“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq” Siyasət

“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”

“Azərbaycan və Qazaxıstan arasında Xəzər üzərindən sərnişin daşımalarının bərpası iki ölkə münasibətlərində mühüm praktiki addımdır. Bu, turizm və işgüzar səfərləri artırmaqla yanaşı, Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə xidmət edəcək. Ən əsası, Orta Dəhliz artıq yalnız yük daşımaları deyil, sərnişin mobilliyi baxımından da inkişaf edə bilər. Bu isə gələcəkdə Azərbaycan–Qazaxıstan iqtisadi, turizm və humanitar əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”.

Bu fikirləri xalqcebhesi.az-a iqtisadçı ekspert Emin Qəribli deyib.

E.Qəribli söyləyib ki, Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada əsas iqtisadi tərəfdaşlarından biridir və son illərdə iki ölkə arasında siyasi dialoqla yanaşı, ticarət, nəqliyyat, logistika, enerji və investisiya sahələrində də əməkdaşlıq genişlənir: “Xəzər üzərindən sərnişin daşımalarının bərpası bu münasibətlərə əlavə impuls verə, xüsusilə insanlar və biznes dairələri arasında birbaşa təmasların intensivliyini artıra bilər. Bu addım turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana gələn xarici vətəndaşların 4 faizi Qazaxıstan vətəndaşları olub. Bu, təxminən 103 min nəfər deməkdir və 2024-cü illə müqayisədə Qazaxıstandan gələnlərin sayı 20,1 faiz artıb. 2026-cı ilin yanvar–iyul aylarında isə Azərbaycana gələn 1 milyon 342,6 min xarici vətəndaşın 4,6 faizi Qazaxıstanın payına düşüb, yəni təxminən 61,8 min nəfər. Bu göstəricilər Qazaxıstan bazarının Azərbaycan turizmi üçün artıq kifayət qədər əhəmiyyətli olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, dəniz sərnişin xəttinin bərpası alternativ və fərqli turizm məhsulu da yarada bilər: “Xüsusilə Aktau–Bakı istiqamətinin inkişafı Xəzəryanı turizm, qısa müddətli səfərlər və kombinə edilmiş regional turizm marşrutlarının formalaşmasına imkan verə bilər. Bu, mehmanxana, ictimai iaşə, nəqliyyat və digər xidmət sahələrində əlavə gəlir və məşğulluq yarada bilər. Məsələyə investisiya baxımından yanaşdıqda da müsbət effekt gözləmək olar. Nəqliyyat əlaqələrinin genişlənməsi biznes nümayəndələrinin qarşılıqlı səfərlərini asanlaşdırır, bazarlar haqqında məlumatlılığı artırır və yeni layihələrin formalaşmasına şərait yaradır. Yəni sərnişin daşımalarının bərpasına yalnız nəqliyyat layihəsi kimi deyil, turizm, biznes əlaqələri və qarşılıqlı investisiyaların genişlənməsinə xidmət edən iqtisadi infrastruktur elementi kimi baxmaq lazımdır”.

Röya İsrafilova