Vərəm xəstələrinin sayında azalma müşahidə olunur Hadisə

Vərəm xəstələrinin sayında azalma müşahidə olunur

2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəm xəstələrin sayı cəmi 4384 nəfərdir. Onlardan 3164 nəfəri kişi, 1220 nəfəri isə qadındır. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti" adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər ötən il Azərbaycanda vərəm xəstələrinin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, 2000-ci ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəm xəstələrin sayı 5113 nəfər olub. Rəqəmlər göstərir ki, yaşı 13-ə qədər olan uşaqlarda da bu xəstəliyə rast gəlinib. Həmin xəstələrin ümumi sayı 147 nəfərdir. Onların 95 nəfəri oğlan, 52-si isə qızdır. Xəstəlik daşıyıcılarından 65 və yuxarı yaşda olanlar cəmi 198 nəfərdir ki, onlardan 133-ü kişi, 65-i isə qadındır. Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı 9757 olub. 2000-ci ildə isə bu rəqəm 14274 nəfər təşkil edib.