“RƏY” Monitorinq Mərkəzi I Avropa Oyunları ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb Hadisə

“RƏY” Monitorinq Mərkəzi I Avropa Oyunları ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb

Avropa idman rəsmilərinin də etiraf etdiyi kimi, iyunun 12-dən 28-dək Bakının ev sahibliyi etdiyi bu idman tədbiri öz səviyyəsinə və təşkilatçılığına görə yay olimpiya oyunlarından geri qalmadı. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Azərbaycan bu idman yarışının yüksək standartlarını formalaşdırdı. Bəs Azərbaycan əhalisi İlk Avropa oyunlarının təşkilini necə qiymətləndirir? Ümumiyyətlə, onlar bağlanış mərasimini izləyiblərmi və əgər izləyiblərsə bu, onlarda hansı təəsüratlar oyadıb? İdmançılarımızın çıxılarını necə qiymətləndirir ?
"Rəy" Monitorinq Mərkəzinin 2015-ci il iyulun 1-dən 3-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7% təşkil edir.
Nəticələr göstərir ki, Azərbaycanda I Avropa Oyunlarının açılış mərasimi kimi, bağlanış mərasimi də, böyük maraqla qarşılanıb. Bağlanışdan sonra rəyi soruşulanların 79%-i mərasimi izlədiklərini qeyd edib.
Bağlanış mərasiminə baxanların 91%-i şounu televiziya vasitəsilə, 1%-ə qədəri stadiondan, 8%-ə qədəri isə internet vastəsilə izlədiyini qeyd edib.
Rəyi soruşulanların 70%- i bağlanış mərasiminin onlarda qürur hissi doğurduğunu, 12%-i belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edirlər. Cəmi 4%-ə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, 3%-i heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 1%-i bu cür yarışların keçirilməsindən narazılıq bildirib. 12% respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
Əgər Oyunların açılışından dərhal sonra, 13-15 iyunda keçirilən sorğuda ölkə əhalisinin 80%-ə qədəri oyunları izləyəcəkərini deyirdisə, bağlanışdan sonra keçirilmiş sorğuda respondentlərin 88%- i yarışları izlədiklərini, qalan 12%-i isə ümumiyyətlə idmanla maraqlanmadıqlarını bildiriblər.
"Sizcə, hansı idman növündə Azərbaycan idmançıları daha da yaxşı çixış edə bilərdilər?"-sualına respondentlərin 23%-i güləşi, 16%-i voleybolu (əsasən qadınlar arasında), 20%-i isə
digər idman növlərini göstəriblər. 31% respondent bu sualı cavablandırmaqda çətinlık çəkib.
Ölkə əhalisinin 94%- i Azərbaycan idmançılarının çıxışını uğurlu, yalnız 1%-i uğursuz qiymətləndirib. 5% respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
"Azərbaycan idmançıların çıxışını necə qiymətləndirirsiniz?"-sualına respondentlərin 63%-i komandamızın gözlədiklərindən də yaxşı, 27%-i gözlədikləri kimi, 1%-i pis çıxış etdiyini bildirib. 9% respondent sualı cavablandırmaqda çətinlık çəkib.
"Avropa Oyunlarında çıxış edən Azərbaycan idmançılarından hansını bu oyunların qəhrəmanı hesab edirsiniz, yaxud hansı idmançı özünü daha yaxşı göstərdi?"- sualına ölkə əhalisinin 26%-i İlk Avropa oyunlarının məşəlini alovlandıran paralimpiyaçı çempionumuz İlham Zəkiyevi bu oyunların qəhrəmanı hesab etdiklərini bildiriblər. Respondentlərin 9,3%-i Toğrul Əskərovu, eyni sayda insan Rafael Ağayevi, 7,3%-i Rəsul Cunayevi, 7,1%-i Oleq Stepkonu, 8,3%-i isə digər idmançıları bu oyunların qəhrəmanı hesab etdiklərini bildiriblər. 34% respondent bu sualı cavablandırmaqda çətinlık çəkib.
Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Ölkə əhalisinin 72%-i hesab edir ki, İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanı idi. Bu səbəbdən də, rəyi soruşulanların əksəriyyəti Oyunlarln təşkilinə çəkilmiş xərclərin özünü doğrultduğu qənaətindədir. Cəmi 10% respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. 18% respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
Rəyi soruşulanların 83%-i hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 11%-i isə bu rəyi bölüşmədiyini qeyd edib. 6% respondent bu suala cavab verməkdə çətinlik çəkib.
"Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafinda şayiələr dolaşmağa başlayır. Avropa oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafinda əsl informasiya savaşi gedir. Sizcə Azərbaycan bu döyüşləri udur yoxsa uduzur?"-sualına ölkə əhalisinin 72%-i Azərbaycanın bu savaşı udduğunu, cəmi 7%-i isə uduzduğunu qeyd edib. 21% respondent cavab verməkdə çətinlik çəkib.
Sorğu zamanı o da məlum olub ki, ölkə əhalisinin 86%-i 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət və yalnız 8%-i mənfi münasibət bəsləyir. 6% respondent cavab verməkdə çətinlik çəkib.

Əli