14:17
252
11 noyabr 2026-cı il tarixində Masallı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən icra olunan “Gənc Sahibkarların İnkişaf Proqramı” layihəsi çərçivəsində təlim keçirilib.
Tədbirdə Masallı rayonundan 60 nəfər gənc iştirak edib.
Tədbirin əvvəlində layihə rəhbəri Həzrət Bədiyev çıxış edərək bildirib ki, regionlarda sahibkarlıq mühitinin inkişafı üçün gənclərin potensialından səmərəli istifadə olunması vacibdir. O qeyd edib ki, gənclərin yeni biznes ideyaları ilə çıxış etməsi, yerli imkanları qiymətləndirməsi və iqtisadi təşəbbüslərdə fəal iştirak etməsi həm onların şəxsi inkişafına, həm də regionların iqtisadi həyatına töhfə verə bilər. H.Bədiyev layihənin əsas hədəfinin gənclərə sahibkarlıq istiqamətində düzgün istiqamət vermək və onların gələcək fəaliyyətləri üçün bilik bazası formalaşdırmaq olduğunu diqqətə çatdırıb.
Təlimçi Orxan Məmmədov çıxışında gənclərin sahibkarlıq fəaliyyətinə marağının artırılmasının, onların müasir biznes yanaşmalarını mənimsəməsinin və iqtisadi proseslərdə fəal iştirakının vacibliyini vurğulayıb.
Təlim proqramında biznes planlaşdırılması, maliyyə resurslarından səmərəli istifadə, məhsul və xidmətlərin bazara çıxarılması, müştəri tələbatının öyrənilməsi və satış strategiyalarının hazırlanması mövzuları əhatə olunub.
Praktiki müzakirələr zamanı iştirakçılar müxtəlif biznes nümunələrini təhlil edib, öz ideyalarının reallaşdırılması üçün hansı addımların atılmalı olduğunu öyrəniblər. Təlim gənclərin sahibkarlıq sahəsində ilkin biliklərinin möhkəmləndirilməsi və gələcək fəaliyyətləri üçün istiqamətlənməsi baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, layihə çərçivəsində Lənkəran və Masallı rayonlarından ümumilikdə 120 gəncin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və özünüməşğulluq imkanlarının genişləndirilməsi nəzərdə tutulub.