Cənubi Azərbaycan ədəbiyyatı ozan ənənələri üzərində köklənib Hadisə

Cənubi Azərbaycan ədəbiyyatı ozan ənənələri üzərində köklənib

Güneyli şairlərimizin gözəl xüsusliyyətlərindən biri canlı xalq dilinə yaxınlığıdır

Şəhriyar elə bir sənətkar olub ki, yaradıcılığında zəif əsərə rast gəlmək mümkün deyil. Şəhriyarın yaradıcılığını izləyərkən biz daim həm klassik poeziyanın gözəl ənənələrini, həm də xalq şeirinin billur ənənələrini görürük. Klassik poeziya şübhəsiz, farsa, türkə ayrılan bir poeziya deyil. Fars dilində yazılanda da, türk dilində qələmə alınanda da sənətkarlarımız Şərqin ümumi poeziya ənənələrinə riayət etmişlər. Nəsimi, Füzuli, Xətai kimi dahilərin üstünlüyü onda olub ki, onlar hər iki dili olduqca mükəmməl biliblər və hər iki dildə bir-birindən dəyərli incilər yaradıblar. Ərəb dilində gözəl şeir nümunələri meydana gətirən klssiklərimizin poeziyasını hələ də təhlil eləmirik, şairlərimizin bu dildə yaratdıqları inciləri Azərbaycan dilinə çevirib xalqımıza çatdırmırıq. Mənə elə gəlir ki, artıq bu barədə də düşünməyin vaxtı gəlib çatıb. Biz hökmən arxivlərdən klassiklərimizin ərəb dilli poeziyasını araşdırıb tapmalı və zaman-zaman elmi tədqiqat əsərləri yazıb, eyni zamanda o əsərləri dilimizə çevirməliyik.
Heç şübhəsiz, xalq poeziyası formalarından söhbət gedirsə, ədəbi dili də qətiyyən unutmaq olmaz. Bəzi mütəxəssislər Azərbaycan ədəbi dilinin iki norma variantında formalaşmasını, ədəbi dilin Cənub variantının klassik dilin tarixi ənənələrini inkar edərək formalaşdığını iddia edirlər.
Əlbəttə, bir çox cənublu şairlərin əsərlərinə nəzər yetirsək, bu mütəxəssislərin mülahizələri nəzəri baxımından etiraz doğurmur, ancaq Şəhriyar, Sahir, Sönməz, Savalan kimi sənətkarların şeir nümunələrinə diqqət yetirsək, bu bizə fərqli nəticələrə gəlmək üçün əsas verir. Ədəbiyyat tariximizə nəzər salarkən görürük ki, Azərbaycan ədəbi dili əsasən XVI əsrdən başlayaraq Şah İsmayıl Xətayinin şifahi xalq ədəbiyyatı, Mövlanə Məhəmməd Füzulinin isə klassik formada yaratdıqları əsərlərin təsirilə inkişaf edərək, zaman-zaman qüdrətli sənətkarların orijinal dil üslubu ilə inkişaf mərhələlərindən keçərək dövrümüzə gəlib çatıb.
1950-1980-ci illərdə yazıb-yaradan cənublu şairlərin əksəriyyəti, başda Şəhriyar olmaqla Şah Xətaidən və Mövlanə Füzulidən gələn ənənələrə sadiq qalaraq Azərbaycan ədəbi şeir dilini qoruyub saxlamaqla yanaşı ona yeni bəzəklər vurublar. "Cənubda ədəbi dilin bədii üslubunda 50-ci illərdən etibarən folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə canlanma müşahidə edilir. M.Şəhriyarın məşhur "Heydərbabaya salam" şeiri yazılır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan xalq şeirinin kökündə aşıq şeiri durur. Cənubi Azərbaycan şairlərinin isə xalq yara¬dıcılığına, xalq şeirinə mükəmməl bələd olması Təbrizin, Ərdəbilin, Zəncanın, Urmiyanın, Əhərin və başqa bölgələrin aşıqlar yurdu, aşıqlar məskəni olmasıdır. Bu yerlərin ədəbiyyatı, ozan ənənələri üzərində köklənib. Cənubi Azərbaycanda Azərbaycan dilində məktəb olmamasına baxmayaraq, hər yeni dil açan körpə artıq həyatı dərk eləməyə başlayan andan analarından laylalarla, oxşamalarla, ağbirçəklərdən, ağsaqqallardan nağıllarla yanaşı, qoşma, gəraylı, təcnis, dübeyti, divani, müxəmməs, məsnəvi, dodaqdəyməz, diltərpənməz və sair kimi müxtəlif şeir nümunələri eşidir. Bu da ki, şübhəsiz, gələcəyin şairinin xalq ədəbiyyatı kökləri üstündə formalaşmağına gətirib çıxarır.
Biz xalq yaradıcılığına, xalq ədəbiyyatına dərindən minnətdar olmalıyıq ki, uzun illər Şimali Azərbaycanda rus dilinin, Cənubda isə hələ də fars dilinin tüğyan elədiyinə baxmayaraq, doğma dilimizi unutmamağımızda və nəinki unutmamağımızda, onun incəliklərinə bələd olmağımızda çox böyük rol oynayıblar. Biz klassik ədəbiyyatımızın da bizim üçün mislilsiz bir töhfə olduğunu çox yaxşı bilirik. Bu ədəbiyyatda da bizim tariximiz, təbiətimiz, mədəniyyətimiz, mənəviyyatımız əks olunub. Lakin xalq ədəbiyyatı həm də bizim dilimizin saflığında böyük rol oynayıb. Bilindiyi kimi, klassik poeziyada ərəb-fars tərkibli sözlər mövcud olub və bu, sənətkarlıq baxımından çox yaxşı olsa da, ərəb, fars dilini bilməyən adamlar üçün bəzən böyük çətinliklər törədib. Xalq ədəbiyyatı isə tamamilə başqa dillərə qarışmadan, olduğu kimi nəsillərdən- nəsillərə, əsrlərdən-əsrlərə ötürülüb. Bundan əlavə xalq ədəbiyyatı, xalq şeiri bizim türklüyümüzə bir sübutdur. Yuxarıda da qeyd olunduğu kimi, xalq şeiri bütövlükdə aşıq ədəbiyyatı üzərində köklənib. Aşıqlara bir zamanlar ozan deyiblər. Ozanlar isə bilavasitə türk xalqlarında mövcud olub və ümumiyyətlə, çox qədimlərdə qopuzu, sonralar sazı sinəyə basıb qafiyələnmiş, rədiflənmiş, cinaslanmış mənalı, məntiqli söz işlətmək, hikmətli ifadələr söyləmək yalnız türk xalqlarının təxəyyülünün məhsuludur. Başqa xalqlar belə üsullardan istifadə etməyiblər. 19-cu əsrdə Qafqaza köçürülən ermənilər aşıq sənətini azərbaycanlılardan öyrənməyə çalışsalar da, buna nə istedadları, nə də qüdrətləri çatmayıb. Ermənilərin ən məşhur aşığı hesab olunan Sayat Nova isə saz yox, kamança çalırmış və oxuduğu havacatları yalnız Azərbaycan türkcəsində oxuyurmuş. Çünki yuxarıda qeyd olunduğu kimi, aşıq sənəti bilavasitə türklərə aid olan bir şeydir, çünki bir əlində qılınc, bir əlində saz tutmaq yalnız türklərə aid olan bir keyfiyyətdir. Ermənilər isə daim burunları girməyən yerə başlarını soxmaq istədikləri üçün həmişə rüsvayçı vəziyyətə düşüblər və düşməkdədilər. 1950-1980-ci illərdə yazıb-yaratmış cənublu şairlərin ən gözəl xüsusliyyətlərdən biri də canlı xalq dilinə yaxınlığı, bu dilin qaynar bulağından su içməsidir. Sözü xalq kimi təbii, xalq kimi mənalı və diləyatan şəkildə demək böyük ustalıqdır. Lakin bunu da unutmaq olmaz ki, xalq yaradıcılığının, xalq şeirinin kökündə də aşıq yaradıcılığı durur.
"Belə bir fikir tam ədalətli səslənir ki, ağır irtica illərində ən çox təqibə məruz qalan da, xalqın əhval-ruhiyyəsini öz sədəfli sazının, gəraylı və qoşmaların sətirləri qoynunda yaşadan da aşıq ədəbiyyatı olub. Sındırılan sazların, qadağan edilən aşıq mahnılarının, qəhrəmandan məhrum edilən qəhrəmanilərin, gözəli zorla əlindən alınan gözəlləmələrin xalqın köksündə açdığı yaraların yeri hələ də sağalmayıb. Qanlı müstəbid Rza şah və onun oğlu Məhəmməd Rza şahın hakimiyyəti illərində İranda Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı, aşıq ıdıbiyyatı, canlı və müdrik aşıqlar olmuşlar" (İbrahimov M. "Cənub sovqatı, Azərbaycan 1981, N-5).
Aşıq ədəbiyyatı, aşıq poeziyası yuxarıda da qeyd olunduğu kimi, bilavasitə klassik ədəbiyyata da öz təsirini göstərib. Azərbaycan klassikləri, doğma dildə poeziya nümunələri qələmə alarkən xalq ədəbiyyatının, xüsusən aşıq poeziyasının motivlərindən, obraz və təşbehlərindən istifadə ediblər. Məhz bu göstəricilər də həmin klassiklərin azərbaycanlı-türk olduğunu şərhsiz sübuta yetirib. Çünki fars dili nə qədər gözəl, eyni zamanda poeziya dili olsa da, şairin fars dilində əsər yaradarkən həmin obraz və təşbehlərdən istifadəsi qeyri-mümkündür. Hamıya məlumdur ki, aşıq poeziyasındakı obraz və təşbehlər, fars dilindəki fonetik normalara uyğun gəlmir. Məhz bundan ötrü də bir çox hallarda şairlərimiz fars dilindən tərcümə edərkən quru ifadələrə bağlanaraq, fars dilində mükəmməl bir şəkildə yazılmış əsərin effektini tamamilə itirirlər.
Ümumiyyətlə, Azərbaycan poeziyasında folklor dili ilə klassik dilin milli əsaslar üstündə ifadə-obrazlar imkanına görə qovuşub və bütün formalardan maksimum istifadə olunub. Lakin bununla yanaşı köhnə formaların yeni ifadə imkanları üzə çıxıb.

Vüqar Əhməd
professor