Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndiriləcək Hadisə

Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndiriləcək

Milli Məclisdə bu məsələylə bağlı müzakirə aparılacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" konstitusiya qanunu layihəsi müzakirəyə çıxarılıb.
Sənədi layihənin müəllifi deputat RəfaelCəbrayılov təqdim edib.
O bildirib ki, layihəyə əsasən Konstitusiya Məhkəməsinə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair çıxardığı qərarların icrasının mümkünlüyünün müəyyənləşdirilməsi ilə bağlı yeni səlahiyyət verilir. Layihə Konstitusiyanın 130-cu maddəsinə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi) istinadən hazırlanıb.
R. Cəbrayılov qeyd edib ki, bu təcrübə bir sıra dövlətlərdə var və bu, Azərbaycanın konstitusion hüququdur: "Çox təəssüf ki, ilk günlərdə mətbuatda bu layihə olduqca yanlış təqdim olunub. Guya, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina edirik. Tamamilə yanlış təqdimatdır. Bu o demək deyil ki, biz Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina edirik. Biz sadəcə ikili standartlara qarşı hüquqi imkanlarımızı rəsmiləşdiririk. Artıq hansısa təşkilat haqqımızda qərar çıxaranda, onun icrasının mümkün olub-olmamasını nəzərdən keçirmək üçün Konstitusiya Məhkəməsi səlahiyyət əldə etmiş olacaq".
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.