“Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik” Hadisə

“Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik”

"Orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacaq".


"ABŞ Konqresinə təqdim edilən layihədə guya Azərbaycanda avdventistlər, baptistlər, protestantlar, Yeqova şahidləri və digərlərinin hüquqlarının pozulduğu iddia olunur. Bu, tamamilə yalandır, layihə qərəzlidir".
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məqsəd Azərbaycana təsir göstərməkdir: "Bu, alınmayacaq. Bu məsələdə erməni lobbisinin də barmağı var. Layihədə qeyd olunan dini icmalar Azərbaycanda qeydiyyatdan keçib, təkrar qeydiyyatdan keçməsələr də, fəaliyyətlərinə heç bir maneə yoxdur, yenə fəaliyyət göstərirlər. Hətta onlara dini icmalara ayrılan vəsaitdən də yardım ayrılıb. İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək. Belə hallar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir".
Mübariz Qurbanlı radikal dini cərəyanlarla bağlı məsələyə də münasibətini açıqlayıb. O qeyd edib ki, dinlərdən siyasi məqsədlər üçün istifadə edildikdə, radikal cərəyanlar yaranır".
Mübariz Qurbanlı Azərbaycanda dini icmalar arasında ziddiyyətlər olmadığını vurğulayıb. O qeyd edib ki, ölkədə əhalinin 96 faizi müsəlman olsa da, heç də hamı islamın vacib şərtlərini yerinə yetirmir: "Bu şərtləri yerinə yetirmək üçün dövlətin qanunlarında məcburedici normalar yoxdur. Amma Səudiyyə Ərəbistanında dövlət səviyyəsində məcburedici tələblər var. Əgər Səudiyyə Ərəbistanında orucluq ayında yemək yediyinizi görsələr, polis sizi cəzalandırar. Bizdə isə könüllülük prinsipi mövcuddur. Eyni zamanda islamın vacib şərtlərini yerinə yetirən, oruc tutan, namaz qılanı da heç kəs cəzalandıra bilməz".
Onun sözlərinə görə, 1990-cı illərdə bəzi dairələr qaçqın və məcburi köçkünlərə yardım etməklə bərabər, Azərbaycanda məscidlər tikib və müəyyən təbliğati işlər aparıblar: "Azərbaycanda ənənəvi şiəliyin müxtəlif mərasimlərini radikal şiəliyin mərasimləri səviyyəsinə qaldırmaq istəyiblər. Məsələn, İmam Hüseynin əzadarlığı əvvəllər də keçirilib. İndi bunu güc nümayişi adı altında etmək niyyətlərini görməkdəyik. Əvvəllər xarici ölkələrdən hətta nümayəndələr gəlib, bunu idarə edirdilər. Bu, təhlükəli idi. Hətta Nardaranda İmam Hüseynin əzadarlıq mərasimlərini xarici ölkələrdən gələnlər idarə edir, belə mərasimlər zamanı ayrı-ayrı bayraqlardan istifadə edilir, xüsusi dəstələr olurdu. Dövlət, hökumət bu cür məsələlərə biganə qala bilməzdi".
Mübariz Qurbanlı Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha xatırladıb: "Nardaran hadisələrində müəyyən qüvvələr Azərbaycanın dünyəvi dövlət idarəçiliyinə zidd əməllər nümayiş etdirirdilər. Harada görünüb ki, seçki yolu ilə formalaşmayan qurumlar bütöv bir kəndin adından çıxış etsin? Yalnız Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fətva verə bilər. Həm də bu fətva tövsiyə xarakteri daşıyır, əməl etməyə də bilərsən. Ancaq qanunlara mütləq əməl edilməlidir. Ona görə də Nardarandakı hadisələrə həm siyasi, həm ideoloji müstəvidə mütləq cavab verilməlidir".

Mübariz Qurbanlı Qubada bir gəncin iki əlinin kəsilməsi hadisəsinə də toxunub: "Deyirlər ki, guya borcu olub. Ancaq bunun özü də bir vəhşilikdir. Belə halların qarşısı alınmalıdır. Ölkəmiz dinə yox, dini xurafata qarşıdır. Dahi mütəfəkkirlərimiz Axundov, Nərimanov, Cavid və digərləri xurafata qarşı mübarizə aparıb. Dini xurafat bizi geriyə, dini radikalizm isə daha dəhşətli yerə aparır. Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik. Bu gün Suriyanı görürsünüz. Radikal dini cərəyanların mübarizəsi ölkəni nə vəziyyətə qoydu? Oranı bombalamayan böyük dövlət qalmayıb. Buna görə də gənclərimiz ayıq-sayıq olmalıdır".
Komitə sədri Ermənistandakı qədim məscidlərin Azərbaycan məscidləri olduğunu bəyan edib.
Mübariz Qurbanlı deyib ki, Ermənistan mono dövlətdir: "Ermənistan Göy məsciddən təbliğat vasitəsi kimi istifadə etməyə çalışır. Qeyd etmək istəyirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri İrəvanda olarkən Göy məscidə də baş çəkiblər. O məscidə baxan da ermənidir, islam dininə mənsub şəxs deyil. Ermənistan bütövlükdə türkçülüyə, islama düşməndir. Ermənistanın Göy məscidlə bağlı İranla apardığı müzakirələr gözdən pərdə asmaq üçündür".
Mübariz Qurbanlı orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacağını xatırladıb. O, deyib ki, orta məktəblərdə "Həyat Bilgisi" dərsliyində dinlər barədə məlumat verilir: "O cümlədən ədəbiyyat və tarix dərslərində də bu barədə məlumatlar var. Belə bir fikir vardı ki, 10-cu sinifdə bir rüb ərzində dinlə bağlı dərs keçirilsin. Sonradan qərara alındı ki, bunun əvəzində həmin dərsliklərdə dinlə bağlı xüsusi olaraq, dində yaranmış müxtəlif cərəyanlar, radikal qruplar haqqında məlumatlar geniş şəkildə verilsin. Bu variant üzərində dayanılıb".