Putin nala-mıxa vurdu Dünya

Putin nala-mıxa vurdu

Rusiya prezidenti bildirib ki, Ukrayna ilə döyüşməyə hazırlaşmır
"Ukrayna hərbi hissələrini mühasirəyə alanlar Rusiya hərbçiləri deyil, Krım özünümüdafiə qüvvələridir"

"Viktor Yanukoviç fevralın 21-də böhranın nizamlanması haqqında sazişi imzalamaqla Ukraynada hakimiyyəti faktiki olaraq təhvil verdi". Bunu ötən gün Rusiya prezidenti Vladimir Putin deyib.
O, qeyd edib ki, Ukraynada inqilabi vəziyyət ölkənin müstəqilliyinin ilk günlərində yaranıb. RF prezidentinin sözlərinə görə, Yanukoviçin yenidən prezident seçilmək şansı yox idi: "Son günlər ərzində telefon əlaqəsi saxladığım hər kəs bununla razılaşır. O zaman Konstitusiyaya və qanuna zidd hərəkətlər edərək ölkəni xaosa sürükləmək nəyə lazım idi?".
Putin bildirib ki, Ukrayna parlamenti qismən legitimdir, ölkə prezidenti səlahiyyətlərini icra edən isə yoxdur.
Prezident jurnalistlərə deyib: "Bugünkü hakimiyyət legitimdirmi? Parlament qismən hə, qalanları isə yox! Prezident səlahiyyətlərinin icraçısını isə qətiyyən legitim adlandırmaq olmaz. Hakimiyyətin "fasadının təmiri"ni deyil, əsaslı dəyişikliklər tələb edən ukraynalıları yaxşı başa düşürəm".
Rusiyanın dövlət başçısı onu da deyib ki, Maydandakı insanları da yaxşı başa düşür, onlar Ukraynada köklü islahatların aparılmasını tələb edirlər.
O, qeyd edib ki, hüquqi baxımdan Yanukoviç Ukraynanın yeganə legitim prezidentidir: "Ukrayna prezidentinin hakimiyyətdən uzaqlaşdırılmasının 3 qanuni yolu var - ölüm, hakimiyyətdən imtina ilə bağlı şəxsi bəyanat və impiçment. İmpiçment mürəkkəb prosesdir. Bu prosedur həyata keçirilməyib".
Putin deyib ki, Moskva Krımın Rusiyaya birləşdirilməsi imkanına baxmır.
Rusiya prezidenti qeyd edib: "Ümumiliyyətlə, güman edirəm ki, yalnız bu və ya digər ərazilərdə yaşayan vətəndaşlar öz iradələrini azad şəkildə ifadə edə, təhlükəsizlik şəraitində öz gələcəklərini müəyyən edə bilərlər və etməlidirlər".
V.Putin bildirib ki, Krımda Ukrayna hərbi hissələrini mühasirəyə alan birləşmələr Rusiya hərbçiləri deyil, Krım özünümüdafiə qüvvələridir. O, jurnalistin həmin birləşmələrin hərbi formalarının Rusiya hərbçilərinin formalarına oxşaması barədə sualına belə cavab verib: "Bunun üçün hərbi ticarət məsələsinə baxmaq lazımdır. Hərbi ticarət zamanı Rusiya ordusu hərbçilərinin formasına bənzər formalar satılır. Rusiya Krımda özünümüdafiə qüvvələrinin hazırlığında iştirak etmir".
Prezident, həmçinin qeyd edib ki, 22 min hərbçi bir güllə atılmadan Krım hakimiyyətinin nəzarətinə keçib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bir qrup silahlı Krım Ali Şurasının inzibati binasını ələ keçirməyə çalışması krımlıların böyük narahatlığına səbəb oldu: "Belə bir təəssürat yarandı ki, Krımda Kiyev ssenarisini təkrarlamaq istəyirlər. Onlar məhz buna görə özünümüdafiə qüvvələri yaratdılar".
Rusiya prezidenti Vladimir Putin Ukrayna xalqı ilə döyüşməyə hazırlaşmadığını bəyan edib: "Əgər biz ordu yeritmək haqda qərar qəbul etsək, bu ancaq Ukrayna vətəndaşlarını müdafiə etmək üçün olacaq".

TURQUT