Avropa İttifaqı Türkiyədəki suriyalı qaçqınlara əlavə yardım göstərəcək Dünya

Avropa İttifaqı Türkiyədəki suriyalı qaçqınlara əlavə yardım göstərəcək

Almaniya hökuməti Avropa İttifaqının (Aİ) digər nümayəndələri qarşısında Türkiyədə yerləşən suriyalı qaçqınlara əlavə yardım göstərilməsi barədə məsələ qaldırıb. Anadolu agentliyi xəbər verir ki, bunu alman parlamentində çıxış edən Daxili İşlər nazirinin müavini Stefan Mayer bildirib. Onun sözlərinə görə, Avropanı növbəti miqrasiya dalğasından qorumaq üçün Ankara və Afinaya göstərilən yardımların həcmi artırılmalıdır.
Almaniya rəsmisi əlavə edib ki, Türkiyə hökumətinin səylərinə baxmayaraq, son aylarda yunan adalarına yollanan qaçqınların sayı artıb. Bunun üçün Federal hökumət digər avropalı tərəfdaşlarla birlikdə Ankaraya əlavə yardım göstərməlidir.
Mayerin bu bəyanatı Almaniyanın Daxili İşlər naziri Horst Seehoferin cümə axşamı Yunanıstana və Türkiyəyə səfəri ərəfəsində səsləndirilib. Qeyd olunub ki, təkcə avqust ayında yunan adalarına Türkiyə ərazisindən 8 mindən çox qaçqın gəlib. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının məlumatına görə, miqrant axının pik vaxtında – 2015-ci ildə Egey dənizindən bu əraziyə 856 min Suriya və İraq qaçqını keçib. 2016-cı ildə Almaniyanın Kansleri Angela Merkelin təşəbbüsü ilə Aİ və Ankara arasında imzalanan sazişdən sonra miqrant axınının qarşısını almaq mümkün olmuşdu. Brüssel Ankaraya 6 milyard avro ayırsa da, Türkiyə tərəfinin iddiasına görə, 2019-cu ilin iyununa qədər bu vəsaitin yalnız 2,2 milyardı daxil olub.
Aİ yunan adalarındakı suriyalıların da Türkiyəyə qayıtmasını istəyir. Ankara isə bəyan edir ki, Brüssel vədinə əməl etmir və Türkiyə büdcəsindən indiyədək 3,6 milyon suriyalı qaçqına 40 milyard dollar vəsait xərclənib.