Daxili Qoşunların Ali Hərbi Məktəbinə sənəd qəbuluna başlanıb Hadisə

Daxili Qoşunların Ali Hərbi Məktəbinə sənəd qəbuluna başlanıb

Dünəndən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlərin ərizə və sənədlərinin qəbuluna başlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.

Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış hərbi-həkim və mandat komissiyalarından, Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş fiziki hazırlıq normativləri üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 6 dəfə; 100 metr məsafəyə qaçış - 15 saniyə, 1000 metr məsafəyə qaçış - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılıb endirilməsi - 18 dəfə, döşəmədən gövdənin qaldırılıb endirilməsi - 18 dəfə).
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə 4-cü ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Ali Hərbi Məktəbə qəbul üçün namizədlər Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) sənədləri şəxsən təqdim etməlidirlər.
Ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək. Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.