Diasporlar arasında qarşıdurma yaranıb Dünya

Diasporlar arasında qarşıdurma yaranıb

"Ermənistan müstəqilliyini elan etdikdən sonra onun daxili və xarici siyasətində diaspor təşkilatlarının xüsusi rolu olduğunu müşahidə etmişik".
Bu sözləri politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, quruluş və mexanizm etibarı ilə erməni diasporu yekcins deyil:"Erməni diasporunu əsasən iki hissəyə ayırmaq olar: Birincisi, Avropa və ABŞ-da, ikincisi isə köhnə SSRİ məkanında formalaşan. SSRİ-nin 1991-ci ildə süqut etməsindən sonra da bu iki diaspor təşkilatları arasında olan problemlər davam edir. 1991-ci ilə qədər əsasən siyasi görüşlərinə görə diasporlar biri-birindən ayrılırdısa, 91-ci ildən sonra artıq bu diaspor strukturları arasındakı görüş fərqliliyi daha çox iqtisadi və sosial müstəviyə keçdi. Ermənistan müstəqilliyini elan etdikdən sonra onun daxili sosial, iqtisadi problemlərinin həll olunmasında Avropa və ABŞ-dakı erməni diasporu hər zaman Rusiyadakı diaspordan bir addım öndə olub. Avropa və ABŞ-dakı erməni diasporu Rusiyadakı diaspor ilə müqayisədə daha zəngindir, siyasi və iqtisadi mexanizmləri daha genişdir, Ermənistana göstərilən yardımları, xüsusilə hər il keçirilən telemarafona maliyyə dəstəyi daha çoxdur".
Politoloq qeyd edib ki, xüsusilə Serj Sərkisyan hakimiyyətinin son bir neçə ilində Rusiya diasporu ilə ABŞ və Avropa diasporu arasında ziddiyyət daha da dərinləşdi:"Qərbdəki erməni diasporu Sərkisyan rejimini daha çox tənqid edirdi. Sərkisyan rejimini demokratik dəyərlərin qarşısını almaqda, təzyiq mexanizmlərini gücləndirməkdə ittiham edirdilər. Rusiya diasporu isə bu məsələlərdə hökumətə yönəlik daha loyal mesajlar verirdi.
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə Rusiyadakı erməni diasporu Ermənistan hökumətini daha sərt tənqid etməyə başladı. Çünki Nikol Paşinyanın Rusiyaya qarşı olması ilə bağlı yayılan informasiyalar Rusiyadakı erməni diaspor təşkilatlarını narahat edirdi. Rusiya zaman-zaman erməni diaspor təşkilatları vasitəsi ilə Ermənistan hökumətinə təzyiq göstərə bilirdi. Bu baxımdan Ermənistan hökuməti və erməni diasporu arasındakı münasibətlərin son zamanlarda bir az daha soyuduğunu, eyni zamanda, diaspor təşkilatları arasında da dediyim konteksdə bir bölünmənin, parçalanmanın olduğunu iddia etmək mümkündür".
Politoloq vurğulayıb ki, Ermənistan iqtisadiyyatı çox zəifdir:
"Erməni diaspor təşkilatları telemarafon və digər mexanizmlərlə Ermənistan maliyyə yardımları edir. Amma bu ölkənin iqtisadi və sosial problemlərinin həll olunması istiqamətində toplanan ianələr elə də ciddi rəqəm deyil. Ermənistan diaspordan gələn yardımları daha çox daxili siyasətdə istifadə edir. Yəni hökumətlər bunu daxili sabitliyin qorunması, diaspor-Ermənistan münasibətlərinin inkişaf etməsi yönündə ön plana çıxarırdı".
Politoloqun sözlərinə görə, erməni diasporları arasındakı bölünmə bütün hallarda mövcud hakimiyyətin işinə yaramır:
"Mövcud hakimiyyətin işinə yarayan bütöv, monolit erməni diasporunun olmasıdır. Amma tarixi şərtləri və mövcud vəziyyəti nəzərə alsaq, istər-istəməz erməni diaspor təşkilatları öz mənafelərini qorumağa çalışır. Bu baxımdan erməni diaspor təşkilatları arasındakı bölünmənin gələcək illərdə daha da dərinləşmə ehtimalı var. Əvvəllər erməni diasporunu bir arada tutan, bir qayə, məfkurə ətrafında birləşdirən məsələ əsasən Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ya Ermənistana birləşdirilməsi məsələsi idi. Yəni buna "Haydat" doktrinasının həyata keçirilməsi də deyə bilərik. "Böyük Ermənistan"ın qurulması məsələsi bunları bir araya gətirirdi. Amma hər nə qədər Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etsə də, bu gün qondarma rejimin müstəqilliyinin tanınması istiqamətində nə Ermənistan hökuməti, nə də diaspor təşkilatları ciddi bir irəliləyiş əldə edib. Artıq erməni diaspor təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində reallığı görür. Bu ideyanın sıradan çıxması isə hədəfsiz qalan disporu qurumlarını daha da parçalayır".