Başqalarından asılı olan əlil insanlar... Hadisə

Başqalarından asılı olan əlil insanlar...

Sevda Səfərəliyeva: "Özünü fərd kimi təsdiq edə bilməyən insan nə ailə qura, nə də cəmiyyətə faydalı ola bilər"
Ramil Babayev: "Üzümə baxıb qulaqlarını çəkirdilər, bəzi yaramaz uşaqlar gəzməyimə lağ edirdilər"
Zaur Hacılı: "Məni dilənçi zənn edib, qəpik-quruş uzadan insanlarla rastlaşıram"

Müsahibim əlil insan idi və onunla küçədə görüşmüşdük. Ətrafdakı insanlara komanda verilmiş kimi hamı diqqətlə bizə baxırdı. Ağır baxışlar altında çox sıxılırdım. Situasiyanı anlayan müsahibim "həmişə belədir, əlil insan görən kimi hamı diqqətlə başlayır baxmağa". Düzünü desəm, cəmiyyətin əlil insana belə kompleksli münasibəti sadəcə dözülməzdir.
Əlillik probelmini yaşayan Sevda Səfərəliyeva cəmiyyətin əlil insanlara olan kompleksli münasibətini izah etməyə çalışdı: "Biz əsasən təcrid edilmiş vəziyyətdə yaşayırıq və cəmiyyətlə təmasımız az olduğundan ona uyğunlaşmaqda müəyyən çətinliklər olur. İctmai nəqliyyatdan sərbəst surətdə istifadə edə bilməyən əlillərin əksəriyyəti şəhərdən kənarda, həyəti olan evlərdə, ailələri ilə birgə yaşamağa üstünlük verirlər. Çünki həyətə düşüb hava alırlar. Bazarlıq və ev qayğıları ailə üzvlərinin öhdəsinə düşür. Bu ən yaxşı və ideal variantdır".
Sevda xanım deyir ki, hər bir yetkinlik yaşına çatmış əlilliyi olan insanın müstəqil yaşaması üçün müəyyən şəraitin olması lazımdır: "Amma bunu heç kim etmir. Dövlt bizi başından edir, yaxınlarımızın gücü çatmır, imkanlı şəxslərin yardım edə bilməsi üçün xeyriyyə fondlarının yaradılmasına imkan verilmir. Odur ki, biz tam təcrid edilmiş şəkildə yaşamağa məhkumuq və bu da bütün komplekslərin qaynağıdır. Məsələn, hər hansi bir əlilliyi olan insan evlənmək istəyir. Əlil oğlanın işləmək, ailə saxlamaq qabiliyyəti hansı dərəcədədir? Dövlət onun ehtiyaclarını ödəyəcək dərəcədə yardımçı olmur. Hətta belə evliliklərin qarşısı müəyyən qədər cəmiyyət tərəfindən alınır. Amma mən Fransada yaşayan ailə tanıyıram. Əlil arabasından istifadə edən xanımına, eləcə də uşaqlarına qulluq etdiyinə görə, kişiyə dövlət tərəfindən pensiya verilir. Bundan əlavə xanım həyatını yüngülləşdirən hər cür vasitələr və qurğularla təmin edilir. Bizdə problem əlil qadın və kişilər üçün eyni dərəcədə ağırdır. Yəni bunun intim tərəfləri də var ki, hər iki tərəfin özünəməxsus çətinliyi var. Qadınlar üçün ona görə ağırdır ki, kişilər özlərində güc tapıb onlara evlilik təklifi etmirlər".
Sevda xanımın fikrincə, sadalananların hamısı informasiyanın azlığından irəli gəlir: "Cəmiyyətdə çox olan insanın şəxsi həyatı qurmaq şansı artır. Amma biz hardayıq? Bizi kim harda görəcək, harda bəyənəcək? harda sözünü deyəcək? Ona görə mən insanları qınamıram. Bizdə hətta əlilliyi olan qızlara normal münasibət bəslənən ailələrdə də ailə qurma şansını itirmiş kimi baxırlar. Ən yaxşı halda savad almağına imkan yaradıb gələcəyinin təmin edilməsinə yardımçı olurlar. Eyni problemi əlil oğlanlarımız da yaşayır. Maddi çətinlik ucbatından ailələr övladlarını uzaqbaşı həyətə çıxara bilir. Şəhərin mərkəzinə gəzintiyə çıxmaq üçün pul lazımdır".
Sevda xanım əlil övladı olan valideynlərin də yaşadığı problemləri xatırlatdı: "Analarin əlilliyi olan uşağından başqa da övladı var və ana hamısına baxmağa çətinlik çəkir. Ailə qayğıları başından aşan bir qadının oturub əlillik nədir, uşağımı necə depressiyadan və ya kompleksdən çıxara bilərəm deyə düşünməyə vaxtı da yoxdur. Buna görə də normal inkişaf etmiş ölkələrdə qeyri-hökumət təşkilatları belə ailələrlə iş aparır, prioritetlərin düzgün qoyulmasına yardım edirlər. Ana ola bilər əlil uşağını cəmiyyət arasına çıxarmağa utansın, amma onu bu vəziyyətlə təkbaşına qoyulması aidiyyatlı orqanların öhdəsindədi. Təəssüf ki, aidiyyatla orqanların bu sahədə bir araşdırmasına, elmi işinə və ya analitik yazısına rast gəlmək mümkün deyil. Hətta bu sahəyə aid hər hansı statistik göstəricilər də yoxdur. Məsələn, kim deyə bilər ki, Azərbaycanda əlilliyi olan insanların orta ömür yaşı nə qədərdir? Bilirsiniz, anaya və ya əlilliyi olan insana utanma, çəkinmə demək azdır. Onlarla vaxt keçirmək mütəmadi gəzintilər təşkil etmək, ictimai yerlərdə görünməsini təmin etmək şərtdir. Bir qədər imkanli, savadlı ailələrdə bələ probləmlər az olur. Ümumiyyətlə, bu sahədə dövlətin dəqiq siyasəti olmalıdır. Yəni əsas istiqamətlər dövlət tərəfindən müəyyən edilməlidir. Əlilliyi olan insanlar barədə KİV-də mütəmadi müsbət nümunələrin paylaşılması, onların mütləq surətdə fərdi hərəkət müstəqilliyini təmin edən vasitələrlə təmin edilməsi məsələsi həll edilməlidir. Eyni zamanda əlillərin ictimai nəqliyyatdan sərbəst istifadəsini təmin etmək üçün əlaqədar problemlər həll edilməli, ictimai yerlərdə infrasturktur əlillərin istifadəsinə yararlı halda qurulmalıdır".
Sevda Səfərəliyevanın fikrincə, mövcud situasiyadan çıxış yolu kimi problemlərə kompleks yanaşılmalıdır: "Yəni ictimai nəqliyyat, keyfiyyətli əlil arabalari ilə təminat, reabilitasiya sahəsində müasir standartlara cavab verən mətəxəssislərinin yetişdirilməsi, peşə reabilitasiyasının güclü inkişafı. Çünki bizdə əzələ zəifliyi olan insanaların heç bir yerdə reabilitasiyası təşkil edilməyib. Yaxud ixtisaslaşdırılmış baş-beyin və onurğa beyni xəstəlikləri və əzələ sümük xəstəliklərinin müalicəsi və reablitasiyası yox dərəcəsindədir. Bu qədər problemli və kompleksli cəmiyyətdə əlilliyi olan insanların kompleksli olması da təbiidir. İş yerlərində, kafelerdə, konoteatr, əyləncə mərkəzlərində, avtovağzallarda, hava limanında və s. yerlərdə çoxmu əlilliyi olan insan görürük? Əlbəttə yox. Hə qədər bizim oralara gedib çıxmamız təmin edilməyib, ayda-ildə bir dəfə evdən bayıra çıxan əlilin də kənar baxışlardan utanc hiss etməsi təbiidir. Təbii ki, elə insanlar var ki, yaradılan bütün şəraitə baxmayaraq özünün əliliyini qəbul etmir və cəmiyyətə çıxmaqdan şüurlu surətdə imtina edir. Amma insan var ki, özünü necə var qebul edir, amma onun cəmiyyətə çıxmaq imkanı son dərəcə məhduddur. Özünü fərd kimi təsdiq edə bilməyən insan nə ailə qura, nə də cəmiyyətə faydalı insan ola bilər. Hər zaman, hər şeydə başqasından asılı olan insan necə necə fərd ola bilər?
Birinci qrup əlil Ramil Babayev bildirir ki, hündür mərtəbəli binada yaşadığına görə dostları ilə tez-tez görüşə və cəmiyyət arasına çıxa bilmir: "Öz yaşadığım qəsəbədə birinci dəfə arabayla həyətə düşəndə insanların baxışından sıxılırdım, pis olurdum. Qardaşımın Ayaz adlı dostu psixoloq kimi mənimlə söhbət etdi və inandırdı ki, arabada olsam da cəmiyyət arasına çıxmalıyam. Sabahı gün dəniz sahilinə getmək üçün düşdüm həyətə. Binanın qarşısından keçəndə hamı mənə baxırdı. Ürəyimdə dedim ki, bircə tez buradan keçib getsəydim...".
Ramil Babayevin bildirdiyinə görə, bir çox hallarda qarşılaşdığı problemlərlə bağlı psixoloji yardım almaq istəsə də, əlillər üçün olan mərkəzlərin heç birində belə xidmət olmadığından müvafiq yardımdan məhrum olub. Ramil bəyin fikrincə, əlillərin cəmiyyətə çıxışı məhdud olduğundan insanlar nadir halda rast gəldiyi əlilə kompleksli münasibət bəsləyir: "Biz hər gün işə gedib gəlsək, bizi metroda, avtobusda, konsertlərdə və başqa yerlərdə görsələr insanlar üçün bu adiləşəcək. Məsələn, insan bahalı telefon arzulayanda, fikirləşir ki, əlçatmazdı, amma alandan sonra adiləşir. Mən əvvəl normal gəzə bilirdim. Amma ayağımda problem vardı. Üzümə baxıb qulaqlarını çəkirdilər, bəzi yaramaz uşaqlar gəzməyimə lağ edirdilər. Bir dabanım yerə dəymirdi. Mən peopatiya xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəliyin bir axmaq cəhəti var ki, getdiyin yerdə birdən əzələ boşalıb yıxılırdım, çox pis olurdum. Bəzən elə olurdu ki, heç kim bilməsin deyə yalandan ayaqqabımın ipini açıb bağlayırdım ki, guya ip açılıb".
Əlil insanların ailə qurma probleminə toxunan Ramil bəyin dediyinə görə, bu sahədə ən böyük problemi əlil qadınlar yaşayır: "Ailələr istəmir ki, övladı əlil insanla ailə qursun. Bir xanımı istədim, ailəsi vermədi. Xanım da qorxdu, mübarizə aparmadı və biz ayrıldıq. Əslində səbəb bilirsiniz nədir? Pul! Bizim işimiz olsaydı, evlənmək problem deyildi. Deyim ki, bu sahədə ən böyük problemi əlil qadınlar yaşayır. El içində bir söz var: əli, ayağı düz gəlin. Bu söz mənəviyyat baxımdan deyilsə də, heç bir valideyin istəmir ki, gəlini əlil olsun. O zaman ev işlərini kim görər? Bir də bizim cəmiyyət normal deyil. İnsanın iç gözəlliyinə deyil, üz gözəlliyinə baxırlar".
Dəfələrlə insanların ona sədəqə verdiyini xatırladan Ramil bəy bundan təəssüfləndiyini bildirir: "Bizim cəmiyyət nəzir, zəkat məsələsini yaxşı bilmir. Əslində zəkat vermək ali bir işdir, amma sağ əlin verdiyini sol əl bilməsin gərək. Yəni zəkat vermək insanları alçaltmaq üçün deyil, insanlara kömək etmək üçündür. Bax küədə gedirsən, araba motorlu olmasa, bir az əynin-başın normal olmasa, sənə nəzir verirlər. Qohum əqrəba da görəndə deyir ki, "can, gül kimi oğlan idi, nə oldu sənə birdən birə..."
Birinci qrup əlil Zaur Hacılı cəmiyyətin əlillərlə bağlı kompleksləri ilə tez-tez qarşılaşdığını bildirir: "Baxışlar və sözər bir kənara qalsın. Dəfələrlə məni dilənçi zənn edib, qəpik-quruş uzadan insanlarla rastlaşıram. Bu hərəkət əvvəl heysiyyatıma çox toxunurdu və pul uzadan insanlara aqressiv reaksiya verirdim. Daha sonra anladım ki, bu düzgün deyil. Bundan sonra onlara ya başa salırdım ki, mən dilənçi deyiləm, ya da, işi zarafata salıb, deyirdim ki, mən 100 manatdan aşağı pul götürməyən dilənçilərdənəm.
Elə qızlar var ki, bir əlil oğlanla münasibət yaradarkən ona necə yazığı gəldiyini gizlədə bilmir və nəticədə bu münasibət alınmır. Bəzən mənə internetdə, real həyatda tanımadığım insanlar təsəlli nitqləri söyləyirlər və guya öz aləmlərində mənə dəstək olurlar. Təbii ki, onları qırmıram, başa salıram ki, mənim bunlara ehtiyacım yoxdur. Çünki mən özümü əlil hesab etmirəm. Mənə yazığı gələnlərə, mənim özümün yazığı gəlir. Əlillərə əlil kimi yox, insan kimi qiymət verməyi bacarın. Maraq və baxışlarınıza diqqət edin. Heç kimi baxışlarınızla kompleksə salmayın".

Ülviyyə Tahirqızı