ABŞ-İran qarşıdurması: Hörmüz problemi necə həll olunacaq?
9 Sentyabr 23:45

ABŞ-İran qarşıdurması təhlükəli mərhələyə keçir. Belə ki, Vaşinqtonun Tehrana iqtisadi təzyiqləri və dəniz blokadasına qarşı İranın Hörmüz boğazına nəzarəti sərtləşdirmək barədə xəbərdarlıqları gərginliyi daha da artırır. İran rəsmilərinin son açıqlamaları və qarşılıqlı zərbələr də göstərir ki, risklər getdikcə artır.
Bəs İranın Hörmüz boğazını uzun müddətli bağlamaq təhdidi nə qədər realdır?
“Xalq Cəbhəsi” mövzu ətrafında siyasi şərhçilərin fikirlərini öyrənib.
Siyasi şərhçi Alim Nəsirov söyləyib ki, İranın Hörmüz boğazını tamamilə bağlamaq təhdidi nəzəri baxımdan ciddi olsa da, belə bir blokadanı uzun müddət davam etdirmək imkanları məhduddur: “Tehran sahilyanı raket sistemləri, dəniz minaları, pilotsuz vasitələr, sürətli hücum katerləri və tankerlərə qarşı seçmə əməliyyatlarla boğazda hərəkəti kəskin şəkildə poza bilər. Hətta bir neçə gəminin vurulması və ya saxlanılması sığorta xərclərinin yüksəlməsinə, tanker şirkətlərinin marşrutdan çəkilməsinə və neft qiymətlərinin artmasına kifayət edər. Yəni İranın əsas üstünlüyü boğazı fiziki baxımdan tam bağlamaqdan daha çox, buradan keçidi təhlükəli və iqtisadi cəhətdən dözülməz hala gətirmək imkanındadır. Lakin tam blokada ABŞ-nin bölgədəki hərbi qüvvələrinin və Körfəz ölkələrinin sərt reaksiyasını qaçılmaz edə bilər”.
“Hörmüzün bağlanması İranın özünə də ağır zərbə vurar”
A.Nəsirov əlavə edib ki, Hörmüzün bağlanması İranın özünə də ağır iqtisadi və siyasi zərbə vurar: “Belə addım təkcə ABŞ-yə deyil, İran neftinin əsas alıcılarından olan Çinə, eləcə də Tehranla münasibətləri qorumağa çalışan regional dövlətlərə təsir göstərər və İranın beynəlxalq təcridini daha da dərinləşdirər. Beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazda birtərəfli blokada yaratmaq İranın hüquqi mövqeyini də zəiflədər və ona qarşı daha geniş hərbi-diplomatik koalisiyanın formalaşmasına səbəb ola bilər. Buna görə Tehran böyük ehtimalla tam bağlanmadan daha çox, ayrı-ayrı gəmilərin keçidini məhdudlaşdırmaq, yeni “təcrid zonaları” elan etmək və fasiləli hərbi insidentlər yaratmaq taktikasına üstünlük verəcək. Bu baxımdan bəyanat İranın gücündən çox, iqtisadi blokada qarşısında əlində qalan son təzyiq vasitələrindən birinə müraciət etdiyini göstərir. Ancaq tərəflərdən birinin səhv hesablaması həmin təzyiq siyasətini nəzarətdən çıxaraq açıq regional qarşıdurmaya çevirə bilər”.
“İrana təzyiqlər artır”
Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı söyləyib ki, artıq hər tərəfdən İrana qarşı sanksiyalar, təzyiqlər getdikcə artır: “Amma bunun fonunda biz İranın ciddi dirəniş göstərdiyini də gördük. Cənub qonşumuzun hakim dairələri hesab edirlər ki, bu müharibədə hələ məğlub olmayıblar və məhz buna görə də getdikcə daha da cəsarətlənirlər. Onlar artıq dünyada Amerikanın imicinə ciddi zərbə vurduqlarının fərqindədirlər. İran tərəfi anlayır ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər nə yolla olursa-olsun, İran üzərində müəyyən üstünlük əldə etməyə çalışacaq. Tehran həmçinin hesab edir ki, Tramp bunun üçün müəyyən güzəştlərə getməyə də məcbur qala bilər. Ona görə də İran hakimiyyəti ciddi şəkildə müqavimət göstərir. Təbii ki, bu qarşıdurmada İranın əlində olan əsas kartlardan biri Hörmüz boğazıdır. İran çalışır ki, bu kartdan mümkün qədər geniş şəkildə istifadə etsin. Ona görə də zaman-zaman Hörmüz boğazı ilə bağlı təhdidlərini səsləndirir. Hesab edirəm ki, müharibə fonunda bu, İran üçün müəyyən mənada başadüşülən addımdır. Çünki İran Hörmüz məsələsini gündəmə gətirən kimi təkcə ABŞ deyil, dünyanın əksər ölkələri bu məsələdə ciddi şəkildə ehtiyatlanmağa başlayırlar. Çünki söhbət adi bir dəniz keçidindən getmir”.
“İran bundan sonra da Hörmüz təhdidlərini davam etdirəcək”
O bildirib ki, dünyada neft daşımalarının təxminən 20 faizi Hörmüz boğazından keçir, bu səbəbdən boğazın tamamilə bağlanması dünya iqtisadiyyatına, xüsusilə də enerji bazarlarına çox ciddi zərbə vura bilər: “İran da məhz bunun fərqindədir. Yəni Tehran bilir ki, Hörmüz boğazının bağlanması təkcə ABŞ üçün deyil, dünyanın əksər ölkələri üçün ciddi iqtisadi problemlər yaradacaq. Buna görə hesab edirəm ki, İran bundan sonra da Hörmüz təhdidlərini davam etdirəcək və bu boğazı özünün əsas təzyiq alətlərindən biri kimi istifadə edəcək. Amma açığı, Hörmüz boğazının tamamilə bağlanacağını düşünmürəm. Çünki bu dəhlizin tam şəkildə bağlanması başqa istiqamətlərdən çox ciddi reaksiyaların gəlməsinə səbəb ola bilər. Ən əsası isə bunun İranın özünə də ciddi zərəri dəyə bilər. Ona görə düşünürəm ki, İran Hörmüz kartından maksimum istifadə etməyə çalışacaq, təhdidlərini davam etdirəcək, müəyyən məhdudiyyətlər və təhlükələr yaradacaq. Amma boğazı uzun müddət və tamamilə bağlamaq qərarından hələlik uzaq duracaq. Çünki bu, ilk növbədə İranın öz iqtisadiyyatına və strateji maraqlarına ciddi zərbə vura bilər”.
Vaşinqtonun iqtisadi təzyiqi davam edərsə...
Siyasi şərhçinin sözlərinə görə, hazırda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin açıqlaması da göstərir ki, Tehran bu kartı kifayət qədər ciddi şəkildə masada saxlayır: “İran hesab edir ki, Vaşinqtonun iqtisadi təzyiqi davam edərsə, buna cavab olaraq dəniz istiqamətində yeni addımlar atmaq hüququna malikdir. Yəni məsələ artıq sadəcə bir təhdiddən ibarət deyil. İran Hörmüz boğazını ABŞ ilə qarşıdurmada əsas strateji silahlarından biri kimi görür. Amma mənim qənaətim budur ki, Tehran bu silahı daha çox təzyiq və çəkindirmə vasitəsi kimi istifadə edəcək, boğazı tamamilə bağlamaq isə onun üçün sonuncu variant olacaq”.
“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
Siyasi şərhçi Taleh Əliyev bildirib ki, İran tərəfi Hörmüz boğazını tamamilə bağlayacaq imkanlara malik deyil: “İranın Hörmüzü bağlama açıqlamasından sonra Amerika donanması İranın özünə Hörmüzdə blokada tətbiq edib və bu blokadadan daha çox əziyyət çəkən İran tərəfi çalışır ki, həm geriyə addım atmasın, həm də öz neft tankerlərinin sərbəst hərəkətinə nail olsun. Bu zaman ABŞ donanması tərəfindən də İran tankerlərinin vurulması istər-istəməz İranın da əks addımlar atmasına əsas vermiş olur”.
Bumeranq effekti
T.Əliyevin fikirlərinə görə, qüvvələr nisbəti İranın xeyrinə olmadığına görə İran tərəfinin atdığı hər bir addım İrana qarşı daha böyük bumeranq effekti verir: “Ona görə düşünmürəm ki, İran Hörmüz boğazını tamamilə bağlamaq iqtidarında olacaq. Ancaq bu anlaşılmazlıq davam etdikcə Hörmüz boğazı ətrafında həm İran ticarət gəmilərinin, eyni zamanda, da ABŞ-nin hərbi gəmiləri və digər ticarət gəmilərinin hər an vurulma riski yüksək olaraq qalır”.
Röya İsrafilova