yəmənlə bağlı gözlənilməz açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı apardığı müharibəni dəstəkləyən Vaşinqtonun bu siyasətini dəyişməsinin bir neçə səbəbi var: "Birincisi, Səudiyyə vətəndaşı Camal Qaşıqçının İstanbulda qətli hamı kimi ABŞ cəmiyyətini də şoka saldı. Bundan sonra Vaşinqtonun Səudiyyəni dəstəkləməsi çətinləşdi.
İkincisi, Səudiyyənin hərbi təyyarələrinin Yəmən ərazisini bombalaması zamanı mülki insanlar da həyatını itirir. Bombardmanlardan birində 50 məktəbli həlak olmuşdu. Bu da beynəlxalq aləmdə, o cümlədən ABŞ cəmiyyətində etiraz doğurdu.
Üçüncüsü, ABŞ Konqresinə seçkilər yaxınlaşmaqdadır. Ağ Ev sahibi xarici siyasətdəki yükdən mümkün qədər qurtulmalıdır. Səudiyyəyə dəstək Ağ Ev sahibinin və onun tərəfdarlarının reytinqə mənfi təsir edə bilər. Ona görə də Vaşinqton Səudiyyə ilə münasibətlərdə bir az məsafə saxlamağa qərar verib. Buna baxmayaraq, Vaşinqton Yəməni husilərə və bu qüvvələrin arxasında dayanan İrana təslim etmək istəmir. ABŞ tərəflərin 30 gün ərzində danışıqlar masası ətrafında oturmasını tələb edir. Yalnız bombardmanlarla Yəməndə husiləri məğlub etmək mümkün olmayacaq. Yəməndə atəşkəs və sülh danışıqlarının başlaması Səudiyyənin də xeyrinədir".
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettis Səudiyyə Ərəbistanını Yəməndə hərbi əməliyyatları və bombardmanları dayandırmağa çağırıb.