Köçəryan Gömrük İttifaqına qarşı Dünya

Köçəryan Gömrük İttifaqına qarşı

"Ermənistan rəsmilərinin optimist fikirlərilə razılaşmıram"

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəsmi İrəvanın Gömrük İttifaqına qoşulması barədə qərarını şərh edib. "2rd.am" saytı xəbər verir ki, Köçəryan müqayisəli iqtisadi analizlərə dayanaraq Ermənistanın Gömrük İttifaqına üzvlüyünün perspektivi barədə məqalə yazıb.
O bildirib ki, prosesləri SSRİ-nin dağılmasından sonra Rusiya ilə Ermənistan arasında reallaşdırılmış gömrük siyasəti kontekstində nəzərdən keçirmək lazımdır. Rusiyanın əvvəllər rəqabət idxalından öz sənayesini qorumaq üçün yüksək gömrük rüsumları tətbiq etməsinə diqqət yönəldən Köçəryan qeyd edib ki, müasir dövrdə situasiya dəyişib. Onun sözlərinə görə 90-cı illərdəki Rusiya - Ermənistan ticarət əlaqələri ilə indiki arasında müəyyən fərqlər var: "İndi Gömrük İttifaqı yanaşmaları əsasında Rusiyanın gömrük kodeksləri uzanır. Bu zaman Ermənistanın öz iqtisadiyyatı üçün hansı məsələləri həll edəcəyi sualı ortaya çıxır. Şəxsən mən Ermənistan rəsmilərinin optimist fikirləri ilə şərik deyiləm. Çünki iqtisadiyyat inersiyadır. Ermənistan hazırda iqtisadi blokadadır. Buna görə də Gömrük İttifaqına üzv olmayan ölkələrdən idxalın bahalaşacağı da nəzərə alınmalıdır. Ermənistanın bu rəqabətin öhdəsindən gələ biləcəyi çətindir. Ermənistan rəsmiləri bütün istiqamətdə hesablama aparmalıdır. Hər hansı səhv proqnoz Ermənistanın bütün sakinlərinə mənfi təsir edəcək".