NATO qüvvələri Ukraynada Dünya

NATO qüvvələri Ukraynada

Medvedyev partiya liderlərini toplayıb

Cavid

Ukraynada NATO hərbi qüvvələrinin iştirakı ilə hərbi təlimlər start götürüb. Təlimlərə 15 NATO və qeyri-NATO ölkələrindən 1000-dən çox hərbiçi qatılıb. Hərbi təlimlər Lvov şəhərində Polşa ilə sərhəd bölgələrdə keçirilir. Məlumata görə, təlimlər sentyabr ayının 26-na qədər davam edəcək. Təlimlər bir müddət əvvəl Ukraynada cərəyan edən döyüşlərlə əlaqədar təxirə salınmışdı.
Ukraynanın ordu polkovniki Oleksandr Sivak hərbi təlimlər zamanı, əsasən, qarışıq döyüş taktikalarının aspektlərinə diqqət yetirəcəklərini bildiriblər. Təlimlərdə hazırlıq keçən hərbiçilərin təcrübələrindən Donbass regionunda terorçulara qarşı aparılan əməliyyatlarda istifadə olunacaq.
Ukraynanın baş naziri Arseni Yatsenyuk bir qədər əvvəl Ukraynanın NATO-ya üzvlük məsələsini parlamentdə müzakirəyə çıxarmışdı. Yatsenyuk ölkənin NATO-ya üzv olması üçün lazımi tədbirlərin görülməsinə çalışacağını bəyan etmişdi.
Rusiya rəhbərliyi isə, Ukraynanın NATO-yönümlü siyasətinə və təşkilatın şərqi Avropada güclənməsinə qarşı çıxır.
Rusiya rəhbərliyi ölkə iqtisadiyyatına tətbiq olunan sanksiyalara qarşı mübarizədə bütün mümkün vasitələrlə müxtəlif hökumət dairələrini, siyasi partiyaları birləşdirməyə səy göstərir.
"Associated Press"in məlumatına görə, ötən gün Rusiyanın baş naziri Dmitri Medvedyev bu məqsədlə siyasi partiya liderlərini hakim Vahid Rusiya partiyasının baş qərargahında toplayıb. Medvedyev çıxışı zamanı qeyd edib ki, Qərb ölkələri Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməklə onun gücünü və iradəsini sınayır. Medvedyev Rusiyanın bu cür hədələrə boyun əyməyəcəyini deyib.
"Rusiya məsələnin həlli istiqamətində təklif olunan aldadıcı tədbirlərə inanmayacaq, ölkədə demokratiyanı qoruyacaq və bu prosesi daha da sürətləndirəcək" - deyə, Medvedyev bildirib.
"Ukrayna ərazisinə ikinci humanitar yardım karvanı göndərən Rusiya bununla Ukraynanın müstəqilliyini pozub".
Unian.net saytının verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
"İstirahət günlərində Rusiyanın ikinci humanitar karvanı Ukrayna hakimiyyətinin razılığı olmadan ölkə ərazisinə daxil olub və sonradan buranı tərk edib. Bu fundamental beynəlxalq humanitar prinsiplər pozulmasıdır. Humanitar karvan prosedurların pozulması ilə sərhədi keçib. Avropa Birliyi Rusiya hakimiyyətinin hərəkətlərini qanunsuz, Ukrayna ərazi bütövlüyü və müstəqilliyinin pozuntusu hesab edir", - K.Eştonun bəyanatında deyilir.
Qeyd edək ki, Rusiyanın ikinci humanitar karvanı 13 sentyabrda Ukrayna ərazisinə daxil olub.
"ABŞ və Avropanın tətbiq etdiyi yeni sanksiya Rusiyanın onsuz da pisləşən iqtisadi vəziyyəti daha da dərinləşdirir".
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, rubl dollara münasibətdə dəyərini bu il 13% itirib. Artıq dollar 38 rubl həddini də keçib: "Nəzərə almaq lazımdır ki, gələn ildən Mərkəzi Bank üzən məzənnə siyasətinə keçir. Bu o deməkdir ki, rublun məzənnəsini dəstəkləməyəcək və proseslər belə davam edəcəyi təqdirdə rublun ucuzlaşması prosesi davam edəcək. Dolların rubla qarşı məzənnəsi tezliklə 40 rubl psixoloji həddini keçəcək. İnvestorların Rusiya istiqrazlarına maraq azalıb. Bankların xaricdən resurs cəlb etmək imkanları məhdudlaşıb. Tərs kimi dünya bazarlarında neft də ucuzlaşır".
Mütəxəssis qeyd edir ki, Rusiyanın aparıcı banklarının səhmləri ucuzlaşır. Göz görəsi Neft Fondunun Rusiya aktivləri əriyir: "Belə bir vəziyyətdə sanksiyaların Rusiyanı daha da möhkəmləndirməsi fikri sadəcə absurddur. Rusiyanı çətin günlər gözləyir".
Yeri gəlmişkən, Rusiyanın bütün hədələrinə baxmayaraq, dünən Ukrayna parlamenti Avropa Birliyi ilə geniş inteqrasiyanı nəzərdə tutan assosiasiya sazişini ratifikasiya edib. Avropa Parlamenti də eyni vaxtda sazişi rəsmiləşdirib.
Xatırladaq ki, assosiasiya sazişinin siyasi bölümü martın 21-də, iqtisadi hissəsi iyunun 27-də imzalanıb.
Saziş tərəflər arasında dərin siyasi assosiasiya və azad ticarəti bərqərar edir. Ukrayna prezidenti Petro Poroşenko ratifikasiyanı ölkəsinin qərbyönlü gələcəyini müəyyənləşdirən "tarixi an" adlandırıb.
Lakin AB və Ukrayna sentyabrın 12-də azad ticarət paktının yerinə yetirilməsini 2015-ci ilin sonunadək yubatmağı razılaşdırıblar. Bununla da Kiyevin Avrasiya Gömrük İttifaqına daxil olmasına çalışan Rusiyaya güzəştə gedilib.
Assosiasiya sazişinin Ali Radada ratifikasiyası ilə eyni vaxtda Ukrayna prezidenti Petro Poroşenko separtaçı şərq regionuna 3 illiyə məhdud özünü-idarə təklif edib. Prezident Ali Radaya göndərdiyi sənəddə qeyd edib ki, bu, daha geniş sülh planının tərkib hissəsidir.
Qanun layihəsi şəklində parlamentə tədqim edilən sənəd təsdiqlənib. Bununla da şərq regionlarına qonşu regionlarla,o cümlədən Rusiya regionları ilə qonşu münasibətləri gücləndirmək hüququ verilir.
Poroşenko deyib ki, bu plan Ukraynanın suverenliyini, ərazi bütövlüyünü möhkəmləndirməyə təminat verir.