Mütəllibovun tarixi xəyanəti Hadisə

Mütəllibovun tarixi xəyanəti

Kreml tutuquşularının iddialarına cavab

Elçin Mirzəbəyli

Bəlkə də Krımın ilhaqı baş verməsəydi, SSRİ-nin süqutunun 20 illiyi ərəfəsində Rusiyanın siyasi dairələri və rus mediası tərəfindən başlanılan siyasi-ideoloji hərəkat sıradan bir kampaniya kimi unudulacaq, yaxud əhəmiyyətsiz bir gediş kimi diqqətdən kənarda saxlanılacaqdı.
Lakin Ukraynada baş verən hadisələr və Krımın stimulluaşdırılmış separatizm və məxməri hərbi müdaxilə yolu ilə ilhaq edilməsi rus imperializminin nə qədər təhlükəli olduğunu və bu təhlükənin heç zaman, hətta SSRİ-nin süqutu prosesində belə öz hiyləgər mahiyyətini qoruyub saxladığını üzə çıxardı.
Krımda baş verən hadisələr müstəvisində öncə diktator Putin, sonra isə imperiyanın tutuquşu siyasətçiləri və mediası SSRİ-nin süqutu prosesinin qanunsuz olaraq həyata keçirildiyini iddia etməyə başladılar. Daha bir iddia isə SSRİ-nin müttəfiq respublikalarının tərkibində olan muxlar respublika və vilayətlərlə bağlı irəli sürüldü. Guya SSRİ Konstitusiyasına görə muxtar respublikaların və vilayətlərin müttəfiq respublikaların iradəsindən kənar hüquqi aktlar qəbul etmək və hətta referendum keçirmək səlahiyyətli olub. Bu baxımdan da, onların, yəni muxtar respublika və vilayətlərin SSRİ-nin tərkibindən müttəfiq respublikalar ilə birlikdə çıxması qeyri-qanunidir. Təbii ki, bu iddia rus imperialist düşüncəsinin ənənəvi həyasızlığının növbəti nümunəsi kimi qəbul olunmalıdır.
Amma mən Jirinovski kimi bir alçağın və şərəfsizlik simvolunun vitse spiker olduğu bir ölkənin siyasi idarəçiləri tərəfindən irəli sürülən iddialara çığır-bağırla cavab verməyəcəyəm. Çünki ortalıqda hüquqi faktlar var və bu faktlar Rusiya üçün indiki mərhələdə heç bir əhəmiyyət kəsb etməsə də tarix üçün mühüm önəm daşıyır.
Beləliklə, hüquqi faktlara diqqət yetirək:
1976-cı ildə qəbul edilmiş son SSRİ Konstitusiyasının 70-ci maddəsində SSRİ-nin bərabərhüquqlu sovet sosialist respublikaları tərəfindən yaradılmış federal dövlət olduğu vurğulanır və bu müddəada müttəfiq respublikalarla yanaşı muxtar respublika və vilayətlərin adları çəkilmir. SSRİ Konstitusiyasının 72-ci maddsində isə qeyd olunur ki, "hər bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən azad şəkildə çıxmaq hüququ saxlanılır". Göründüyü kimi bu müddəada da muxtar respublika və vilayətlər haqqında bircə kəlmə də yoxdur.
SSRİ Konstitusiyasının 78-ci müddəasında bildirilir ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Lakin eyni prinsip muxtar respublika və vilayətlərə şamil edilmir. SSRİ Konstitusiyasına görə, muxtar respublika və yaxud vilayətin qəbul etdiyi qərarlar müttəfiq respublikanın qanunverici aktları ilə təzad təşkil etdikdə o zaman müttəfiq respublikanın qərarları əsas götürülür. Bir məqama da xüsusi diqqət çəkməyi özümə borc bilirəm. SSRİ Konstitusiyasında muxtar respublikalara müəyyən hüquqlar verilsə də bu hüquqlar heç bir halda muxtar vilayətlərə şamil olunmur. Muxtar vilayət haqqında qanunu belə SSRİ Ali Soveti deyil, Muxtar Respublikanın Ali Soveti həll edir. Bu baxımdan, hazırda Ermənistanın işğalı altında olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt mərkəzdənqaçma hüququna sahib olmayıb və onun statusu müttəfiq respublikanın ərazisinə daxil olan digər ərazi subyektlərindən bir o qədər də fərqlənməyib.
Bu isə o deməkdir ki, Kreml ideoloqlarının və onların ruporlarının iddialarına rəğmən muxtar respublikaların tərkibində olduqları müttəfiq respublikaların müstəqil şəkildə SSRİ-nin tərkibində qalmaq barədə qərar qəbul etmək səlahiyyəti olmayıb. Bu müstəvidə muxtar vilayətlər barədə söz açmağa belə ehtiyac duymuram.
İndi gələk Putinin və qulbeçələrinin müttəfiq respublikaların SSRİ-dən ayrılması ilə bağlı prosesin qanunsuzluğu ilə bağlı iddialarına...
Yuxarıda qeyd etdiyim kimi SSRİ-nin sonuncu Konstitusiyası 1976-cı ildə qəbul olunub. Sənəd bir neçə dəfə əlavə və dəyişikliklərə məruz qalıb. Sonuncu - 1990-cı ildə edilən dəyişiklik isə SSRİ prezidenti və icra hakimiyyətləri institutunun yaradılması ilə bağlı olub. 1976-cı ildən sonra SSRİ Konstitusiyasına edilən dəyişikliklərdə qanunun əsas, xüsusilə də bu yaxıda iqtibas gətirilən müddəalarına toxunulmayıb.
SSRİ Konstitusiyasında müttəfiq respublikaların azad şəkildə ittifaqdan çıxmaq hüquqları təsbit olunsa da bu hüququn həyata keçirilməsi mexanizmi konkret müddəada yer almayıb. Lakin Konstitusiyanın 5-ci müddəasında qeyd olunur ki, "dövlət həyatının daha vacib məsələləri ümumxalq müzakirəsinə çıxarılır".
Bunu əsas götürərək, 1990-cı il aprelin 3-də SSRİ Ali Soveti "Müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxması məsələlərinin həlli haqqında" xüsusi qanun qəbul edib və bu qanunun əsas məqsədi nəyin bahasına olursa olsun SSRİ-ni qoryub saxlamaqdan ibarət olduğu üçün onun Konstitusiyanın təməl prinsiplərilə ziddiyyət təşkil etməsi nəzərə alınmayıb. SSRİ Konstitusiyasının 5-ci maddəsinə görə, dövlət həyatının bütün vacib məsələləri ümumxalq səsverməsinə (referendum) çıxarılmalıdır. Bu səbəbdən, SSRİ Ali Soveti heç bir halda müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxması barədə xüsusi qanunla bu prosesi tənzimləmək hüququna malik deyildi. Bu qanun Konstitusiyada qeyd olunduğu kimi "dövlət həyatının vacib məsələsi" olduğu üçün - söhbət İttifaqın taleyindən gedir - mütləq ümumxalq səsverməsinə çıxarılmalıydı. Məhz bu hüquqi məntiqdən çıxış edilərsə, SSRİ Ali Sovetinin qəbul etdiyi" Müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxması məsələlərinin həlli haqqında" xüsusi qanun antikonstitusion sənəd sayılmalıdır.
SSRİ Ali Sovetinin qəbul etdiyi "Müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxması məsələlərinin həlli haqqında" xüsusi qanunda müxtar respublika və vilayətlərlə bağlı yer alan müddəalar isə SSRİ Konstitusiyasının 78, 79, 86 və 88-ci müddəaları ilə ziddiyyət təşkil etdiyi üçün heç bir halda hüquqi təsir qüvvəsinə malik ola bilməzdi.
Göründüyü kimi, SSRİ-ni bərpa etmək kimi absurd bir iddiada bulunan Kreml ideoloqlarının arqumentləri cəfəngiyyatdan başqa bir şey deyil.
Amma yenə də tarix üçün başqa bir məsələyə - SSRİ-nin saxlanılması ilə bağlı Ayaz Mütəllibovun "keçirdiyi" saxta referenduma toxunmaq istəyirəm. Xatırladım ki, Moskvadan idarə olunan saxta refendum yalnız Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikstan, Türkmənistan və Azərbaycanda "keçirilmişdi". Öz müstəqilliklərini referendumdan öncə elan edən Litva, Latviya, Estoniya, Gürcüstan, Moldova və hətta Ermənistanda da... referendum təşkil olunmamışdı.
Təbii ki, Mütəllibov referendumunun heç bir hüquqi qüvvəsi olmayıb və olmayacaq da! Azərbaycan xalqı öz müstəqilliyini elan edib, müstəqil dövlətin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul olunub və bu da faktiki olaraq Azərbaycan xalqının müstəqil yaşamaq istəyinin siyasi və hüquqi göstəricisidir. Dövlətimiz beynəlxalq birliyin bərabərhüquqlu üzvüdür və bu gerçəkliyin əbədiyyətə qədər dəyişməyəcəyinə əminəm.
Eyni zamanda ona da əminəm ki, Kreml tutuquşuları nə zamansa "Mütəllibov referdumu"nu da gündəmə gətirəcək, Azərbaycan xalqının əsəbləri ilə oynamağa çalışacaqlar. Hər halda buna da hazır olmaq lazımdır...