Ukrayna ordusu ölkənin şərqində ağır itki verib Dünya

Ukrayna ordusu ölkənin şərqində ağır itki verib

Dövlət Sərhəd Xidmətinin Şərq regional idarəsinin rəis müavini həlak olub

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində - antiterror əməliyyatının keçirildiyi zonada ağır itki verib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya ilə həmsərhəd Luqansk vilayətinin Zelyonopolye kəndinin ərazisində terrorçuların "Qrad" qurğularından açdığı ardıcıl atəşlər nəticəsində çoxlu sayda Ukrayna əsgəri həlak olub və yaralanıb.
Antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov faktı təsdiqləsə də, həlak olanların və yaralananların dəqiq sayını söyləməyib. O, bu haqda daha sonra məlumat veriləcəyini söyləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko isə itkilərin dəqiqləşdirildiyini və axşam dəqiq rəqəmin açıqlanacağını bildirib.
Maydan hərəkatının tanınmış fəallarından olan Vladimir Parasyuk isə sosial şəbəkədə hadisənin detallarını açıqlayıb: "Bu gün səhər saat 5-də Luqansk vilayətinin Zelyonopolye kəndi yaxınlığında silahlılar bizim 24-cü motoatıcı briqadamızın uşaqlarını atəşə tutublar. Çoxlu sayda ölən və yaralanan var. Rabitə yoxdur, hər şey yanıb".
V. Parasyuk qeyri-rəsmi məlumatlara əsasən 30-a yaxın əsgərin həlak olduğunu, 100-dən çox əsgərin yaralandığını bildirib.
Başqa bir informasiyaya əsasən bu gecə Rusiya istiqamətindən, Ukrayna sərhədinin nəzarətsiz qalan hissəsindən Luqansk vilayətinə xeyli hərbi texnika və canlı qüvvə daxil olub. Belə ki, şahidlər separatçılara dəstək üçün Rusiyadan 6 tank, 6 "BTR", 2 "Qrad" qurğusu və silahlı insanlarla dolu 8 ədəd "Kamaz" avtomobilinin Luqanska daxil olduğunu deyiblər.
Xatırladaq ki, Ukrayna ordusu və Milli Qvardiyasının son həftələr keçirdiyi uğurlu əməliyyatlar nəticəsində separatçı-terrorçu qruplaşmalar Donbass regionu ərazisinin böyük hissəsindən sıxışdırılıblar. İndi onlar əsasən Luqansk və Donetsk şəhərlərində və bu şəhərlərin ətrafında cəmləşiblər. Donetsk və Luqansk şəhərlərində çoxlu sayda əhalinin yaşaması Ukrayna ordusunun burada hərbi aviasiya və ağır artilleriyadan istifadə etməsini çətinləşdirir.
Ukraynanın Luqansk vilayətində - Rusiya ilə sərhəddə terrorçuların "Qrad" qurğularından açdığı atəşlər nəticəsində isə 4 sərhədçi həlak olub.
Həlak olanlar arasında Ukrayna Dövlət Sərhəd Xidmətinin Şərq regional idarəsinin rəis müavini İqor Momot da var. İ. Momot ölkənin şərqində vəziyyətin gərginləşdiyi ilk günlərdən dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə məşğul olub.