“Humanitar karvanın qarşısı alınacaq” Dünya

“Humanitar karvanın qarşısı alınacaq”

Ukrayna Rusiyanın bütün cəhdlərinin qarşısını alacağını bəyan edib

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalıy bəyan edib ki, ötən gecə humanitar yardım yükünü müşayiət edən rusiyalı sülhməramlılar sərhəddən Ukrayna ərazisinə soxulmağa cəhd edib.
V.Çalıy bildirib ki, Rusiya "sülhməramlıları"nın Xarkov vilayəti ərazisindən ölkəyə keçmək cəhdinin qarşısı alınıb: "Prezident bu məsələ ilə bağlı təcili müşavirə çağıraraq, beynəlxalq səviyyədə danışıqlar aparıb. Beləliklə də, vəziyyəti nəzarətdə saxlamaq mümkün olub".
V.Çalıy bir daha təkrarlayıb ki, Ukrayna yükü müşayiət edən hər hansı qüvvələrin ölkə ərazisinə girməsinə yol verməyəcək.
Qeyd edək ki, humanitar yardım daşıyan 280 yük avtomobili avqustun 12-də Rusiya Federasiyasından Ukraynaya yola düşüb. Lakin bu yardımın çatdırılmasında əlaqələndirici olan beynəlxalq Qırmızı Xaç Komitəsi bu yükün nədən ibarət olması və hara getməsi ilə bağlı onlarda heç bir informasiyanın olmadığını bildirib.
Ukrayna hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin sertifikatlaşdırılması olmadan Rusiyanın humanitar yardım daşıyan avtomobil karvanını ölkəyə buraxmayacağını bəyan edib.
Ukrayna təhlükəsizlik orqanı isə Rusiya humanitar karvanının yeri və hərəkət istiqaməti barədə məlumatsızdır.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmitinin informasiya şöbəsinin rəhbəri Andrey Lısenko deyib. Onun sözlərinə görə, ilkin məlumatlarda yük maşınlarının Xarkov vilayəti ərazisinə keçməsi deyilsə də, sonra bu informasiya özünü doğrultmadı. Hazırda karvanın harda və necə yerləşməsi barədə məlumat yoxdur.
Lısenko əlavə edib ki, Qırmızı Xaç Komətsinin razılığı, sertifikatı olmayan istənilən avtomobil karvanına qarşı ciddi ölçü götürüləcək.