“Jurnalistika”ya qəbul qaydalarında edilən dəyişiklik açıqlanıb Hadisə

“Jurnalistika”ya qəbul qaydalarında edilən dəyişiklik açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il Azərbaycanda "Jurnalistika" ixtisasına qəbul qaydalarında edilən dəyişikliyin nədən ibarət olduğunu açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.
Ərizə qəbulu elanının tam mətni "Abituriyent" jurnalının 2-ci sayında dərc olunub. Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər. Jurnalda həmçinin elektron ərizə verən abituriyent üçün təlimat, "Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, 2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları, bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr əks olunub.
Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq.