“Vaşinqton Post“dan Qaşıqçı cinayəti ilə bağlı şok iddia Dünya

“Vaşinqton Post“dan Qaşıqçı cinayəti ilə bağlı şok iddia

"İstintaq yoxdur və Tramp..."

Amerikanın "Vaşinqton Post" qəzeti ərəbistanlı həmkarı Camal Qaşıqçının müəmmalı qətli ilə bağlı Konqresə çağırış göndərib. Qəzet cinayətlə bağlı "Bu ana qədər Donald Tramp hökuməti Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətini ört-basdır etməsinə dəstək verdi. Konqres də bu prosesə daxil olacaqmı?" başlıqlı məqalə dərc edib.
Məqalədə ABŞ prezidenti Donald Trampın cinayətlə bağlı "bu mövzuda güclü bir mövqe yaradıram" sözləri xatırlanıb. Qəzet bildirib ki, Trampın bu sözlərinə ümid etmək istəyirlər. Çünki hökumətin bu ana qədər hadisəyə reaksiyası cinayətin ehtimal edilən səbəbkarı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın adına ləkə gətirilməməsi cəhdi olub.
"ABŞ özünü Səudiyyə Ərəbistanının apardığı istintaqın nəticələrini gözləyirmiş kimi aparır. Bu mövqedəki əsas problem belədir: Tramp hökuməti Qaşıqçı cinayətinin Məhəmməd ibn Salmanın başının altından çıxmadığını ehtimal edir. Ancaq ortada vəliəhd şahzadəni işarə verən bir çox dəlil var. Əslində hökumətin də çox yaxşı bildiyi kimi, ortada istintaq filan yoxdur. Sadəcə özünü uğursuz şəkildə istintaq obrazına bükən bir ört-basdır əməliyyatı var".
"Vaşinqton Post" Trampın bu həftə hərəkətə keçəcəyi təqdirində, Konqresdən mövzunu müzakirəyə çıxarmasını tələb edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Gina Haspel kəşfiyyat təşkilatlarının cinayət haqqında nələr bildiyinə dair ifadə verməsi üçün Konqresə çağırılması tələbi də məqalədə yer alıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğunda müəmmalı şəkildə qətlə yetirilib. "Haber7"xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Yasin Aktay deyib ki, 15 nəfərin özbaşına Camal Qaşıqçını qətlə yetirdiyinə heç kəs bizi inandıra bilməz. Konsulluğa daxil olan və çıxan şəxslərin pasportları yoxlanılır. Bu şəxslərə yüksək vəzifə verilmədən içəri girə bilməz. Şahzadəyə aid özəl təyyarəyə minib, özbaşına Türkiyədə cinayət işləyəcəklər, gedib yanlışlıq oldu deyəcəklər. Onun fikrincə, bu, müxalif ərəb jurnalisti öldürən komandanın ilk işi deyil: "Güman edirəm ki, onlar indiyə qədər tutulmayıblar. 18 nəfərin həbsdə olmadığı barədə ciddi məlumatlar var. Hətta həbsdə olsalar belə fərqli şərtlər daxilində saxlanılırlar. Bu vaxtadək itkin düşən bir çox səudiyyəli müxalif var. Onların aqibəti barədə heç kəsin məlumatı yoxdur".
Yasin Aktay qeyd edib ki, cinayət üçün mükəmməl plan hazırlanıb: "Kameraların qarşısında bu hadisəni törədiblər, onlara axmaq deyirik, amma axmaq deyillər. Konsulluğun toxunulmazlıq hüququ var deyə bu imkandan istifadə ediblər. Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz onun konsulluqdan çıxmadığını xəbər verdiyinə görə dəlillər itmədi. Cəsəd tapıla biləcək vəziyyətdə olsaydı, çoxdan tapılardı. Böyük vəhşət törədilib, utancverici bir situasiyadır. Camal Qaşıqçının ölümündən 40 gün keçib. Onun üçün cənazə namazı qılmaq borcumuzdur. Cümə günü cənazə namazı qılınacaq", -deyə AKP sözçüsü vurğulayıb.