“Erməni terror qruplaşmalarının cəhdlərinin qarşısı alınır” Hadisə

“Erməni terror qruplaşmalarının cəhdlərinin qarşısı alınır”

Eldar Mahmudov: "Terrorçuluğa qarşı mübarizə MTN-in daim diqqət mərkəzindədir"

"Milli Təhlükəsizlik Nazirliyinin yerinə yetirdiyi xüsusi funksiyalar arasında birinci yerdə, sözsüz ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur". Bu barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində deyib.
Prezident İlham Əliyevin "Bizim yalnız bir böyük problemimiz var - bu da Dağlıq Qarabağ problemidir" sözlərini misal çəkən nazir bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Eldar Mahmudov qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyi erməni terrorçuluğu ilə uğurla mübarizə aparır, uzun illər boyunca müxtəlif erməni terror qruplaşmalarının üzvlərinin Azərbaycanda terror aktlarının təşkili və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır: "Ermənistanın təcavüzünün nəticələri ilə əlaqədar reallıqların geniş dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan prezidentinin "hücum taktikası" ilə bağlı tövsiyəsinin yerinə yetirilməsi Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Bu gün bu işin planlı və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün digər dövlət orqanları ilə əməkdaşlıq uğurla həyata keçirilir. İnformasiya mübarizəsi sahəsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri Ermənistanın təcavüzkar siyasətinə qarşı təbliğat vasitələri fondunun formalaşdırılmasıdır. Bu məqsədlə elmi-tədqiqat işlərinin aparılması, milli mədəni irsin, maddi-mənəvi dəyərlərin qorunması təşviq olunur, yeni kitablar dərc edilir, eləcə də əvvəlki illərdə dərc olunmuş kitablar müxtəlif dillərdə yenidən çap edilir".
Milli təhlükəsizliyin təmin olunmasının digər istiqamətləri üzrə təhdidlərin aradan qaldırılmasından danışarkən Eldar Mahmudov deyib ki, Azərbaycan Respublikasının, o cümlədən ölkənin Silahlı Qüvvələrinin əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə MTN-in daim diqqət mərkəzindədir: "Ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına yönəlmiş kəşfiyyat fəaliyyətinin uğurlu nəticələr verməsi üçün düşmən dövlətlərin plan və niyyətləri barədə vaxtında məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir.
Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir".
Hazir Azərbaycan dövlətinin beynəlxalq antiterror koalisiyasında iştirakında milli təhlükəsizlik orqanlarının fəaliyyətindən də söz açıb və bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının peşəkarlığı və səyləri sayəsində müsbət nəticələr əldə edilib: "Onların arasında beynəlxalq terrorçuların neytrallaşdırılmasını, həmçinin humanitar örtük altında fəaliyyət göstərən, müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulmasını xüsusi qeyd etmək olar.