Ərəb ölkələri İrana qarşı birləşiblər Dünya

Ərəb ölkələri İrana qarşı birləşiblər

Farz körfəzi ölkələri vahid ordu yaratmaq barədə qərar qəbul ediblər

Cavid

Fars körfəzi ölkələri Doha sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gələrək, vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qərar qəbul ediblər. Müvafiq müddəalar görüşün yekun sənədində əksini tapıb.
Qeyd edək ki, Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və BƏƏ daxildir.
"Hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Şura ölkələri bazası Bəhreyn Krallığında yerləşməklə vahid Hərbi-Dəniz Qüvvələri yaradır", deyə Şuranın baş katibi Abdel Lətif əz Zəyyani yekun bəyanatı təqdim edərkən bildirib.
Bundan başqa, ərəb monarxiyaları birləşmiş silahlı qüvvələrinin tabe olacağı və baş qərargahının Ər Riyadda yerləşəcəyi vahid hərbi komandanlığın yaradılması təklifini dəstəkləyiblər. Bölgənin vahid polis qüvvələrinin mərkəzi aparatı isə Əbu Dabidə fəaliyyət göstərəcək.
Misirli politoloq Fuad Alyam bildirib ki, əgər islam və ərəb dövlətlərinin orduları birləşərsə, onlar bir gün ərzində İsraili məğlubiyyətə uğradar və Fələstin ərazilərini azad edərlər.
Politoloq islam və ərəb ölkələrinin liderlərini Fələstinin azad edilməsi üçün vahid ordu yaradıtmağa səsləyib. O, bu bəyanatı İran xarici işlər nazirinin müqavimət cəbhəsinə yardımın artırılması barədə məlumat verməsindən sonra səsləndirib.
Lakin ərəb dövlətlərinin vahid ordu yaratması heç də deyildiyi kimi yox, İrana qarşı birləşməkdir. Çünki, İranın Bəsrə Körfəzindəki hərbi xarakterli addımları və bəzi bölgə ölkələri daxilində həyata keçirdiyi terror aksiyaları 6 körfəz ölkəsinin İran təhdidinə qarşı hərbi güclərini birləşdirməsinə səbəb olur.
Uzun müddətdir gündəmdə olan mövzu barədə ilk addımlar atıldı. Əvvəlcə Bahreynin paytaxtı Manamada bir araya gələn Körfəz Əməkdaşlıq Təşkilatı üzvü Səudiyyə Ərəbistanı, Bahreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri vahid komandanlığa malik olan ordu üçün ilk imzaları atdılar. Körfəz Əməkdaşlıq Təşkilatının Baş katibi Əbdüllətif əz-Zeyani tərəfinədn elan olunan birgə bəyannamədə vahid ordunun qurulması barədə razılıq əldə edildiyi vurğulandı. Bəyannamədə İranın Körfəz ölkələrinin daxili işlərinə qarışması və digər provaktif xarakterli hərəkətləri də qınandı. 2003-ci ildə qurulan Körfəz Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında Avropa Birliyinə bənzər bir meydana gəlməsi hədəfləyir.
Xatırladaq ki, bir müddət öncə İran ordusu Körfəzdə Hind okeanına açılan Hürmüz boğazında hərbi təlimlərə başlayıb. İran bundan əvvəl də mübahisəli adalarda hərbi bazalar quraraq və körfəzdəki hərbi imkanlarını artıraraq Ərəb dövlətlərinə meydan oxumağa çalışmışdı. Ərəb ölkələri isə öz aralarındakı ittifaqı gücləndirərək və əməkdaşlığa hərbi xarakter də əlavə edərək buna cavab verməyə çalışıblar. Nəticədə vahid ordunun yaradılması ilə bağlı razılaşma əldə olunub.
Onu da vurğulayaq ki, bir müddət öncə Britaniyanın "The Times" qəzeti yazmışdı ki, İsrail İrana qarşı hərbi əməliyyatlar zamanı Səudiyyə Ərəbistanının hava məkanından istifadəni birbaşa kralla razılaşdırıb. Ər-Riyad isə bildirib ki, kral İran məsələsinin diplomatik yollarla həllinə tərəfdardır və heç vaxt bu ölkəyə qarşı hərbi aksiyalara dəstək vermək fikrində olmayıb.
Ekspertlər isə hesab edir ki, "The Times"ın məqaləsi daha çox İrana qarşı psixoloji müharibənin bir hissəsidir. Digər tərəfdən hərbi ekspertlər İsrailin İranı vurmaq üçün Səudiyyə Ərəbistanından icazə almağa ehtiyacının olmadığını da deyirlər. Belə ki, İsrailin ballistik raketlərlə təchiz olunmuş sualtı qayıqları artıq Fars körfəzindədir. Onlar İran ərazisində istənilən obyekti vura bilərlər. Digər tərəfdən, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İran səmasına çatmaq üçün havada yanacaq götürməklə Qırmızı dənizin üzərindən uça və radarlardan yayına bilərlər. Ərəb təhlilçilərinə görə İsrail belə məlumatları yaymaqla Yaxın Şərqdə münasibətlərin gərgin olmasından faydalanmağa çalışır. Lakin ərəb ölkələrinin İranla münasibətləri mürəkkəb olsa da heç kim yəhudi dövləti ilə hərbi əməkdaşlığa getmək fikrində deyil.
Bundan başqa hələ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton və Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Faysal 2012-ci il martın 31-də Riyad şəhərində keçirlən ortaq mətbuat konfransında elan etmişdilər ki, ABŞ və Körfəz ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan 6 ərəb ölkəsi birgə raketdən müdafiə sistemi yaradacaq. Belə bir sistemin yaradılması üçün körfəzdə elmi tədqiqatların başlanılmasına qərar verilmi.di. Bunun üçün Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirliyi və ABŞ nümayəndələrinin təmsil olunduğu ortaq komitə yaradılmışdı. Hillari Klinton bildirmişdi ki, ABŞ və Fars körfəzi ölkələrinin strateji əməkdaşlığı terrorizmlə və dəniz quldurları ilə mübarizənin, iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsinə təkan verir. İranın qonşu ölkələri təhdid etdiyini deyən ABŞ dövlət katibi əlavə etmişdi ki, bu ölkə dənizdə sərbəst nəqliyyata mane yaradır.
Görəsən İsrailin baş nazirinin ərəb və yəhudiləri İrana qarşı birləşdirmək planı baş tutacaqmı?
Ekspert Rufiz Hafizoglunun fikrincə, regionda baş verən bir çox hadisələr onu söyləməyə əsas verir ki, əslində bir çox ərəb ölkələri, xüsusən də Misir, İordaniya və Səudiyyə Ərəbistanı İranın nüvə proqramından və bölgədəki siyasətindən narahatdırlar: "Öz unikallığı ilə seçilən bu təklifin reallaşmasına ciddi əngəllər var. Bunlardan biri də regionda İranın müsəlmanlar arasında bir çox sahələrdə ərəb dünyasından daha nüfuzlu olmasıdır. Bununla yanaşı, ərəb ölkələrində, xüsusən də Ərəbistan yarımadasında (Səudiyyə Ərəbistanında, Küveytdə, Qətərdə, Bahreyndə, Yəməndə, Ərəb Əmirliklərində) güclü şiə amilinin olmasıdır. Səudiyyə rəsmilərinin ölkədə şiə müsəlmanlarının həddən artıq az olmasını söyləməsinə baxmayaraq, ölkədə yetərincə şiə müsəlmanın olması və onların neft ilə zəngin bölgələrdə yaşaması faktdır. Digər bir əngəl isə Səudiyyə Ərəbistanı daxilində bir çox din xadimlərinin Səudiyyə üsul idarəsindən narazı olmasıdır. Bütün bu faktların olması bir daha onu göstərir ki, ərəb dövlətləri İrana qarşı hər nə qədər qısqanclıqla yanaşsalar da, İsrail rəsmisinin təklifini reallaşdırmaq bir o qədər də asan olmayacaq".