Ötən Azərbaycandan Avropa Məhkəməsinə 325 şikayət verilib Hadisə

Ötən Azərbaycandan Avropa Məhkəməsinə 325 şikayət verilib

Ramiz Rzayev: "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir"
"Son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasından, məhkəmə sisteminin daha da təkmilləşdirilməsindən, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasından ibarətdir. Bu tədbirlər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir".
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev "Azərtac"a müsahibəsində deyib.
R. Rzayev qeyd edib ki, bu məqsədlə artıq bir neçə ildir ki, hakimlər, hakim köməkçiləri və məhkəmə katiblərinin iştirakı ilə Ali Məhkəmədə hər həftənin ikinci günü keçirilən seminar-məşğələlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin milli məhkəmə təcrübəsi üçün aktual olan qərarlarının təhlili aparılır: "Daha sonra belə qərarlar müvafiq tövsiyələr ilə aşağı instansiya məhkəmələrinə nəzərə alınması üçün göndərilir. Bundan əlavə, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur. Bundan irəli gələn təşkilati məsələlərin həll edilməsi və Konvensiyanın ayrı-ayrı normalarının şərhinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinin təhlil edilməsi, ölkəmizlə bağlı qərarlarında əks olunan hüquqi mövqelərin (presedentlərin) öyrənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq standartların digər dövlətlərin məhkəmə təcrübəsində rolunun araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən onlara Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi ilə əlaqədar yardım göstərilməsi məqsədilə Ali Məhkəmədə ötən ildən etibarən İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir".
Ramiz Rzayev bildirib ki, əsas məqsəd qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir: "Mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq".
Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində təqribən 100 minə yaxın işin icraatda olduğunu bildirən Ali Məhkəmə sədri bu şikayətlərin yarısından çoxunun cəmi 4 ölkənin payına düşdüyü deyib: "Rusiya, İtaliya, Ukrayna və Serbiya. Əgər Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunub. Əhalisi Azərbaycan əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisədə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209, 990, 726 şikayət daxil olduğu halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub".
Ali Məhkəmənin sədri, bu işlərə baxılan zaman qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusunun aşkar olunduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilib: "Ümumiyyətlə, çıxarılmış 8 qərardan altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Qeyd etmək istərdim ki, bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub. 2012-ci ilin rəqəmləri ilə müqayisədə daha az pozuntu qeydə alınıb. Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərə çarpacaq dərəcədə yaxşılaşıb".