“Günahı olanlar layiqli cəzasını alacaq” Hadisə

“Günahı olanlar layiqli cəzasını alacaq”

Qüdrət Həsənquliyev: "Əgər vəzifəli şəxs öz vəzifələrini düzgün yerinə yetirmirsə və nəticədə də hər hansı bir şəxsin və ya ictimai maraqlara ciddi ziyan vurulursa, bu artıq cinayət məsuliyyəti yaradır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Mingəçevir polis şöbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı bir keçmiş istintaqçı kimi fikirlərini paylaşıb və hər şeyin istintaqın obyektiv araşdırmasından asılı olacağını bildirib:
"Həmin hadisəyə görə artıq cinayət işi başlanılıb. Vəzifə səlahiyyətlərini aşdığına görə bir polis zabiti həbs olunub. Təbii ki, hələ istintaq yenicə başlayıb və məhkəmə hökmü olmayanadək hər hansı cinayətdə təqsirləndirilən şəxsi cinayətkar adlandırmaq doğru deyil. Amma ortada ölüm faktı var və çox ağır hadisədir. Ümid edirəm ki, baş vermiş hadisələrin doğurduğu rezonans və prezidentin özünün bu işi şəxsi nəzarətinə götürməsi prokurorluq tərəfindən ümumiyyətlə ölkədə hüquq - mühafizə orqanlarının nüfuzunu qorumaq naminə ciddi araşdırma aparılmasına səbəb olacaq. Etiraf edək ki, bu hadisə polisin nüfuzuna çox ciddi zərbə vurduğundan DİN rəhbərliyi də maraqlı olmalıdır ki, bu iş üzrə dəqiq araşdırma aparılsın. Yəni polis orqanları prokurorluğa kömək etməlidir ki, obyektiv istintaq aparıslın, baş vermiş hadisənin bütün günahkarları cəzalandırılsın. Təbii ki, istintaqın gedişində polis rəisinin günahı sübuta yetiriləcəksə tərəddüd etmədən onu da məsuliyyətə cəlb etmək lazımdır. Cinayət qanunvericiliyində cəzanın fərdiliyi prinsipi var. Yəni kimsə inzibati məsuliyyət daşıya bilər, yəni tutaq ki, yüksək nəzarət tətbiq olunmadığına görə məsuliyyət nəzərdə tutulur. Amma polis şöbəsində hər hansı bir şəxs fərdi cinayət törədirsə, tutaq ki, kabinetdə polis rəisinin xəbəri olmadan gətirdiyi şəxsi döyürsə, lap öldürürsə, yaxud göstərilən təzyiqlərin nəticəsində həmin hadisə baş verirsə, o zaman məhz o şəxslə birbaşa kontaktda olan polis əməkdaşı məsuliyyət daşıyır. Gərək istintaq orqanı sübut etsin ki, baş vermiş o hadisədə polis rəisinin günahları inzibati, yoxsa cinayət məsuliyyətinə uyğundur. Bəlkə polis rəisi tutaq ki, deyib ki, kimi istəsəniz gətirin və hansı cəza istəsəniz verin, təki lazımı etirafları alasınız. Amma indidən bunu iddia etmək düzgün deyil. Təbii ki, bəri başdan onu söyləmək olar ki, nəzarət düzgün təşkil edilməyib və ona görə də ona haqlı olaraq şiddətli töhmət verilib. Amma təbii ki, düzgün və obyektiv aparılan istintaqın gedişində polis rəisinin baş vermiş hadisədə daşıdığı məsuliyyətin miqyası dəqiq üzə çıxarılacaq, o zaman onun barəsində daha ciddi ölçü götürülə bilər.
Mən vaxtilə müstəntiq işləmişəm və bilirsiniz ki, məhkəmə, prokurorluq istintaqı ixtisanı bitirmişəm, ona görə də baş vermiş bu olaya bir istintaqçı kimi yanaşmağa çalışıram. Əgər vəzifəli şəxs öz vəzifələrini düzgün yerinə yetirmirsə və nəticədə də hər hansı bir şəxsin və ya ictimai maraqlara ciddi ziyan vurulursa, bu artıq cinayət məsuliyyəti yaradır. Təbii ki, polis rəisi səhlənkarlığa yol verib. Amma istintaq araşdırmalıdır ki, səhlənkarlığın miqyası hansı səviyyədə olub. Əgər bəlli olsa ki, polisdə mütəmadi olaraq bu kimi zorakılıq halları baş veribsə, yəni baş vermiş həmin ölüm hadisəsi ilə məhdudlaşmırsa, polisin günahı üzündən digər bu tip olaylar yaşanıbsa, bu zaman səhlənkarlığa görə polis rəisi mütləq cəzalandırılmalıdır. Əgər polis rəisinin bundan xəbəri olubsa o zaman mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilmiş cinayət kimi də qiymətləndirilə bilər. Yox, xəbəri olmayıbsa da belə səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə ki, əgər mən bu binada bir rəhbər kimi qonşu kabinetlərdə nə baş verdiyini bilmirəmsə, o halda da səhlənkarlığa görə məsuliyyət daşıyıram. Ümid edirəm ki, hadisənin verdiyi rezonans və ictimai diqqətin həmin məsələyə fokuslanması, üstəlik, prezidentin şəxsi nəzarəti obyektiv araşdırma nəticəsində cinayətin tamamilə üzə çıxarılmasına səbəb olacaq və günahı olanlar layiqli cəzasını alacaq."