QHT mediada etik durumu monitorinq edəcək Hadisə

QHT mediada etik durumu monitorinq edəcək

Aqil Camal: ""Bəzi media qurumları maarifçi missiyasını unudaraq, fəaliyyətlərini yalnız "oxunaqlı xəbər" siyasəti üzərində qururlar"

"Ortaq Dəyərlər" İB-I yeni layihəyə start verib

"Ortaq Dəyərlər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihənin icrasına start verib. "Media azadlığı və ictimai məsuliyyət – Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində maarifləndirmə işi" adlı layihənin məqsədi məqsədi kütləvi informasiya vasitələrində özünü göstərən, qeyri-etik, milli-mənəvi dəyərlərimizə yönəlmiş halların da olsa aradan qaldırılmasına yardımçı olmaqdır.
"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, hazırkı dövrdə Azərbaycan mediasında özünü göstərən bir sıra tendensiyalar, medianın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini, milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində vəzifələrini kölgədə qoyur: "Bəzi media qurumları, jurnalistlər cəmiyyət qarşısında ictimai məsuliyyətini, maarifçi missiyasını unudaraq, fəaliyyətlərini yalnız "oxunaqlı xəbər" siyasəti üzərində qururlar. Bunun da mənfi fəsadları cəmiyyət həyatında müxtəlif formalarda büruzə verir".
İB rəhbəri bildirib ki, layihə çərçivəsində mövzu ilə bağlı tanınmış ziyalıların, media ekspertlərinin fikirləri əsasında müsahibələr, məqalələr hazırlanacaq. Həmçinin, layihə müddətində 10 qəzet, 5 sayt və 5 yerli televiziya kanalında monitorinq aparılacaq. Monitorinq nəticəsində milli mənəvi dəyərləri, etik normaları qoruyan və qorumayan media qurumları müəyyənləşdirilərək ictimaiyyətə elan ediləcək.
Sonda isə monitorinq nəticəsində milli mənəvi dəyərlərə sayğı ilə yanaşan, daha çox etik normaları gözləyən 3 media qurumu – 1 qəzet, 1 sayt və 1 televiziya hədiyyə və diplomla təltif olunacaq.