Cəbhəboyu gərginlik yenidən artıb Hadisə

Cəbhəboyu gərginlik yenidən artıb

Tovuz intensiv atəşə tutulub, Əlibəyli kəndinin sakini və hərbçi yaralanıb

Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocəvənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi də atəşə tutub.
Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.
Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir.
Hərbçinin rütbəsi və şəxsiyyəti dəqiqləşdirilir.
Kənd sakinlərinin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb.