Mətbuat Şurasında saytlarla bağlı şikayətlərə baxılıb Hadisə

Mətbuat Şurasında saytlarla bağlı şikayətlərə baxılıb

Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya gündəliyə 5 məsələnin salınmasını məqbul hesab edib.
Öncə Yasamal Rayon İcra Hakimiyyətinin "Qaynar.info" saytında bu qurumla bağlı gedən yazılarla əlaqədar müraciətinə baxılıb. Komissiya məsələnin mahiyətində ictimaiyyətin daha dolğun məlumatlandırılması üçün bəzi məqamlara aydınlıq gətirilməsini vacib hesab edərək Mətbuat Şurasının və hər iki qurumun təmsilçilərindən ibarət komissiya yaradılmasını məntiqi sayıb.
Komissiya iclasda "Reportyor.org" və Aktualxeber.info" saytlarının fəaliyyətlərində "reket jurnalistika"ya xas cəhətlərin özünü qabarıq biruzə verdiyi qənaətinə gəlib. Belə ki, ölkə hüdudlarından kənarda qeydiyyatdan keçən "Reportyor.org" bunu peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətləri üçün sərbəst fəaliyyət göstərməyə imkan kimi dəyərləndirib. Belə qeyri-etik yanaşma Mingəçevir Şəhər İcra Hakimiyyəti barədə son vaxtlar yayımlanan, əsası olmayan materiallarda ifadəsini tapıb. Komissiya rəyə gəlib ki, saytın rekvizitlərinin, hətta elektron poçtunun göstərilməməsi də buna xidmətin əlamətləridir.
"Aktualxeber.info" barədə isə belə ölçü götürülməsi ondan irəli gəlib ki, sayt insanların şərəf və ləyaqətinin təhqirini, işgüzar nüfuzunun ifrat şəkildə aşağlanmasını Zaqatala şəhər 2 nömrəli tam orta məktəbinin şikayətini doğuran yazıda qabarıq şəkildə nümayiş etdirib. Bu kütləvi informasiya vasitəsinin rəhbərliyi iclasda iştirak edib həmin məqamlara aydınlıq gətirmək əvəzinə müzakirədən yayınmağı üstün tutub.
Komissiya Xaçmaz rayonunun Armudpadar kənd sakini Qərənfil Abasovanın "Vəkilin səsi" qəzeti barədə şikayəti ilə əlaqədar araşdırmaların davam etdirilməsi barədə də rəy çıxarıb.
Dünən Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası da iclası keçirib. Komissiyanın sədri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. "Belə məsələlərin sayı 30-dur" - deyən Vüqar Rəhimzadə bunların beşinin Şuranın Şikayətlər üzrə Komissiyasından, digərlərinin MŞ Katibliyi tərəfindən ünvanlandığını vurğulayır.
Öncə MŞ-nin Şikayətlər üzrə Komissiyasının təqdimatları müzakirə olunub. Qeyd edilib ki, bu kütləvi informasiya vasitələrindən ikisinin fəaliyyətlərində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsip və bəndlərindən irəli gələn tələblərə aşkar sayğısızlıq nəzərə çarpmaqdadır. Belə ki, "Reportyor.org" və Aktualxeber.info" saytlarının fəaliyyətlərində "reket jurnalistika"ya xas cəhətlərin özünü qabarıq biruzə verir. Ölkə hüdudlarından kənarda qeydiyyatdan keçən "Reportyor.org" peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətləri davam etdirməkdədir. Belə qeyri-etik yanaşma Mingəçevir Şəhər İcra Hakimiyyəti barədə son vaxtlar yayımlanan, əsası olmayan materiallarda ifadəsini tapıb. Saytın rekvizitlərinin, hətta elektron poçtunun göstərilməməsi də buna xidmətin əlamətləri hesab olunub.
"Aktualxeber.info" barədə isə belə ölçü götürülməsi ondan irəli gəlib ki, sayt insanların şərəf və ləyaqətinin təhqir edib, işgüzar nüfuzunun ifrat şəkildə aşağılayıb.
Komissiya digər şikayətlər barədə də müvafiq rəylər qəbul edib.