İran nüvə silahından “imtina” edir Dünya

İran nüvə silahından “imtina” edir

Deyəsən, Tehran Qərblə Rusiyanın münasibətlərində çatların yaranmasından yararlanmağa çalışır

Cavid

İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə silahının istehsalından imtina etdiyini bildirib. "Reuters" agentliyinin məlumatına görə, Ruhani bu sözləri müdafiə nazirliyində keçirilən görüş zamanı bildirib. İran prezidenti bu qərarın "mənəvi prinsiplər"ə görə qəbul olunduğunu ifadə edib.
"Əgər İran kütləvi qırğın silahı istehsal etmək istəsəydi, nüvə silahındansa kimyəvi və ya bakterioloji silah düzəltmək daha asan olardı" - prezident Ruhani belə deyib. Daha əvvəl İranın ali dini lideri ayətullah Əli Xamneyi İranda nüvə silahının istehsalını qadağan edən fətva vermişdi.
Amma İran prezidenti onu da bildirib ki, İsrail nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmalıdır.
"Heç bir ölkə nüvə silahına sahib olmamalıdır" - deyə Həsən Ruhani bildirib. O qeyd edib ki, İsrail nüvə arsenalına malik olmasını etiraf etmir, amma bunu hamı bilir və o, bu arsenalı beynəlxalq nəzarət altına qoymalıdır.
"O vaxta qədər ki, nüvə silahı mövcuddur, onun istifadəsi, tətbiq olunması və yayılması riski saxlanılır. Yeganə mütləq zəmanət onun tam ləğv olunmasıdır". Ruhani belə deyib.
Ruhani onu da bildirib ki, İsrail Yaxın Şərqdə yeganə ölkədir ki, regionun nüvə tərksilahı üzrə beynəlxalq səylərini pozur. O, İsraili yubanmadan nüvə silahının yayılmaması haqqında müqaviləni imzalamağa çağırıb.
İranın bu məsələdə səmimi ola biləcəyi bir qədər şübhə doğurur. Çünki fars rejiminin illərdən bəri milyardlarla dollar bahasına israrla inkişaf etdirməyə çalışdığı nüvə proqramından vaz keçəcəyi ağlabatan deyil. Hüquq müdafiəçisi Elçin Hatəminin fikrincə, İranın nüvə proqramı indiyədək xalqa 200 milyard dollardan çox zərər vurub. İranlı rəsmilər hesab edirlər ki, rejimin mütləqliyini yalnız nüvə silahı qarantiya altına ala bilər. E.Hatəmi bildirib ki, uzun müddət İran İnqilab Keşikçilərinin gizli fəaliyyəti və əlilə nüvə silahının əldə edilməsinə çalışılıb: "Lakin beynəlxalq ictimaiyyətin sərt təpkiləri və iqtisadi sanksiyalarından sonra İran dövləti çökmək həddinə çatıb. Tehran isə Cenevrədə əldə edilmiş razılaşmalardan sadəcə olaraq Qərbə qarşı taktiki gediş kimi istifadə edir. Həmin anlaşma ilə rejim ölkəyə qarşı tətbiq edilmiş iqtisadi embarqoları aradan götürmək niyyətindədir. İran bununla neftini yenidən dünya bazarına çıxarmaq şansı əldə edəcək ki, bu da nüvə proqramının yenidən fəallaşdırılması üçün külli miqdarda gəlirlərin əldə edilməsi deməkdir. Hesab edirəm ki, İran dövləti bu istiqamətdə nüvə silahının əldə edilməsi fəaliyyətinə yenidən start verəcək".
Politoloq Vasif Əfəndi isə məsələyə fərqli yanaşır. O bildirib ki, İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə silahının istehsalından imtina etdiyini Müdafiə Nazirliyində keçirilən görüş zamanını bildirib: "Lakin bu anlama gəlməməlidir ki, İran bunu öz xoşuna və yaxud humanitar nöqteyi-nəzərdən edir. Mən deyərdim ki, İranın bu bəyanatı verməsi pişiyin ağzının ətə çatmaması məsəlini xatırladır. İranın nüvə proqramı lahiyəsi gündəmə gələn gündən onun bu proqramı həyata keçirə biləcəyi böyük şübhə altında idi. İlk növbədə nüvə proqramlarının həyata keçməsinə böyük məbləğdə vəsait tələb olunur. Amma nə lahiyənin əvvəlindən nə də hazırda İranın iqtisadi imkanları buna yol vermir. Ona görə də bu bəyanatın ABŞ və İsrailin İrana yönəlik siyasətində dəyişiklik edəcəyi inandırıcı görünmür. Hesab edirəm ki, Qərb Rusiya ilə münasibətləri tam aydınlaşdırmayana qədər İranla münsibətlərin indiki vəziyyətdə qalmasını daha üstün tutur. Bu da İran neftinin qara bazar vasitəsilə barreli 20 dollara alınmasına imkan verir."
Ümumiyyətlə, İranın nüvə silahından imtina etməsi barədə bəyanatına baxmayaraq rəsmi Tehranın Təl-Əvivlə düşmənçiliyi çətin aradan qalxsın. İran nüvə silahından imtina edə bilər, amma İsraillə düşmənçiliyi hələ uzun illər davam edəcək. Bu zaman isə AB strateji müttəfiqi olan İsraili İranın nüvə silahından imtinasına qurban verə bilməz. Elə politoloq Sail İsgəndərov da bildirir ki, ABŞ Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailin etirazına rəğmən, İranla münasibətləri qaydaya salmaq siyasətindən imtina etməyi düşünmür. Ağ Evin bu cəhdləri bir sıra tarixi və geosiyasi amillərlə əlaqələndirilir.
Birincisi, Amerika-İran əlaqələrinin dərin tarixi kökləri var. 1979-cu ildə İranda baş vermiş islam inqilabınadək ABŞ-ın Yaxın Şərqdəki ənənəvi müttəfiqlərindən biri məhz Tehran olub. İranın İsraillə münasibətləri də həmin inqilabdan sonra pozulub. Yeri gəlmişkən, ABŞ-la Səudiyyə Ərəbistanı arasında müttəfiqlik Ağ Ev tərəfindən məcburi atılmış addımdır. Vaşinqtonun İranda baş vermiş inqilabdan sonra atdığı bu addım hələ də bir çox ekspertlər tərəfindən qeyri-təbii hesab olunur.
İkincisi, Vaşinqtonun bəzi ərəb ölkələrində islam demokratiyası modeli qurmaq cəhdləri radikal islamçı qüvvələrin ön plana çıxması, bölücü məzhəblərin güclənməsilə nəticələnib. Bu mənada Vaşinqtonun Tehranla yaxınlaşmasının Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran-Rusiya tandemini dağıtmaq məqsədi güddüyü də istisna olunmur.
Üçüncüsü, ABŞ-ın xarici siyasətində əsas prinsip dünyanın hər hansı regionunda ayrı-ayrı dövlətlərin, o cümlədən müttəfiq ölkələrin dominatlığına imkan verilməməsidir. Yaxın Şərqdə yaşanan son hadisələr fonunda isə bəzi ölkələrdə "ərəb baharı"nı maliyyələşdirən Səudiyyə Ərəbistanı tədricən siyasi çəkiyə minib, nəinki ərəb dünyasının, bütünlükdə islam dünyasının lideri mövqeyinə iddia etməyə başlayıb.
Dördüncüsü, İran regional dövlət hesab olunsa da, o, hətta Amerika qitəsində də baş verənlərə təsir göstərməyə çalışır, Latın Amerikası ölkələrində Vaşinqton əleyhinə siyasəti dəstəkləyir. Bu səbəbdən Vaşinqtonun bu yolla Tehranın Latın Amerikası dövlətlərinə təsir imkanlarını zəiflətməyə çalışması da mümkündür. Yəni bu yerdə Birləşmiş Ştatlar bir prinsiplə hərəkət edir: "Hadisələrin inkişafına mane ola bilmirsənsə, ona nəzarət etməyə çalış".
Beşincisi, ABŞ-ın Yaxın Şərqdəki maraqlarının təmini nöqteyi-nəzərindən, İran nəhəng həcmdə enerji daşıyıcılarına malik bu regionda Vaşinqton üçün Səudiyyə Ərəbistanından daha əhəmiyyətli rol oynaya bilər. İran bu göstəricilərinə görə nəinki ön sıralardan birini tutur, o, həm də Xəzər və Mərkəzi Asiya regionlarından enerji daşıyıcılarının daşınması üçün çox əlverişli dəhlizdir. ABŞ-la İran arasında sıx müttəfiqlik münasibətləri qurularsa, Tehranın Pekinlə əməkdaşlığı minimuma düşəcək və nəticədə Mərkəzi Asiyadan enerji daşıyıcılarının nəqlinin monopoliyaya götürməsilə bağlı Rusiyanın mövqeləri zəifləyəcək. Üstəlik, geosiyasi baxımdan Moskvanın MDB məkanındakı layihələri ciddi şübhə altına düşəcək, son illər Mərkəzi Asiya və Xəzər regionuna təsir imkanlarını ciddi şəkildə artırmış Çinin mövqelərinə ciddi zərbə dəyəcək".
İndi Vaşinqtonun əsas məqsədi Təl-Əvivi Tehranla yaxınlaşmanın vacibliyinə inandırmaqdır: ABŞ müttəfiqin inandırmalıdır ki, İranla yaxınlaşma nəinki İsrail üçün heç bir təhlükə yaratmır, üstəlik, o, bütünlükdə Yaxın Şərqdə təhlükəsizliyin təmininə müsbət təsir göstərə bilər. Amma görünən odur ki, Vaşinqton, hələ ki, bunu bacarmır".