Avropa, NATO ABŞ və İranı təmkinə çağırır Dünya

Avropa, NATO ABŞ və İranı təmkinə çağırır

Amerikanın Avropadakı müttəfiqləri İranın yüksək rütbəli generalının ABŞ tərəfindən öldürülməsinə cavab verəcəyinə söz verməsindən sonra tərəfləri gərginliyi azaltmağa çağırıb. Qasım Süleymani Bağdad hava limanında dron hücumu nəticəsində öldürülüb. Bu, Yaxın Şərqdə etirazlara səbəb olub. NATO zorakılıqların artacağına dair narahatlıqlar səbəbilə İraqdakı missiyasına təlimlərini dayandırıb. Amerikanın avropalı müttəfiqlərinə İran generalına hücum ediləcəyinə dair öncədən xəbərdarlıq edilməmişdi. Britaniyanın baş naziri Boris Conson ölkəsinin Süleymaninin öldürülməsinə görə gileylənmədiyini deyib.
Amerikanin səsi-nin məlumatına görə, təhlilçilər bildirir ki, Britaniya da ABŞ kimi Süleymaniyə görə çox zərər görüb. “Qasım Süleymani yüzlərlə amerikalı və başqa qərbli qoşunların, o cümlədən Britaniya qoşunlarının ölümünə görə cavabdeh idi,”- Kral Birləşmiş Xidmətlər İnstitutundan Karen von Hippel bildirir.
İranda minlərlə insan matəm tutduğu bir vaxt, Britaniya, Fransa və Almaniya birgə bəyanat yayaraq, tərəfləri təmkinli və məsuliyyətli olmağa çağırıb. Avropa İttifaqı gərginliyi aradan qaldırmaq məqsədilə Tehranın xarici işlər nazirini Brüsselə dəvət edib. “Hər iki tərəf başa düşür ki, öhədliklər yerinə yetirilməyə davam etməlidir, amma İran bizə necə davam etmək istədiyini bildirməlidir,”- Avropa Komissiyasının sözçüsü Piter Stano bildirib.
Avropa ümid edir ki, İranla 2015-ci ildə əldə olunan nüvə razılığı qorunub saxlana bilər, baxmayaraq ki, Tehran uran zənginləşdirilməsi sahəsindəki fəaliyyətinə tətbiq olunan məhdudiyyətlərə əməl etməyəcəyini bildirib. “Müharibəyə səbəb ola biləcək gərginlik olmadığı təqdirdə nüvə razılığının bitəcəyini düşünmürəm,” - Atlantika Şurasından Holli Daqres bildirir. İran ABŞ-a cavab verəcəyinə söz verib, ABŞ-ın müttəfiqləri isə onların da hədəf alına biləcəklərindən narahatdır.
NATO İŞİD-ə qarşı mübarizə aparan Qərb koalisiyanın bir hissəsi olaraq, İraqda olan yüzlərlə hərbçiyə təlimləri dayandırıb. Alyansın baş katibi bazar ertəsi NATO-nun İranla münaqişədə ABŞ-ı dəstəkləyib-dəstəkləməyəcinə dair suala cavab verməkdən imtina edib.
“Biz yaxınlarda İranın gərginliyi artırdığına şahid olduq ki, buna Səudiyyənin enerji obyektinə hücum və Amerika dronunun vurulması daxildir. Bugünkü görüşümzdə müttəfiqlər təmkinə və de-eskalasiyaya çağırdı. Yeni münaqişə heç kimin marağında deyil,” - Yens Stoltenberq bildirib.
Rusiya və Çin Süleymaninin öldürülməsini qınayıb. Təhlilçilər deyir ki, Tehran indi müttəfiqlərindən daha böyük dəstək istəyə bilər. “Bu gərginlikdən öncə Çin, Rusiya və İran İran körfəzi və Oman körfəzində dəniz təlimləri keçirirdi,” - Daqres söyləyir. Yaxın Şərqdə İran və İraqdan tutmuş Fələstin, Livan və Türkiyəyə qədər bir çox yerdə ABŞ əleyhinə etirazlar keçirilib.
Bundan əlavə Pakistanda da etirazçılar küçələrə axışıb. İranın uzun zamandır düşməni olan İsrail isə ABŞ-ın Süleymanini öldürməsini alqışlayıb. “Prezident Tramp qətiyyətli, güclü və cəld hərəkət etdiyinə görə bütün təqdirlərə layiqdir” - deyə, İsrailin baş naziri Benyamin Netanyahu bildirib. İndi isə diqqət İrana və onun qlobal təmkin çağırışlarına cavab verib-verməyəcəyi ya da qisas almaq vədini yerinə yetirib-yetirməyəcəyinə yönəlib.