Əl-Cəzirə Araşdırmalar Mərkəzinin tədqiqatçısı BAMF-nin Bakı ofisində olub Hadisə

Əl-Cəzirə Araşdırmalar Mərkəzinin tədqiqatçısı BAMF-nin Bakı ofisində olub

Dünən Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı doktor Fatima Ahmad Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakı ofisinin qonağı olub.

BAMF-dən verilən məlumata görə, Əl-Cəzirə Araşdırmalar Mərkəzi 2006-cı ildə yaradılıb və hazırda həm regional, həm də qlobal səviyyələrdə cari məsələlərlə bağlı geniş araşdırmalar aparır. Mərkəzin tədqiqat gündəliyində əsasən, Ərəb dünyası və ətraf regionların geopolitik və strateji inkişafı ilə bağlı məsələlərə diqqət yetirilir. Əl-Cəzirə Şəbəkəsinin analitik bir qolu kimi, mərkəz tədqiqatlar aparılması və təşkilat üçün müvafiq, yüksək biliklərin qurulması üçün səylər göstərir.

Avqustun 30-na qədər Bakıda səfərdə olacaq doktor Fatima Ahmadın səfərinin məqsədi "Azərbaycan və Körfəz ölkələri arasında əlaqələr, həmçinin Azərbaycanın regional əlaqələri və xüsusilə də, İran-P5+1-lə ( İran- BMT-nin daimi 5 üzvü və Almaniya) nüvə razılaşmasından sonra, Azərbaycanın Qafqazda və Xəzər dənizi regionunda gələcək rolu" mövzusunda tədqiqat işinin aparılması ilə bağlıdır.

Görüş zamanı ilk olaraq BAMF-ın sədri Umud Mirzəyev xanım Fatima Ahmadı təşkilat haqqında məlumatlandırıb, ofis və əməkdaşlarla tanış edib.

Daha sonra isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov , BAMF-ın sədri Umud Mirzəyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin iştirakı ilə baş tutan görüşdə bir sıra mövzular müzakirə edilib, tərəflər arasında fikir mübadiləsi aparılıb və Fatima Ahmadın tədqiqat mövzusuna dair bir sıra mütəxəssislərlə görüşlərinin həyata keçiriləcəyi planlaşdırılıb.