Putin Minsk razılaşmasına xəyanət edib
Cavid
Rusiya tərəfdarı separatçılar Avropalı müşahidəçiləri Ukraynanın şərqində müharibənin getdiyi Debaltsev şəhərinə buraxmayıblar. ATƏT-dən bildiriblər ki, gecə yarısından başlayaraq Ukraynanın şərqində atışmaların dayandırılmasına dair razılıq əldə olunsa da, üsyançıların nəzarətindəki Luqansk və Donetsk arasındakı dəmir yolu qovşağı olan Debaltsevdə döyüşlər davam edir.
Üsyançıların iddiasına görə, atəşkəs razılığı Debaltsevə şamil olunmur. Şəhərdə üsyançılar Ukrayna qüvvələrini mühasirəyə alıb.
Ukrayna ordusunun sözçüsü Andrey Lısenkonun sözlərinə görə, keçən həftə Belarus paytaxtı Minskdə əldə olunan atəşkəs razılığı qüvvəyə minəndən sonra bir neçə saat ərzində separatçılar ordunun mövqelərini 10 dəfədən artıq artilleriya hücumuna məruz qoyub. Ancaq o, ümumilikdə ölkənin şərqində sabitliyin bərqərar olduğunu bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib ki, Luqansk regionunda atışmalara görə Rusiya kazakları məsuliyyət daşıyır.
Xatırladaq ki, Rusiya tərəfdarı separatçılar Debaltsevdə Ukrayna ordusunun 8 minə yaxın əsgərini mühasirədə saxladıqlarını iddia edirlər. Ukrayna tərəfi isə xəbəri təkzib edir.
O da bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 90 maşından ibarət karvanı Ukrayna ərazisinə daxil olub. Rusiya rəsmilərinin məlumatına görə, onlar Luqanska 1,8 min ton "humanitar yardım" çatdırıblar. İddia olunur ki, yardımlar əsasən ərzaq, dərman, tikinti materalı və dərsliklərdən ibarətdir. Lakin Ukrayna tərəfi Rusiyameylli separatçılara yardımların humanitar xarakterli olmasına şübhə ilə yanaşır. Belə ki, yardımlar Ukraynanın nəzarət etmədiyi bölgələrdən ölkəyə daxil olur və bununla da Ukrayna sərhədçilərinin həmin yükləri yoxlamaq imkanı olmur.
Bu arada Fransanın xarici İşlər naziri Loran Fabius jurnalistlərə açıqlamasında deyib ki, əgər separatçılar formal olaraq atəşkəsi pozsalar, Minsk razılaşmasının pozulmasına görə Rusiya məsuliyyət daşıyacaq. Onun sözlərinə görə, Minsk razılaşması yerinə yetirilsə, Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq.
"Əgər vəziyyət yaxşılaşsa, sanksiyalar azaldılacaq. Amma Rusiya və separatçılar Minsk razılaşmasının tələblərini yerinə yetirməsə yeni sanksiyalar olacaq", - Fabius deyib.
Sabiq Pentaqon rəhbəri, Mərkəzi Kəşfiyyat İdarəsinin keşmiş direktoru Leon Panetta isə deyib ki, Rusiyaya qarşı gücdən istifadə etmək lazımdır, gücsüzlük nümayiş etdirməyin mənası yoxdur. Panetta təklif edib ki, ABŞ Ukrayna ordusunu ən müasir silahlarla təmin etməlidir ki, Rusiya bütün hərəkətlərinin əvəzini ödəsin.
Onun sözlərinə görə, Minskdə Ukrayna ilə bağlı əldə olunan atəşkəs razılığı uzunmüddətli olmayacaq: "Əgər Avropa Ukraynaya həm iqtisadi, həm də hərbi yardımlar etməzsə, Ukraynada atəşkəs tezliklə pozulacaq. Rusiya öz gücünü başa düşür. Əgər Moskvanın gücünün qarşısına güc qoyulmazsa, Rusiya öz maraqları üçün əlindəki gücdən istifadə edəcək".
Panetta onu da bildirib ki, ABŞ dünyada super güc olduğunu nümayiş etdirməlidir.
Reallıqda dünən Ukraynada baş verənlər bir daha separatçıların atəşkəs razılaşması müddəlarını pozduqlarının sübutu sayıla bilər. Rusiya faktiki olaraq Minsk razılaşmasına xəyanət edir və bundan çəkinmir.
Politoloq Qabil Hüseynli Minsk razılaşmasının önəmini qeyd etməklə yanaşı, bunun heç də Ukrayna probleminin həlli demək olmadığını qeyd edib: "Məsələ ondadır ki, bu gün ortada bir razılaşma var. Lakin bu razılaşma hələ ki, güvənilən sənəd deyil. Bu isə o deməkdir ki, həmin razılaşmanın hər an pozulma ehtimalı var. Yəni Rusiya istənilən vaxt bu razılaşmanı pozaraq hərbi əməliyyatları davam etdirə bilər. Bu səbəbdən də bu razılaşma hələ problemin həll olunması demək deyil. Bu gün Ukraynada vəziyyət olduqca kövrəkdir. Sənaye infrastrukturunun sıradan çıxdığı, ordu quruculuğu və səfərbərliklə bağlı proseslərin yekunlaşmadığı, maliyyə ehtiyatının çatışmadığı, ərazilərin bir hissəsinin itirildiyi və s. vəziyyətdə Ukrayna mübarizə aparmağa, Rusiyaya qarşı daha güclü dirəniş ortaya qoymağa çalışır".
Politoloqun sözlərinə görə, hazırkı şəraitdə Minsk razılaşmasının imzalanması Ukraynanın maraqlarına daha çox cavab verir. Ekspertin qənaətincə, bu razılaşma Ukraynaya sözün bütün mənalarında toparlanmağa, öz həbi-iqtisadi gücünü səfərbər etməyə imkan verəcək ki, bu da Rusiyaya qarşı mübarizədə olduqca zəruridir: "Əslində indiki anda belə bir razılaşmanın imzalanması daha çox Ukraynaya sərf edir. Çünki məlum hadisələr fonunda Ukraynanın bir neçə aylıq da olsa "nəfəs alması" olduqca vacibdir. Əslində bu razılaşma ilə Ukrayna vaxt qazanmış oldu. Bu vaxt Ukrayna ordusunun yenidən təşkili, səfərbərlik hazırlığının yekunlaşması, bəzi sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi baxımından lazım idi. Ukrayna üçün bu razılaşmanın digər bir önəmi isə beynəlxalq təşkilatların və Qərb ölkələrinin yardımını təmin etmək baxımından əhəhmiyyətlidir. Bildiyiniz kimi Dünya Bankı Ukraynaya ciddi məbləğdə vəsait ayırıb və yəqin ki, qarşıdakı aylarda bu vəsaitin bir qismi Ukraynaya daxil olacaq. Bundan başqa, başda ABŞ olmaqla bəzi Qərb ölkələri Ukraynanın müasir silahlarla təmin edilməsində maraqlıdır və bu məsələ artıq bəlli bir müddətdir ki, gündəmdədir. Söhbət Ukraynanın yüksək öldürücü gücə malik silahlarla təmin edilməsindən gedir ki, bu silahların Ukrayna ordusunun sərəncamına verilməsi müharibənin nəticəsinə çox ciddi təsir göstər bilər. Bu və bu kimi məsələlərin həlli üçün Ukraynaya zaman lazım idi və Minsk razılaşması ilə Ukrayna bu zamanı təmin edə bildi. Lakin bir daha qeyd edirəm ki, bu, hər dəqiqə pozulması mümkün olan bir razılaşmadır. Hazırda Ukrayna ərazisində Rusiyaya məxsus xeyli sayda hərbi kontingent və texnikanın mövcud olduğunu nəzərə alsaq, o zaman bu təhlükənin nə qədər real olduğunu aydın şəkildə dərk etmək olar".
Q.Hüseynlinin sözlərinə görə, Ukrayna gec və ya tez üzləşdiyi məlum problemin həllinə nail olacaq, habelə Rusiyanı ağır məğlubiyyətə düçar etməyi bacaracaq. Politoloqun fikrincə, bu, Rusiya dövlətçiliyinin əsasını sarsıdan elə bir məğlubiyyət ola bilər ki, imperiya əsarəti altında inləyən digər xalqların milli-azadlıq mübarizəsinə sitimul verə bilər: "Hesab edirəm ki, Ukrayna yaxın gələcəkdə lazımı dəstəyi təmin etmək, habelə öz daxili imkanlarını səfərbər etmək hesabına üzləşdiyi problemin həllinə nail olacaq, öz ərazi bütövlüyünü təmin edəcək. Ümumiyyətlə, Rusiyanın Ukraynaya müdaxiləsi olduqca böyük səhv idi və bu səhv gec, yaxud tez Rusiyanın çox ağır məğlubiyyəti ilə nəticələnəcək. Elə bir vəziyyət yarana bilər ki, Rusiya imperiyasının əsarəti altında yaşayan xalqlar azadlıq uğrunda mübarizəyə başlayarlar. Belə olduğu təqdirdə Rusiya üçün prosesləri nəzarətdə saxlamaq, parçalanmadan xilas olmaq olduqca çətin və ya mümkünsüz ola bilər".