Prezident İlham Əliyev Kürdəmirdə açılışlar etdi Hadisə

Prezident İlham Əliyev Kürdəmirdə açılışlar etdi

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.
Dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezident İlham Əliyevə həmin parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.
İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.
Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsib.
Bundan başqa İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verib ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.