NATO generalından Rusiyaya sərt ittiham Dünya

NATO generalından Rusiyaya sərt ittiham

Filip Bridlav: "Kremlin göndərdiyi 300 zabit Donbas hövzəsində terrorçuların təlimi ilə məşğul olur"

Cavid

ABŞ, Donbassdakı 2 noyabr seçkilərini tanıyacağı təqdirdə Rusiyanı növbəti izolyasiya ilə təhdid edib. Bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.
Onun sözlərinə görə Vaşinqton separatçıların seçkisini tanımır.
"Biz qeyri qanuni hərəkətləri tanımayan AB, BMT, Fransa və Almaniyanın bu barədə verdiyi açıqlamaları alqışlayırıq. Əgər Rusiya bu seçkiləri tanımaq niyyətindədirsə, bu yalnız onun növbəti izolyasiyasına gətirib çıxaracaq"- deyə Psaki bildirib.
Xatırladaq ki, Şərqi Ukraynada rusiyapərəst separatçılar qərbin "qeyri-legitim" adlandırdığı seçkilər keçirib. Prezident və parlament seçkiləri Donetsk və Luqansk regionlarında tanınmamış xalq respublikaları tərəfindən təşkil olunub.
Ukrayna, ABŞ və Aİ deyirlər ki, seçkilərin nəticələrini tanımayacaqlar. Amma Rusiya seçkiləri dəstəkləyib.
BMT Baş katibi Pan Gi Mun isə Ukraynada baş verənlərlə əlaqədar narahatlığını bildirib. Bu barədə təşkilatın mətbuat katibi Stefan Düjarrik xəbər verib.
"BMT baş katibi bütün tərəfləri Ukraynada sülh və stabillik uğruna hazırlanan Minsk protokolunu həyata keçirməyə çağırır"- deuə Düjarrik bildirib.
Qeyd edək ki, bundan əvvəl Pan Gi Mun 2 noyabrda Ukraynanın şərqində keçirilən deputat seçimini ölkənin konstitusiyası və qanunlarının pozuntusu kimi qiymətləndirib.
NATO isə son zamanlar Rusiyanın qırıcı və bombardmançılarının tez-tez Avropanın hava məkanına daxil olmağa başladığından narahatdır. NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı (BŞQ) Filip Bridlav brifinqdə çıxış edərkən bildirib ki, son zamanlar belə müdaxilələrin sayında ümumi artım müşahidə olunur.
"Mənim fikrimcə burada diqqət çəkən fakt odur ki, əvvəllər hava məkanını kiçik qrup təyyarələr pozurdu - bəzən bir və ya iki. Lakin ötən həftə biz daha böyük qrupların həva məkanına daxil olduğunun muşahidə etdik. Onlar daha da təxribatçı marşrutlardan istifadə edərək bir qədər də dərinə hərəkət etdilər", - deyə Bridlav bildirib.
O, qeyd edib ki, bu cür güc nümayişi Avropanın hava məkanında sabitlik və təhlükəsizliyə heç bir müsbət təsir göstərmir və bu problematikdir.
Eyni zamanda o, əmin edib ki, NATO hərbiçilərinin cavab sürətli olub.
General Filip Bridlav onu da bildirib ki, təxminən 300 Rusiya zabiti Donbas hövzəsində terrorçuların təlimi ilə məşğul olur.
F.Bridlav qeyd edib ki, Rusiya zabitləri döyüş əməliyyatlarında birbaşa iştirak etmirlər, amma separatçıların təlimləri ilə məşğul olurlar. Bundan başqa, NATO generalının sözlərinə görə, Rusiya hökuməti Ukrayna gücləri və separatçılar arasında bölücü xəttinin möhkəmləndirilməsində separatçılara fəal dəstək verməkdə davam edirlər.
F.Bridlav sentyabrın 5-də imzalanan Minsk protokolunun yalnız kağız üzərində qaldığını deyib.
Ukraynalı politoloq Vitali Bala "Facebook" səhifəsində yazıb ki, separatçıların Donetsk və Luqansk vilayətlərində keçirdiyi seçkilərdən sonra bu torpaqları işğal edilmiş adlandırmaq hüquqi baxımdan yanlışdır.
Onun sözlərinə görə, Ali Rada uzaqgörən olmayıb və separatçıların nəzarət etdiyi əraziləri işğal edilmiş ərazilər kimi göstərməyib: "Rəsmi Kiyev hadisələrin inkişafının belə bir ssenarisini qabaqcadan görə bilmədi. İndi isə "işğal edilmiş torpaqlar" terminindən istifadə etmək hüquqi baxımdan yanlışdır. Biz bunu rəsmiləşdirmədik və böyük səhv etdik. Bu seçkilərin nəticələri bizim üçün, yumşaq desək, xoşagəlməz olacaq. "DXR" və "LXR" adlanan qurumlar faktiki olaraq qanunsuz hərbi-siyasi bazaların yaradılması üçün yoldur".
Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert isə keçirdiyi mətbuat konfransında bildirib ki, Berlin Moskvanın Ukraynanın şərqindəki hadisələrə müdaxiləsinə son qoymayacağı halda, Rusiyaya qarşı növbəti sanksiyalar barəsində fikirləşməyə hazırdır.
O vurğulayıb ki, Berlin noyabrın 2-də rusmeyilli separatçılar tərəfindən keçirilən "seçkilər"i tanımır: "Donetsk və Luqansk vilayətlərində keçirilən "seçkilər" qeyri-qanunidir və Minsk razılaşmalarına, həmçinin Ukrayna Konstitusiyasına ziddir. Bu fakt xüsusən anlaşılmazdır ki, Rusiyanın rəsmi şəxsləri seçkilərin nəticələrinə hörmət etdiyini və seçkiləri tanıdığını bəyan ediblər".
Onun sözlərinə görə, Moskva sentyabr ayının əvvəlində Minskdə əldə olunan razılıqların yerinə yetirilməsi üçün bacardığı hər şeyi etməlidir.
Xatırladaq ki, Avropa Birliyi separatçıların keçirdiyi "seçkilər"i tanımayıb. Ukrayna Milli Təhlükəsizlik Xidməti isə "xalq respublikaları"ndakı "seçkilər"lə əlaqədar cinayət işi açıb.
Bu arada Ukrayna Milli Təhlükəsizlik Xidməti Mariupolda yerləşən blokpostda törədilən terror aktının bilavasitə iştirakçısını müəyyənləşdirib.
Ukrayna mediasının verdiyi məlumata görə, həmin şəxs separatçıların hərbi bölmələrindən birinin komandir müavinidir.
Onun ləqəbinin "Gürzə" olduğu deyilir. Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, qurumun əks-kəşfiyyatı "Gürzə"nin terror aktında iştirakını müəyyənləşdirərək onu saxlayıb. Həmçinin o da müəyyən edilib ki, "Donetsk Xalq Respublikası" separatçı qurumun hərbi bölmələrinin rəhbərləri olan "Elçi" və "Çexov" ləqəbli şəxslər terror əməliyyatına bilavasitə rəhbərlik ediblər.
Araşdırma nəticəsində məlum olub ki, terror aktı üçün yerli sakinin avtomobilindən ondan xəbərsiz istifadə edilib. Mütəxəssislər tərəfindən içinə partlayıcı maddə qoyulmuş maşını pilotsuz təyyarə müşayiət edib və ona hərəkət koordinatlarını verib. Maşın antiterror güclərinin blokpostuna yaxınlaşanda isə cinayətkarlar mobil telefonun köməyi ilə partlayıcı qurğunu işə salıblar. Xatırladaq ki, terror aktı dünən həyata keçirilib. Hadisə nəticəsində Ukraynanın iki hərbi qulluqçusu həlak oldu, daha biri yaralanıb.