Krım böyük güclərin savaş meydanına çevrilə bilər Dünya

Krım böyük güclərin savaş meydanına çevrilə bilər

Rusiyanın yarımadaya əlavə hərbi qüvvə cəmləşdirməsinə cavab olaraq, ABŞ da Krıma qoşun yeridir

Cavid

Rusiyanın Krımı işğal etməsi ABŞ başda olmaqla Avropa Birliyi və HATO-nun narahatlığına səbəb olub. Ukraynada baş vermiş hakimiyyət dəyişikliyindən sonra Rusiyanın Krıma qoşun yeritməsi ABŞ-ı da hərəkətə keçirib. ABŞ hərbi donanmasının önəmli hərbi gəmilərindən olan raketdaşıyıcı "USS Truxtun" Qara dənizə doğru istiqamətlənib. Həmçinin aviadaşıyıcı "USS George H.W. Bush"un artıq Egey dənizinin sularına girdiyi, onun da Qara dənizə istiqamətləndiyi də bildirilib.
Lakin aviadaşıyıcının Qara dənizə keçməsi sual altındadır. 1936-cı ildə Bolqarıstan, Fransa, İngiltərə, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ, Yuqoslaviya və Türkiyə arasında imzalanmış Montrö sazişinə görə, Bosfor və Dardanel boğazlarından aviadaşıyıcı gəmilər keçə bilməz.
Krım parlamentinin sədri Refat Çubarov BMT əsgərlərinin Krımdakı vəziyyətə müdaxilə etməsini istəyib. Çubarov qeyd edib ki, Rusiya Krımda qan tökdükdən sonra BMT əsgələrinin gəlməsinə gərək yoxdur: "Parlamentin referendumla bağlı qəbul etdiyi qərar Ukrayna qanunlarına ziddir. Bir tərəfdən Rusiyaya ilhaq olmaqla bağlı qərar qəbul ediblər, digər tərəfdən isə, xalqın fikrini soruşmaq üçün referendum keçirmək istəyirlər. Bu, xalqa qarşı hörmətsizlikdir".
Xatırladaq ki, Krım parlamentinin bir qədər əvvəl muxtar respublikanın Rusiyaya birləşdirilməsi istiqamətində qərar qəbul edib.
Ukaraynanın BMT-dəki səfiri Yuri Sergeyev də Krım muxtar respublikasının tamamilə rusların nəzarəti altında olduğunu bildirib. Təşkilatın Nyu Yorkda baş tutan iclasından sonra mətbuat konfransında çıxışı zamanı Sergeyev qeyd edib ki, hazırda Krımda vəziyyət qeyri-stabildir və regionda heç kimin təhlükəsizliyinə zəmanət vermək düzgün deyil.
Brüsseldə baş tutan sammitin yekununda isə Avropa rəsmiləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini təndiq ediblər.
Fransa prezidenti Fransua Oland, Rusiyanın Ukraynanı iki yerə bölmək, parçalamaq və hətta işğal etmək niyyəti varsa, bu beynəlxalq qanunlara ziddir - deyib.
Almaniya kansleri Angela Merkel isə hesab edir ki, Krımda keçirilən referendum qanunsuzdur.
"Krım muxtar respublikasının statusuna dair təklif olunan referendum qanunsuzdur. Qərar regionda gərginliyin daha da artmasına səbəb olacaq".
Böyük Britaniyanın baş naziri Deyvid Kemeron bildirib ki, Rusiyanın hərəkətləri cavabsız qalmayacaq.
"Rusiyanın qeyri-qanuni hərəkətləri cavabsız qala bilməzdi. Ona görə də bu ölkə ilə biznes əlaqələri həmişəki kimi olmayacaq".
Kameron bildirib ki, Avropa Birliyi Krımdakı son hadisələrdən sonra Rusiyaya qarşı bir sıra tədbirlər görməyə qərar verib.
"İmkan verə bilmərik ki, Rusiya danışıqlar aparmadan istədiklərini həyat keçirsin. Rəsmi Moskvanın qeyri qanuni hərəkətləri cavabsız qala bilməz", deyə baş nazir bildirib.
D.Kameron həmçinin qeyd edib ki, Rusiya Ukrayna hökuməti ilə danışıqlara başlamasa, Avropa Birliyi daha kəskin addımlar atacaq.
Onu da qeyd edək ki, Krım Muxtar Respublikasının paytaxtı Sevastopol Rusiyanın tərkibinə qatılıb. Sevastopol Şəhər Şurasının növbədənkənar sessiyasında bununla bağlı qərar qəbul olunub. Qərara əsasən, şəhərin Rusiyanın tərkibinə Rusiya Federasiyasının subyekti kimi daxil edilib.
Yeri gəlmişkən, bir müddət əvvəl Sevastopol Şəhər Şurası şəhərin Rusiyanın tərkibinə daxil olması məsələsini martın 16-da keçiriləcək referenduma çıxarıb.
Aropa Birliyi isə Rusiya ilə viza rejiminin sadələşdirilməsi üzrə yeni baza razılaşması haqda ikitərəfli müzakirələri dayandırıb. AB Rusiyanı viza sanksiyaları və bank hesablarını dondurmaqla hədələyib.
Bu barədə Avropa Birliyi Şurasının sədri Herman Van Rompey açıqlama verib. Onun sözlərinə görə, Rusiya ilə viza üzrə danışıqların dayandırılması qərarı AB ölkələrinin sammitində verilib: "Rusiya Ukraynanın yeni hökuməti ilə təcili danışıqlara başlamalıdır. Yalnız bundan sonra Avropa Birliyi rəsmi Moskva ilə viza sadələşdirilməsi, dondurulmuş hesablar və Rusiya-AB sammitinin təxirə salınması barədə verdiyi qərara yenidən baxa bilər".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsi ilə bağlı tətbiq edilən bütün sanksiyalara qarşılıq veriləcəyini bildirib.
Ekspert Hüseynbala Səlimovun sözlərinə görə, Ukraynanın Ali Radasında ölkənin NATO-ya inteqrasiyasını dəstəkləyən qanun layihəsi qeydə alınıb. Bəlkə də bu, Ukraynanın öz ətrafında baş verən hadisələrə ən yaxşı cavabıdır - ölkə Rusiyanın təzyiqlərinə baxmayaraq tutduğu yoldan dönmək fikrində deyil: "İndi Rusiya qoşunlarının Ukraynanın içərilərinə doğru hərəkəti dayandırılsa da bu ölkə de-fakto olaraq Krıma nəzarət edir. Əslində Rusiya prezidenti V.Putinin 2 planı vardı: minimum və maksimum planlar. Minimum plan Krımın "müstəqilliyi"ni artırmaq və onu ikinci Dnestryanı Respublikaya çevirmək idi. Maksimum plana görə isə Ukrayna bir neçə hissəyə parçalanmalı idi. Maksimum planın qarşısı dərhal alındı. Bunu ABŞ-ın və aparıcı Avropa ölkələrinin uğuru hesab etmək olar. Amma Putin münaqişəni iki mərhələyə çevirə bildi. Faktiki olaraq, Ukrayna ərazisinin digər hissələrinin işğalının dayandırılması müqabilində Krım məsələsi bir qədər arxa plana keçdi. Düzdür, səylər davam edir, danışıqlar aparılır, məsələ bir an belə unudulmur. Putin Rusiya qoşunlarının hətta Krımda belə mövcudluğunu inkar etsə də bu bölgəyə mərkəzi Ukrayna hakimiyyəti nəzarət edə bilmir".
H.Səlimov bildirib ki, əgər Krım Dnestryanı Respublika, Qarabağ kimi problemə çevrilsə o, Ukrayna dövlətinin boyunduruğu olacaq. Rusiya bundan istifadə edərək Ukraynanın siyasətini daim tənzimləməyə, idarə etməyə çalışacaq: "İndi Ukrayna da Krıma qaynar nöqtə olmağa imkan versə eyni vəziyyətə düşəcək. Rusiyanın ondan birinci tələbi nə olacaq? Təbii, NATO ilə əlaqələrin minimuma endirilməsi! Avropa ilə bağlı siyasətin Rusiya ilə razılaşdırılması!
Bunlar azad olmaq istəyən Ukraynaya sərf edəcəkmi? Güman etmirik. Bəli, Rusiya Ukraynanı MDB-də saxlamaq üçün "rıçaq" tapdığını zənn edir. Təbii ki, indi Ukraynada mövcud olan hakimiyyət buna getməyəcək. Ona görə də onların bir yolu qalır: Krımın qaynar nöqtəyə çevrilməsinin qarşısnı almaq! Amma artıq gec deyilmi? Əslinə qalsa, bu situasiyada Ukraynadan asılı olan çox az şey var. Daha çox məsələ ABŞ-dan və Avropa ölkələrindən asılıdır. Yuqoslaviya hadisələrini yada salmaq lazımdır. Avropa öz qoynunda ikinci müharibə oacağının yaranmasını istəyirmi? Yuqoslaviyada Rusiya siyasəti tam fiaskoya uğradı. Hər şey dözülməz həddə çatmışdı və birdən NATO təyyarələri havaya qalxdı, necə illərin müharibə və etnik münaqişələr ocağı söndü.
Artıq Moldovo da öz təhlükəsizliyinin təmin olunması üçün NATO-ya müraciət edir. Qeyd etdiyimiz kimi, Ukrayna da bu bloka ümidlə baxır. Daha yaxşı olardı ki, NATO uzaq Əfqanıstanla bahəm Avropanın kandarında da sahman yaratmağa başlasın.
Ola bilsin, kiçik bir ərazinin Ukraynadan qopa bilməsi Qərb dövlətlərini bir o qədər də əndişələndirmir. Ona görə ki, hətta bu halda da Ukrayna ərazi baxımından Avropanın ən böyük dövlətlərindən biri kimi qalacaq. Amma itki itkidir. Üstəlik, bu hadisə presedentə çevrilə bilər, Rusiyanın ekspansiv siyasətini bir az da artırar, ona daha böyük temp verər. Əslində Gürcüstandan sonra presedent yarandı. İndi hətta ən nüfuzlu Qərb siyasətçiləri də etiraf edir ki, Rusiya Ukraynada Gürcüstan ssenarisini həyata keçirir.
Bir daha düşünmək olar ki, Krım kiçik ərazidir, üstəlik Ukraynanın tərkibinə 1954-cü ildə verilib. Amma zəmanət varmı ki, Krım da presedentə çevrilməyəcək? Sabah təcavüz siyasəti Mərkəzi Asiyaya, məsələn, Qazaxıstanın şimal ərazilərinə doğru istiqamət götürməyəcək? Hər şey ola bilər. Amma 21-ci əsrdə dünyada hər şey olmamalıdır, o şeylər olmalıdır ki, onlar hamının maraqlarını nəzərə alır".
Politoloq Razi Hurullayev isə bildirib ki, Krımın Ukraynadan ayrılması və Rusiyanın tərkibinə daxil olması ABŞ üçün ciddi siqnaldır: "ABŞ artıq Ukrayna xalqı qarşısında məsuliyyət daşıyır. Avropa Birliyi və ABŞ Ukrayna müxalifətinə dəstək verdi və onları Yanukoviçi yıxmağa sövq etdi. Nəticə isə Ukranya üçün acınacaqlı oldu. Talanmış büdcə və parçalanmış ölkə. Buna görə də ABŞ istənilən vasitəyə əl ata bilər ki, Krımı Ukraynaya qaytarsın. Onun üçün də ABŞ Qara Dənizə donanmasını göndərir və Latviyada da qırıcı təyyərlərinin sayını iki dəfə artırıb. Çox güman ki, söhbət klassik müharibə məsələsindən getmir. Amma, ABŞ bunun mesajlarını verir və bu da bazara təsir edir. ABŞ-ın məqsədi Rusiya bazarını çökdürmək və Rusiya cəmiyyətində ajiotaj, sosial narazılıq yaratmaqdır ki, xalq ayağa qalxsın və Putini devirmək istəsin. Əgər, ABŞ və Avropa Birliyi qətiyyətli sanksiyalar tətbiq etsə, Rusiyada rubl dəyərdən düşəcək. Güman etmək olar ki, ABŞ heç bir vəchlə Krımın Rusiyaya birləşdirilməsinə razı olmayacaq və soyuq müharibə təzahürləri güclənəcək. Baş verəcək hadisələrə hazır olmaq üçün ABŞ regionda hərbi gücünü artırır və artırmaqda davam edəcək. Bununla bərabər, Krımın taleyi yalnız Ukraynanın yox, həm də AB-nin Şərq Tərəfdaşlığı təşəbübsünün taleyini həll edəcək. Digər ölkələrin gözü Ukraynadadır. Onlar ya gözü çıxmış qardaşdan dərs alacaqlar, ya da göz çıxarmış qardaşdan".
"Rusların Krım tatarlarını müxtəlif vasitələrlə təxribata çəkmək planları hələ ki, baş tutmur". Bunu isə politoloq Arzu Hağıyev bildirib.
Onun fikrincə, Krım hadisələrindən əvvəl ruslar tərəfindən belə bir təbliğat aparılırdı ki, guya Krım tatarları yeni hakimiyyəti dəstəkləyən ən mütəşəkkil diasporadır və rus qoşunları yarımadaya yeridildikdən sonra qarşıdurma yaradacaqlar. Ancaq ruslar təəssüf etdilər ki, belə bir şey olmadı: "Bəli təəssüf. Bu gün Krım tatarları gözləmə mövqeyi tutublar. Çünki ruslara elə bir səbəb lazımdır ki, tataları bir "qaniçən" kimi qələmə versinlər və qoşun yeritmələrinə başqa bir don geyindirsinlər. Ancaq bu yarnamış sükut da hər an pozula bilər. Bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynada oldu və Ali Radanın sədri ilə və xarici işlər naziri əvəzi ilə görüşdü. Bu bir daha göstərir ki, Türkiyə Ukraynanaı öz strateji tərfdaşı kimi görür və ölkənin müstəqilliyini olduğu kimi qəbul edir. Məlumdur ki, Türkiyə istər iqtisadi, istərsə də diplomatik cəhətdən Ukraynaya kömək göstərməyə hazırdır.
Bu görüşdən sonra Türkiyənin baş naziri Ərdoğan və Rusiya prezidenti Putin arasında danışıq oldu və güman ki, əsas mövzulardan biri də Krım tatarları idi. Hətta Krım tatrlarının liderləri ilə görüşdə Əhməd Davutoğlu bildirdi ki, əgər onlar üçün təhlükə yaranarsa, Türkiyə onalrın yardımşısi kimi birinci ölkə olacaq. Ankarada krım-tatar diasporasının mitinqi keçdi, bu İstanbulda da olacaq, tatarlar tələb edirlər ki, Türkiyə əlindən gələn yardımı Ukrayna üçün eləsin. Türkiyə iqtidarı üçün seçki qabağı bu vacib bir məsələdur. Rusların Krım tatarlarını müxtəlif vasitələrlə təxribata çəkmək planları hələ ki, baş tutmur. Rusları qorxudan məsələlərdən biri də əlbəttə ki, Kazan tatarlarıdır. Krımda baş verə biləcək istənilən hadisə dərhal Kazanda əks-səda verə bilər. Bu da az da olsa, son vaxtlar isti münasibət nümayiş etdirən Rusiya-Türkiyə əməkadşlığına zərər gətirə bilər".