Rusiya özünü tələyə salıb Dünya

Rusiya özünü tələyə salıb

Kreml "soyuq müharibə"yə start verib

Cavid

Krımın Rusiyaya birləşdirilməsindən sonra vəziyyət daha da gərginləşib. Ukrayna-Rusiya müharibəsi başlamaq ərəfəsindədir. Bu məsələdə dünya birlikləri də Ukraynaya dəstək durmaqdadır.
Xatırladaq ki, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.
Artıq Sevastopolda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq hərbi hissənin ərazisinə zorla daxil olublar. Onlar qərargahın üzərində Rusiya bayrağı qaldırıblar. Bu barədə İTAR-TASS xəbər yayıb. Yerli vaxtla səhər saat 08:00-da qərargahın binası qarşısında mitinq başlayıb, bir neçə yüz iştirakçı hasarı uçuraraq zorla içəri daxil olublar və bayraqları dəyişdiriblər. Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri ilə mitinq iştirakçıları arasında danışıqlar aparılıb. Hərbi qulluqçulara qarşı zor tətbiq edilməyib. Əməliyyatda Rusiyanın silahlı qüvvələrinin iştirak etmədiyi bildirilir.
Simferopolda isə hərbi hissənin yaxınlığında baş vermiş atışma nəticəsində 2 nəfər - "Krımın özünümüdafiə dəstəsi"nin döyüşçüsü və Ukrayna hərbi hissəsinin hərbçisi həlak olub, ikisi isə yaralanıb. İlkin məlumatlara görə, atəş eyni yerdən iki istiqamətdə açılıb. Naməlum şəxslər hərbi hissənin bilavasitə yaxınlığında yarımçıq tikilinin pəncərəsindən atəş açıblar. Krımdakı Ukrayna SQ-nin hərbi qulluqçusunun ölümü ilə bağlı silah tətbiqinə icazə verilib.
Bu arada Türkiyə prezidenti Abdullah Gül də Krımda yaranmış vəziyyəti yeni "soyuq müharibə"nin başlanğıcı kimi qiymətləndirib. Abdullah Gül Rusiya ilə yaxın münasibətlərinin olduğunu və onlarla bütün istiqamətlərdə görüşlər təşkil etdiklərini vurğulayıb. Onun sözlərinə görə, "soyuq müharibə"nin başlanacağı təqdirdə hər kəs bundan zərər görəcək.
"Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyirik. Müttəfiqlərimizlə görüşləri davam etdiririk. Yeni bir "soyuq müharibə" başlamamalıdır. Başlarsa, hər kəs bundan zərər çəkəcək. Bundan dərs çıxarılmalıdır", - deyə Türkiyə prezidenti bildirib.
Ötən gün belə bir məlumat da yayılıb ki, Amerika Birləşmiş Ştatları hərbi qüvvələri rotasını Baltik regionuna yönəldib. Hökumət region ölkələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirmək və regionda hərbi təlimləri gücləndirmək məqsədilə fəaliyyətə başlayıb. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ötən gün bu barədə açıqlama verib. Polşanın paytaxtı Varşavada Estoniya prezidenti Tomas Hendrik İlveslə görüşən Bayden qeyd edib ki, Amerika NATO ölkəsi olaraq tərəfdaş ölkələrin suverenliyini qorumağa hazırdır: "Rusiya öz hərəkətlərinə görə cavab verəcək dedikdə, əlbəttə ki, təkcə sanksiyaları nəzərdə tutmuruq. Rusiya zorakı siyasəti ilə beynəlxalq arenada etibarını və özünə qarşı inamı itirib, bununla da dünya iqtisadiyyatından özünü təcrid edir".
ABŞ dövlət katibi Con Kerri də Krımda cərəyan edən ən son hadisələri şərh edib. Kerri bildirib ki, Rusiyanın regionda yürütdüyü işğalçılıq siyasəti bədbəxtliklə nəticələnə bilər. Onun sözlərinə görə, rəsmi Moskva bu istiqamətdə fəaliyyətini davam etdirərsə, bu, beynəlxalq ictimaiyyəti ağır seçimlər qarşısında qoyacaq.
ATƏT-ə üzv olan bütün ölkələr isə Ukraynaya xüsusi müşahidə missiyasının mandatını müzakirə edərkən Krımın onun coğrafiyasından çıxarılmasına razılıq verib. Və ATƏT Krıma missiya qrupu göndərməkdən imtina edib. Bu haqda ABŞ-ın ATƏT-dəki nümayəndəsi Deniel Maer məlumat verib. "Bu Rusiyanın təklifi olub və yerdə qalan 56 nəfər bu hissəni istisna etməyə razılaşıb", - deyə o bildirib. Amma, onun sözlərində görə, xüsusən dünən çağırılmış missiyanın mandatına səs vermək mümkün olmayıb. Qərarın olmaması paytaxtlarındakı əmrlərin alınması zərurəti ilə bağlıdır.
Görünür, ATƏT ölkələri nümayəndələri arasında coğrafi məsələ ilə bağlı anlaşılmazlıq var.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib ki, ölkəsi Rusiya ilə hərbi əməkdaşlığını dayandırıb. O bildirib ki, Rusiya, Böyük Britaniya və Fransa arasında müştərək hərbi dəniz təlimləri ləğv olunacaq. Habelə, Böyük Britaniya gəmilərinin Sankt-Peterburqa səfərindən imtina ediləcək. Heyq avropalı liderlərin qarşıdakı görüşündə Londonun Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiqində israrlı davranacağını vurğulayıb. Qeyd edək ki, daha öncə ABŞ da Rusiya ilə hərbi əməkdaşlığını donduracağını vəd edib. Qərb ölkələrini bu addıma Krımın Rusiyaya birləşdirilməsi vadar edib.
ABŞ-ın milli coğrafiya cəmiyyətinin mütəxəssisləri isə xəritədə Krımı Rusiya ərazisi kimi qeyd etməyi planlaşdırırlar. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, Cəmiyyətin baş mütəxəssisi Xuan Valdes bu qərarı Rusiya Parlamentinin Krım və Sevastopolun ölkə tərkibinə qatılması haqqında sazişi təsdiq etməsindən sonra bu ərazilərin rəsmən Rusiya Federasiyasının bir hissəsi olması ilə əsaslandırıb: "Mən dünyada baş verən hadisələri izləməliyəm. Və bu hadisələr nə olursa-olsun, xəritələr mövcud reallığı əks etdirməlidir".
ABŞ isə Krımda keçirilən referendumun nəticələrini və Krımın Rusiyaya qanunsuz birləşdirilməsini tanımır. Bunu brifinqdə qurumun mətbuat katibi Cen Psaki bildirib. Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Ukraynanın Xarici İşlər Nazirliyi isə Rusiya Federasiyasının Ukraynadakı müvəqqəti müvəkkili Andrey Vorobyovu çağıraraq, ona etiraz notası təqdim edib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Notada Rusiyanın Krım Respublikasını Sevastopol şəhərini Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə qarşı etiraz bildirilib. Ukrayna Xarici İşlər Nazirliyi həm BMT-nin Nizamnaməsinə, həm də Ukrayna ilə Rusiya arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və müttəfiqlik haqqında sazişə istinad edib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov BBC telekanalına müsahibəsində deyib ki, Krımda olan ukraynanlı hərbçilər maneəsiz olaraq bu ərazini tərk edə bilərlər.
"Onlar seçim edə bilərlər. Ya Rusiya ordusunun tərkibinə daxil olacaq Krım qüvvələrinə birləşməlidirlər, ya da Krımı tərk edərək gedə bilərlər", - deyə D. Peskov bildirib. Prezidentin mətbuat katibi həmçinin deyib ki, Rusiya yarımadada hazırlanan təxribatdan da xəbərdardır.
Politoloq Vəfa Quluzadə bildirib ki, prezident Vladimir Putin Krımda referendum keçirməklə Rusiya daxilindəki sosial və iqtisadi problemləri ört-basdır etmək istəyir. Onun sözlərinə görə, bəli, ilk baxışdan Rusiya Ukraynada istədiyini həyata keçirə bilir: "Lakin belə aqressiv yanaşma hansı fəsadları verəcək - bu tamam başqa bir mövzudur. İlkin görüntü belədir ki, Rusiya istədiyini həyata keçirir. Bu, Rusiya üçün hansı nəticəni yarada bilər? Birincisi, Krım ətrafındakı hadisələri başa düşmək üçün Rusiya daxilində gedən prosesləri bilmək, anlamaq lazımdır. Ötən əsrin sonlarında Sovetlər Birliyi dağılandan sonra Rusiya yeni bazar iqtisadiyyatına qədəm qoydu. İqtisadiyyatın inkişafında Rusiya uğursuzluğa düçar oldu. Hazırda Rusiyanın vəziyyəti acınacaqlıdır. Rusiya rublunun məzənnəsi düşüb, bahalaşma gedir. Rusiya geriyə -Sovetlər Birliyi dönəminə qayıdır. Əvvəla, Rusiya qələbə əhval-ruhiyyəsi yaratmaq istəyir. Qərbə meydan oxuyaraq Krımı işğal edir".
Qərblə Rusiya arasında əlaqələrin bazar iqtisadiyyatı əsasında qurulmadığını qeyd edən Vəfa Quluzadə bildirib ki, Rusiya Avropa ölkələrinə bənzəmir, Amerika ilə müqayisəyə gəlincə isə, burada əlavə şərhə ehtiyac yoxdur: "Rusiyanı ən yaxşı halda Hindistanla müqayisə etmək olar. Bəlkə də sonuncu bir qədər də daha yaxşı inkişaf edib. Rusiyanın təkcə nüvə silahı ortadadır. Ona görə də rus əsgəri şantaj və anneksiya yolunu seçib".
Azərbaycan torpaqlarını - Dağlıq Qarabağ bölgəsini erməni bayrağı altında Rusiyanın işğal etdiyini söyləyən politoloq vurğulayıb ki, rəsmi Moskva münaqişəyə tamamilə başqa rəng qatmaq, fərqli motiv vermək istəyir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinə başqa rəng vermək istəyir. Baxın, Abxaziya və Osetiyanı da işğal etdi, onların müstəqilliyini tanıdı. Hazırda isə Krımı öz tərkibinə daxil etmək fikrindədir. Avropa bununla barışmaq fikrində deyil. Hər yolla Rusiyanı sıxışdıracaq, oradakı milli azlıqların separatçılığını dəstəkləyəcək. Çeçenistanda müharibəni alovlandıracaq. Müstəqillik uğrunda mübarizələr dəstəklənəcək. Putinin əleyhinə ciddi tədbirlər görüləcək. Birmənalı deyirəm bu atmosfer Rusiyanın indiki acınacaqlı vəziyyətini pərdələmək üçün keçirilən tədbirdir".