İtaliyada Azərbaycana məxsus yük avtomobili qaçırılıb Hadisə

İtaliyada Azərbaycana məxsus yük avtomobili qaçırılıb

İtaliyada Azərbaycandan fındıq aparan yük avtomobilinə silahlı basqın olub.
Bu barədə APA-ya açıqlamasında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı Müzəffər Koyugölgə məlumat verib.
Onun sözlərinə görə, hadisə oktyabrın 16-da İtaliyanın paytaxtı Roma yaxınlığında qeydə alınıb: "Mən 20 ildir, Azərbaycanda sahibkarlıq və yükdaşıma fəaliyyəti ilə məşğul oluram. Azərbaycan dövlət nömrə nişanlı xeyli sayda yük avtomobilimiz var və həmin avtomobillərlə Azərbaycandan dünya ölkələrinə yük daşıyırıq. On gün əvvəl yük maşınlarımızdan biri Zaqataladan 160 min dollar dəyərində 22 ton fındıq məhsulu ilə İtaliyaya yola düşüb.
Avtomobilimiz bir neçə günə Gürcüstan-Türkiyə və dəniz vasitəsilə İtaliyaya çatıb.
Oktyabrın 16-da Azərbaycana məxsus həmin yük avtomobili Roma yaxınlığında, magistral yolda qara maskalı və silahlı şəxslər tərəfindən basqına məruz qalıb. Basqın edən şəxslər avtomobilin sürücüsü Necati Serini döyərək əl qolunu bağlayıb, dəniz kənarına atıblar. Avtomobili içərisindəki yüklə birgə qaçırıblar. Basqınçılar avtomobildə olan GPS qurğusunu da götürüb küçəyə atıblar. Ağır vəziyyətdə olan sürücümüz möcüzə nəticəsində sağ qalıb, polis onu taparaq izahatını alıb. Lakin təəssüflər olsun ki, İtaliya polisi basqın edən şəxsləri, qaçırılan avtomobili hələ də tapa bilməyib. Hiss olunur ki, polis avtomobili tapmaqda maraqlı deyil. Nəzərə alsaq ki, hadisə magistral yolda baş verib və ərazidə xeyli sayda təhlükəsizlik kamerası var, polis basqınçıları tapmaqda çətinlik çəkməməlidir. Hadisə ilə bağlı İtaliyanın Azərbaycandakı səfirliyinə, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etmişik. Hələlik nəticə yoxdur".
Müzəffər Koyugölgə Azərbaycan dövlətindən yardım istəyib: "Biz Azərbaycan dövlətindən yardım istəyirik. İtaliyada qaçırılan yük avtomobili Azərbaycana məxsusdur. Rəsmi dövlət qurumları bu məsələ ilə maraqlansa, İtaliya polisi hadisəni törədənləri tapmaq üçün lazımi addımlar atar".