Ukrayna Ali Radası yeni tərkibdə fəaliyyətə başlayıb Dünya

Ukrayna Ali Radası yeni tərkibdə fəaliyyətə başlayıb

Oktyabrın 26-da keçirilmiş növbədənkənar seçkilərdə formalaşmış Ukrayna Ali Radasının ilk iclası başlayıb. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, təntənəli iclası köhnə Radanın sədri Aleksandr Turçinov açıb. Açılışda prezident Petro Poroşenko, sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko, güc strukturlarının, ictimaiyyətin və diplomatik korpusun nümayəndələri, din xadimləri iştirak edib. İştirakçılar Maydan hərəkatı və Donbassdakı müharibə zamanı həlak olan ukraynalıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra deputatlar xorla and içiblər və fasile lan olunub. Bu gün Ali Radanın yeni sədrinin seçilməsi və baş nazirin təsdiqlənməsi nəzərdə tutulub. Baş nazir vəzifəsinə indiki baş nazir, Ukrayna Xalq Cəbhəsinin liderlərindən olan Arseni Yatsenyukun, Ali Radanın sədri vəzifəsinə isə hazırda baş nazirin müavini olan, Petro Poroşenkonun blokundan millət vəkili seçilmiş Vladimir Qroysmanın seçilməsi gözlənilir. Yeni hökumətin tərkibinin gələn həftənin ikinci günü təsdiqlənməsi planlaşdırılır. Qeyd edək ki, yeni parlamentdə 5 siyasi qüvvə - prezident Poroşenkonun bloku, Xalq Cəbhəsi, "Samopomiç" (Özünəyardım), Radikal Partiyası və "Batkivşina"nın iştirakı ilə qərbyönlü-millətçi koalisiya qurulub. Koalisiya yeni hökuməti formalaşdırmaq üçün tələb olunan sadə çoxluqla (226 səs) yanaşı, Konstitusiyanı dəyişmək üçün tələb olunan mütləq çoxluğa da (300 səs) malikdir. Bu isə Ukraynanın müasir tarixində ilk dəfədir baş verir.